“Sabah” Futbol Klubunun Oyunçuların Statusu və Transferi Komitəsinin 3 dekabr 2025-ci il tarixli 8604 saylı Qərarından verilmiş şikayətə baxılmasına dair:
1. “Sabah” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. Oyunçuların Statusu və Transferi Komitəsinin “Yusif İmanov – Sabah Futbol Klubu” işi ilə əlaqədar qəbul etdiyi 3 dekabr 2025-ci il tarixli 8604 saylı Qərarı öz qüvvəsində saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
“Turan Tovuz” Peşəkar Futbol Klubunun Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü çərçivəsində “Turan Tovuz” – “Kəpəz” oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:
1. “Turan Tovuz” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
2. 5 fevral 2026-cı il tarixində Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü “Turan Tovuz” – “Kəpəz” oyununun 64-cü dəqiqəsində “Turan Tovuz” komandasının baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyuna buraxılmaması və “Turan Tovuz” komandasının 10000 manat cərimə edilməsi barədə İntizam Komitəsinin 11 fevral 2026-cı il tarixli qərarı ləğv edilsin.
3. Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinin 2-ci maddəsinə uyğun olaraq “Turan Tovuz” komandasının baş məşqçisi Kurban Berdiyevin əməlləri İntizam Məcəlləsinin 53.1-ci maddəsi ilə tövsif edilsin və Kurban Berdiyevə 3 oyun oyuna buraxılmama, “Turan Tovuz” komandasına isə 6000 manat cərimə cəzası tətbiq edilsin.
4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
“Mingəçevir” Futbol Klubunun (I Liqa) “Şəfa” – “Mingəçevir” oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:
1. “Mingəçevir” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin.
2. 19 fevral 2026-cı il tarixində I Liqada XV turun “Şəfa” – “Mingəçevir” oyununun 45-ci dəqiqəsində “Mingəçevir” komandasının baş məşqçisi Ramiz Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 4 oyuna buraxılmaması barədə İntizam Komitəsinin 20 fevral 2026-cı il tarixli qərarı ilə nəzərdə tutulmuş 4 oyunluq cəzanın 1 oyunu İntizam Məcəlləsinin 19-cu maddəsinə uyğun olaraq təxirə salınsın və 6 aylıq sınaq müddəti təyin edilsin.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
“Biləsuvar” Futbol Klubunun AFFA İntizam Komitəsinin 11 fevral 2026-ci il tarixli qərarından verilmiş şikayətə baxılamsına dair:
1. “Biləsuvar” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin.
2. 8 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Biləsuvar FK-Viləş PFK oyununda Biləsuvar FK komandasının heyətində 12 nömrəli futbolçu Emil Həsənzadənin qarşılaşmanın 26-cı dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmaması ilə bağlı İntizam Komitəsinin 11 fevral 2026-cı il tarixli qərarı ləğv edilsin.
3. AFFA İntizam Məcəlləsinin 15-ci maddəsində nəzərdə tutulmuş ədalətlilik və mütənasiblik prinsiplərinin təmin edilməsi məqsədi ilə Emil Həsənzadə ilə bağlı İntizam Məcəlləsinin 52.3-cü maddəsində göstərilən intizam pozuntusu ilə əlaqədar İntizam Məcəlləsinin 44.1-ci maddəsində nəzərdə tutulmuş cəza tədbiri seçilməklə Emil Həsənzadəyə növbəti 2 oyun müddətinə oyuna buraxılmama cəzası tətbiq olunsun.
4. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
Firuddin Əmirxanovun Oyunçuların Statusu və Transfer Komitəsinin 16 fevral 2026-cı il tarixli, 8613 nömrəli qərarından verilmiş Şikayətinə baxılmasına dair.
1. Firuddin Əmirxanov tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. Oyunçuların Statusu və Transfer Komitəsinin 16 fevral 2026-cı il tarixli, 8613 nömrəli qərarı qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.