Komanda Xorvatiyanın “Hayduk” kollektivinin qonağı olub. Split şəhərində yerləşən “Polyud” stadionunda keçirilən görüşdə hesabı 19-cu dəqiqədə meydan sahibləri açıblar. Üstəlik, 77-ci dəqiqədə “Zirə”nin heyətində Quima qırmızı vərəqə alıb. Azlıqda qalmasına baxmayaraq, Rəşad Sadıqovun yetirmələri hesabı bərabərləşdirməyə müvəffəq olublar. 90+3-cü dəqiqədə İssa Cibrilla fərqlənib.
Bir həftə əvvəl Bakıda keçirilən matçda olduğu kimi, Splitdəki görüşün də əsas vaxtı 1:1 hesabı ilə yekunlaşdığından, əlavə vaxt oynanılıb. “Hayduk” 95-ci dəqiqədə vurulan qol sayəsində 2:1 hesablı qələbə qazanıb. “Zirə” iki oyunun cəmində 2:3 hesabı ilə məğlub olaraq avrokuboklarda mübarizəni dayandırıb.