AFFA-nın dəstəyi ilə 25 noyabr 2026-cı il tarixində “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Bu təşəbbüs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” beynəlxalq kampaniyasına həsr olunub.
Tədbirdə beynəlxalq dərəcəli futbol hakimləri Tural Qurbanov və Gülnurə Əkbərzadə, eləcə də AFFA-nın nümayəndələri iştirak ediblər.
İnteraktiv məşğələ zamanı ailədə, cəmiyyətdə və idmanda zorakılığın yolverilməzliyi, qarşılıqlı hörmət, gender bərabərliyi və ədalətli oyun prinsipləri barədə müzakirələr aparılıb. Həmçinin qadınların və qızların kişilər və oğlanlarla bərabər hüquq və imkanlara malik olmasının, o cümlədən futbolda bərabər iştirakının əhəmiyyəti vurğulanıb.
Sonda tədbir iştirakçıları uşaqlarla birlikdə “Ailədə, cəmiyyətdə və idmanda zorakılığa YOX!” çağırışı ilə çıxış edərək beynəlxalq kampaniyaya dəstək veriblər.
Zorakılığa qarşı mübarizədə maarifləndirmənin və uşaqların bu istiqamətdə məlumatlandırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.