Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi və mətbuat konfransı keçirilib. “Hilton” hoteldə təşkil olunan tədbirdə AFFA-nın icraçı vitse-prezidenti, rəsmiləri və media nümayəndələri iştirak ediblər.
Sərxan Hacıyev çıxışında portuqaliyalı mütəxəssisin bir neçə milli komandada uğurlu nəticələr əldə etdiyini bildirib: “Fernandu Santuş dünyaca məşhur məşqçidir və bir sıra nailiyyətlər əldə edib. Yunanıstan yığmasında öz layihəsini həyata keçirərək komandanı 2014-cü ildəki dünya çempionatına daşıyıb. Həmçinin 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionluğunu qazandırıb. Məğlubiyyəti qəbul etməyən mütəxəssisdir. Bu kimi bəzi məqamlar qərar verilərkən İcraiyyə Komitəsi tərəfindən nəzərə alınıb. Tərəflər arasında qarşılıqlı etimad var. Uğurlu əməkdaşlıq olacağına və uzunmüddətli perspektivdə müsbət nəticələr əldə ediləcəyinə inanırıq. Əsas məqsəd AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etməkdir”.
Fernandu Santuş da öz növbəsində Azərbaycan milli komandası ilə uğur qazanacağına inandığını söyləyib: “Mənə etimad göstərildiyi üçün AFFA-ya təşəkkür edirəm. Təqdim edilən layihə qərar verməyimdə önəmli rol oynadı. Rəhbərlik həmin layihəni həyata keçirəcəyimə inandığı üçün bu gün buradayam. Hamınızın dəstəyi ilə hədəflərimizə çatacağımıza ümid edirik. Uğurlu iş görmək üçün gəlmişik. Böyük turnirlərin final mərhələlərinə qatılmaq üçün çalışacağıq. Məqsədimiz 2028-ci ildəki Avropa çempionatına vəsiqə qazanmaqdır. Bu layihəni reallaşdırmaq üçün ailəmizlə birlikdə Azərbaycanda yaşayacağıq. Azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq”.
Qeyd edək ki, Fernandu Santuşla müqavilənin müddəti “3+1” illikdir.