Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxıb. Komanda Bakıda Şimali Makedoniyanın “Şkendiya” kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə Azərbaycan çempionu rəqibini 5:1 hesabı ilə məğlub edib. “Qarabağ”ın heyətində qolları Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35, penaltidən) və Leandro Andrade (59) vurublar. Digər qol isə 16-cı dəqiqədə avtoqol kimi qeydə alınıb.
Səfərdəki ilk matçda da 1:0 hesablı qələbə qazanan təmsilçimiz pley-off mərhələsinə yüksəlib.
“Qarabağ”ın növbəti raunddakı rəqibi “Ferensvaroş” (Macarıstan) olacaq. Pley-off mərhələsinin ilk oyunu avqustun 19-da, cavab görüşü isə ayın 27-də baş tutacaq. “Qarabağ” ilk matçını səfərdə keçirəcək.