az en

Gəncədə top festivalı

Respublika Prezidenti İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq ölkəmizdə futbolun kütləviliyinin təmin olunması, istedadlı gənclərin üzə çıxarılması, onlara lazımi şəraitin yaradılması, təbliğatın genişləndirilməsi və uşaq futbolunun dirçəldilməsi məqsədi ilə AFFA müxtəlif layihələr həyata keçirir. Assosiasiya ilə «MakDonalds» şirkətinin birgə layihəsi çərçivəsində 2007-ci il dekabrın 16-da Bakıda keçirilən «Top festivalı»ndan sonra analoji tədbirlərin regionlarda da təşkil edilməsi qərara alındı. Beləliklə, AFFA ilə «HYUNDAİ Azərbaycan» şirkətinin təşkilatçılığı və Gəncə şəhər İcra Hakimiyyətinin köməkliyi sayəsində belə bir tədbir bu gün saat 12.00-dan 14.00-a qədər Gəncə şəhərindəki Heydər Əliyev adına meydanda keçirildi. 14 yaşadək uşaqlar arasında keçirilən bu tədbirdə nəinki Gəncəni, o cümlədən respublikamızın müxtəlif regionlarını təmsil edən 270-ə qədər uşaq iştirak edirdi. ATV-nin idman şərhçisi Sənan Şəfizadənin aparıcısı olduğu tədbirdə ilkin olaraq AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, ölkəmizdə futbolun inkişafı üçün kompleks tədbirlərin keçirilməsi vacibdir. Belə tədbirlərdən biri də bu gün Gəncə şəhərində keçirilən «Top festivalı»dır. Bu cür ləyihələrin həyata keçirilməsində əsas məqsədlərdən biri istedadlı gənclərin aşkarlanması və onlara AFFA tərəfindən lazımi qayğının göstərilməsidir. Bildiyiniz kimi, «Top festivalı»nın ötənilki qalibi Rəhman Şabanov hazırda assosiasiyanın hesabına Ukraynanın «Arsenal» klubunun uşaq komandasında təhsil alır. Turnirin hər bir iştirakçısına uğurlar arzulayıram. 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini Akif Ələkbərov belə bir təşəbbüslə çıxış etdiyinə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirdi və tədbirin tarixi ənənələri olan Gəncə futbolu üçün mühüm hadisələrdən biri hesab etdiyini söylədi. AFFA-nın vitse-prezidenti və Milli Məclisin deputatı Rauf Əliyev «Top festivalı»nı ölkə rəhbəri tərəfindən imzalanan futbolun inkişafına dair Dövlət Proqramının lazımi şəkildə həyata keçirilməsinin əyani təzahürü kimi dəyərləndirdi. Qeyd olundu ki, ölkədə futbolun inkişafı üçün lazımi şərait yaradılıb və göstərilən qayğı sayəsində, eləcə də AFFA-nın təşkilatçılığı ilə bu cür tədbirlər həyata keçirilir. Biz «Top festivalı»nın ənənəvi xarakter daşıyacağını, ölkəmizin bütün regionlarını əhatə edəcəyini bildirir və hər bir istedadlı gəncə lazımi köməklik göstərməyə çalışacağımıza söz veririk.

Rəsmi açılış mərasimindən sonra münsiflər heyətinin aşağıdakı tərkibdə müəyyənləşdirildiyi yarış iştirakçılarının diqqətinə çatdırıldı:

Novil İsmayılov-Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi – SSRİ İdman ustası, Respublikanın əməkdar məşqçisi
Müzəffər Qasımov-Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi
Zahid Əsgərov- Qərb Regional Futbol Federasiyasının prezidenti
Rauf Əliyev-AFFA-nın vitse-prezidenti,Milli Məclisin deputatı
Akif Ələkbərov-Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini
Məhəmməd Məmmədov -hakim-inspektor, yarışın ədalət təmsilçisi 

Festivalın şərtləri iştirakçıların nəzərinə çatdırıldıqdan sonra meydança uşaqların ixtiyarına verildi. Şəhərdə böyük rezonansa səbəb olan tədbirdə iştirak edənləri müğənni Səidə Sultanın ifa etdiyi müxtəlif səpkili mahnılar daha da şənləndirdi.

Festivalın reqlamentinə uyğun olaraq, sonda müəyyənləşən üç qalib – Sərxan Nuriyev, Sərxan Zeynalov və Cabbar Məmmədov birinci yer uğrunda mübarizəyə qoşuldu. Daha yüksək məharət nümayiş etdirən 127 sıra nömrəli Sərxan Nuriyev «Top festivalı»nın qalibi oldu. Qalibləri mükafatlandırma mərasimində çıxış edən Milli Məclisin deputatları Rauf Əliyev, Vidadi Məmmədov və Asəf Hacıyev tədbirin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara dərin minnətdarlıqlarını bildirdilər. Sonda qaliblərə AFFA və «HYUNDAİ Azərbaycan» şirkəti tərəfindən hədiyyələr verildi.

Qeyd: «Top festivalı» ilə bağlı fotoreportaj,iştirakçıların və qalibin fikirləri saytda yerləşdiriləcək.
Baş Sponsor 
Partnyorlar