az en
Bizim prioritetlər / Təhsil / PRO İMTAHANLARI / PRO kateqoriyalı məşqçi kurslarının davamı - İYUN 2011

PRO kateqoriyalı məşqçi kurslarının davamı - İYUN 2011

AFFA-nın təşkilatçılığı ilə ilk dəfə olaraq ölkəmizdə keçirilən UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarının ilkin mərhələsi davam edir. İsveçrəli mütəxəssis Frits Şmidin rəhbərlik etdiyi kursların bu mərhələsinə yüksək səviyyəli futbolda müasir tələblər, koordinasiya, sürət, güc, partlayışlı güc, dözümlülük, bərpa, reabilitasiya, zədələrə qarşı profilaktika və qidalanma mövzuları daxildir. UEFA-nın Pro kateqoriyalı lisenziya kursları ilə bağlı məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:
 
Şahin Diniyev: “Bu kurs məşqçilər üçün nəzərdə tutulmuş seminarların ən yüksək nöqtəsidir. Seminar olduqca maraqlı keçir. Gücə, sürətə, dözümlülüyə dair bir çox maraqlı informasiyalar əldə edirik Əvvəllər, Rusiyada, Ukraynada bir neçə kurslarda iştirak etmişəm. Ancaq etiraf edim ki, bu, iştirak etdiyim ən yaxşı kurslardan biridir. İsveçrədən dəvət olunmuş mütəxəssis bugünkü günün tələblərinə uyğun kurslar keçir. Bundan sonra taktikaya və psixologiyaya aid seminarlarımız olacaq”.
 
Arif Əsədov: “Pro kateqoriyalı seminarın keçirilməsində böyük əməyi olan AFFA rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Biz məşqçilər Pro kateqoriyasına yiyələnmək üçün artıq ölkə xaricində deyil, elə öz vətənimizdə təhsil ala bilərik. Seminara çox güclü mütəxəssis rəhbərlik edir. İlk gündən bunu hiss edirik. İşinin peşəkarıdır. Həm nəzəri, həm də praktiki məsələlərdə öz fikrini bizə çatdırır. Səhər məşqlərində əsasən nəzəri, günortadan sonra isə praktiki hazırlığa üstünlük veririk. Onun göstərdiyi tapşırıqları yerində yerinə yetiririk”.
 
Yaşar Vahabzadə: “Bu kursları Azərbaycanda təşkil etdiyinə görə AFFA rəhbərliyinə təşəkkür edirəm. Əvvəllər bu kursları keçmək üçün ölkə xaricinə yollanmalı olurduq. İndiyədək keçdiyimiz seminarın əsas mövzusu fiziki hazırlığın təşkil olunmasına yönəlib. Burada öyrəndiyimiz təcrübəni məşqlər zamanı futbolçulara öyrətməliyik. Seminarın təşkilindən və səviyyəsindən də son dərəcə razıyam”.
Baş Sponsor 
Partnyorlar