AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında baş məşqçi Canni De Byazi və komandanın kapitanı Emin Mahmudovun səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
Canni De Byazi: ”Sabahkı oyunda uğurlu nəticə qazanmağa çalışacağıq. Komanda olaraq maksimum gücümüzlə oynayırıq, hətta daha artığını edirik. Heç kim deyə bilməz ki, meydanda əlimizdən gələni etmirik. Təbii ki, mən də hər oyunda qələbə qazanmaq istəyirəm. Müdafiədə və ya hücumda səhvlər edirik, bu, bizə baha başa gəlir. Amma rəqibləri də nəzərə almaq lazımdır. Sabah qələbə qazansaq, qrupda İsveç millisinə çatmış olacağıq. Bunu reallaşdırmağa çalışacağıq. Ardından qrupdakı son oyun barədə düşünəcəyik.
Qısa müddətdə iki ağır oyunumuz olacaq. Hamıya şans verməyə çalışacağam. 27 nəfər çağırmağımın səbəbi də odur ki, 4 nəfər sarı vərəqə limitindədir. Onlardan kimsə sarı vərəqə alsa, növbəti görüşü buraxacaq. Heyətdə yalnız Emil Səfərovun ayağında problem var. O, əla futbolçudur, gələcəkdə milliyə çox xeyir verə bilər. Təəssüf ki, İsveçlə oyunda oynaya bilməyəcək. Belçika ilə matça hazır ola bilər.
Sabah tək hücumçulardan yox, hamıdan qol gözləyirəm. Hücumçu rəqib qapısına daha yaxın olduğu üçün qol vurmaq şansı çox olur. Yaxşı hücumçularımız çoxdur. Musaya çox ümid bəsləyirik, gənc oyunçudur. Azərbaycandan kənarda yeni təcrübəyə başlayıb. Çox yaxşı qol duyumu var. Xüsusən, cərimə meydanı daxilində yaxşı oynayır”.
Emin Mahmudov: “Yaxşı komandaya qarşı oynayacağıq. Rəqibin heyətində keyfiyyətli oyunçular çoxdur. Onlara mane olmağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu oyun göstərək.
Hər matça qələbə üçün çıxırıq. Amma çətin rəqiblərə qarşı oynadığımızı da bilirik. Rəqibimiz güclü olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq. İlk oyundakı məğlubiyyət bizə pis təsir etmişdi. Çünki ilk 60 dəqiqədə top bizdə idi, hücumlar qurmağa çalışırdıq. İsveçdəki ağır məğlubiyyətin əvəzini çıxmaq istəyirik”.