Oktyabrın 24-də Bakı Kristal Zalında baş tutan qarşılaşmada Azərbaycan millisi inamlı oyun nümayiş etdirərək turnirə qələbə ilə başlayıb.Millimiz Bakıda keçirilən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalının açılış oyununda Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib.
Heyətdə Müşfiq Zamanov (2), Həsən Məhmədov (2), Yusif Əlizadə və Asif Allahverdizadə fərqləniblər.
Oyundan sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Azərbaycan komandasının futbolçuları ilə görüşdülər.
Prezident İlham Əliyev dedi: Bir daha təbrik edirəm. Gözəl oyun nümayiş etdirdiniz. Bütün qollar da çox gözəl, hamısı bir-birindən gözəl idi. Görünür ki, böyük məharət və peşəkarlıq tələb edən kombinasiyalar qurulmuşdu. Ona görə hamını sevindirmisiniz.
Əlbəttə ki, ölkəmizdə belə mötəbər yarışın keçirilməsi də böyük hadisədir. Bu, tarixdə qalacaq, çünki ilk çempionatdır. Bu günə qədər futbol üzrə bu miqyasda çempionatlar keçirilməmişdir. Bu açılış oyununda Azərbaycan komandasının inamlı qələbəsi – bu, artıq tarixdə əbədi qalacaq. Ona görə sizi bir daha təbrik edirəm. Bütün xalqımızı sevindirmisiniz. Sizə yeni uğurlar arzulayıram. Sağ olun.
Futbolçular: Sağ olun.
Millimiz növbəti görüşünü oktyabrın 25-də Andorra yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 30-dək davam edəcək. FIFA-yaüzv 189 ölkənin komandalarının iştirak etdiyi yarışçərçivəsində 1000-ə yaxın oyunun keçirilməsinəzərdə tutulur.