16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən Xanlar Əliyev Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilən oyundan (2:4) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:
“İki ay əvvəl bu rəqiblə Tbilisidə qarşılaşmışdıq. Gürcüstan yığmasını yaxşı təhlil etmişdik və hazırlıqlarımızı buna uyğun qurmuşduq. Birinci hissədə planımız uğurlu keçdi, 2 qol vurduq. Hətta üçüncü qolu da vura bilərdik. Komanda mübariz oyun sərgilədi, xarakter göstərdi”.
Xanlar Əliyev turnir çərçivəsində baş tutan oyunların komandanın inkişafına təkan verəcəyini söyləyib: “Nəzərə alaq ki, bu komanda 10 gündür bir aradadır. Bu müddətdə fiziki hazırlığı qaydasına salmaq mümkün deyil. Üstəlik, bəzi futbolçular millidə debüt edirdilər. Taktiki məşqlər etdik, rəqiblərin oyun üslubuna uyğun hazırlaşdıq. Bütün futbolçulara şans verə bildik, hamısını görmək imkanımız oldu. Bu turnir payızda baş tutacaq Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyırdı. Bu kollektiv gələcəyə böyük ümid verir. Qarşıdakı seçmə mərhələyə hazırlaşmaq üçün kifayət qədər vaxtımız var”.