az en

Bakıda top festivalı

Top festivalı keçirildi 
 
Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»nın müddəalarına uyğun olaraq, AFFA ilə Makdonalds arasında imzalanmış müqaviləyə əsasən, 2007-ci il dekabrın 16-da Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 19/59 (Makdonaldsın qarşısı) ünvanında «Top festivalı» keçirildi. Festivalda 151 uşaq iştirak edirdi. Tədbiri ANS TV-nin əməkdaşı Asif Bağırov aparırdı. O, tədbiri açıq elan edərək dedi ki,  bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkəmizin idman həyatında bir ilkə imza ataraq Makdonaldsla birgə yeni layihəsini təqdim edir. Söhbət hamımızın bu gün bürada toplaşmağımıza səbəb olan «Top festivalı»ndan gedir. Festivalın təşkilatçılarının partnyorları «Standard İnsurance», «HYUNDAİ Auto Azerbaijan», «Pro Futbol» və «AF Hotel Aqua Park Komplex», media dəstəkçiləri isə ANS televiziyası, «Futbol dünyası» qəzeti və azersport.com idman portalıdır. Biz bu gün uşaqların topla gözəl davranışlarının şahidi olacağıq və əminik ki, tədbirimiz yüksək bayram əhval-ruhiyyəsində keçəcək.
 
AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək bildirdi ki, bu layihəni həyata keçirməkdə əsas məqsəd Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»nın tələblərinin yerinə yetirilməsi, istedadlı uşaqların üzə çıxarılması, onların sağlam həyat tərzinə – idmana istiqamətlənməsinə nail olmaqdır. Ümidvarıq ki, «Top festivalı» qeyd etdiyimiz məqsədlərə çatmığımızda əhəmiyyətli rol oynayacaq və ənənə halını alacaq. Festivalın hər bir iştirakçısına uğurlar arzulayıram.
 
Sonra Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri, Uşaq və Gənclər futbol federasiyasının prezidenti Mirkamil Rəhimov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək ölkədə uşaq futbolunun inkişafı naminə belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğuladılar.
 
Çıxışlardan sonra Asif Bağırov münsiflər heyətini təqdim etdi. Azərbaycanın əməkdar məşqçisi Səyavuş İbrahimov, milli komandanın futbolçusu Fərhad Vəliyev, veteran futbolçu, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev, veteran futbolçu Oqtay Abdullayev, ictimaiyyətin nümayəndəsi Bəhram Bağırzadə və Murad Dadaşov münsiflər heyətinin üzvü kimi festivalda iştirak edən uşaqların çıxışına qiymətləndirdilər.
Yarışın qaydaları barədə ətraflı məlumat vermək üçün Səyavuş İbrahimov çıxış etdi və bildirdi ki, 3 dəqiqə ərzində rəqiblərinə nisbətən daha çox top çiləyən iştirakçılar növbəti mərhələyə adlayacaqlar. Növbəti mərhələdə də qaliblər eyni qaydada müəyyən olunacaq və sonda daha çox top çiləmiş iştirakçılar I, II və III pilləyə sahib çıxacaqlar.
 
Bundan sonra festivalın iştirakçıları arasında yarış başlandı. Fasilədə isə müğənni İradə İbrahimova populyar mahnılarını ifa etdi. 
 
1994-cü il təvəllüdlü Pərviz Mütəllimov 3-cü, 1993-cü il təvəllüdlü Məmməd Xəlilov isə 2-ci yeri tutdular. Birinci pillənin sahibi isə 1996-cı il təvəllüdlü Rəhman Şabanov oldu.
 
Yarış başa çatdıqdan sonra qaliblərə mükafatlar təqdim olundu. AFFA prezidenti səlahiyyətlərinin icraçısı Elşad Nəsirov, baş katib Elxan Məmmədov və milli komandanın qapıçısı Fərhad Vəliyev, o cümlədən Makdonaldsın və «HYUNDAİ Auto Azerbaijan»ın nümayəndəsi mükafatları təqdim etdilər.
 
Tədbirin sonunda AFFA tərəfindən festivalın bütün iştirakçılarına futbol maykaları və top hədiyyə olundu.
Baş Sponsor 
Partnyorlar