20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Rui Jorjenin təqdimat mərasimi və mətbuat konfransı keçirilib. “Radisson” hoteldə təşkil olunan tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, assosiasiya rəsmiləri və media nümayəndələri iştirak ediblər.
Sərxan Hacıyev çıxışında portuqaliyalı mütəxəssisin təcrübəsi ilə komandaya böyük kömək edəcəyinə inandıqlarını bildirib: “2027-ci ildə Azərbaycan və Özbəkistan U-20 Dünya Çempionatına birgə ev sahibliyi edəcək. Böyük tədbirlə bağlı müəyyən təşkilati işlər aparılıb. Ötən həftə U-20 millisinə baş məşqçi təyinatı rəsmiləşdi. Rui Jorje bu milliyə rəhbərlik edəcək. Rui yaxşı futbolçu karyerasına malikdir, Portuqaliya millisində 45 oyun keçirib. 15 ilə yaxın Portuqaliyanın U-21 millisinin baş məşqçisi olub. İnanırıq ki, onun böyük futbol təcrübəsinin bizim futbolçulara müsbət təsiri olacaq və komandamız dünya çempionatında uğurlu çıxış edəcək. İndi əsas məqsəd elə komanda formalaşdırmaqdır ki, qrup mərhələsində uğurlu çıxış etsin”.
Rui Jorje də öz növbəsində U-20 millisi ilə uğur qazanmaq istədiyini söyləyib: “Sizinlə birlikdə olmaq mənim üçün qürurdur. Ümid edirəm ki, qarşıdakı dönəmdə çox yaxşı təcrübə keçə biləcəyik. Uğur qazanmaq üçün üzərində işləmək, çalışmaq lazımdır. Futbolçular üzərlərində çalışmalıdırlar ki, yüksək səviyyədə çıxış etsinlər. Bunu edə bilsək, uğur qazana bilərik. Biz Portuqaliyanın U-20 yığması ilə uğur qazananda komanda reytinqdə 19-cu pillədə idi. Çempionatın son püşkatma mərasimində Avropa zonasında 3-cü yerdə idik. Bizim burada ən böyük məqsədimiz bunu əldə etməkdir”.