AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Cəlilabad, Masallı, Astara, Lənkəran, Lerik və Yardımlı üzrə “Məktəbli Kuboku” turnirinə start verilib.
Açılış mərasimlərinin ardından ilk oyunlar keçirilib. Yarışlarda 7-ci sinif oğlanlar, 5-ci sinif oğlan və qızlar olmaqla ümumilikdə 163 məktəbin 363 komandası qüvvəsini sınayacaq.
Daxili birinciliklər başa çatdıqdan sonra hər üç qrup üzrə çempion komandalar rayonlarını bölgə yarışlarında - Regional finallarda təmsil edəcəklər.
Qeyd edək ki, “Məktəbli Kuboku” turnirinin təşkilində əsas məqsəd məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və uşaqlarda komanda ruhunun formalaşmasına töhfə verməkdir. Layihə çərçivəsində ölkənin bütün bölgələrində məktəblər arasında yarışlar keçiriləcək, qaliblər respublika birinciliyində qüvvələrini sınayacaqlar.