az en
News / Bakıda FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın rəsmi açılış mərasimi keçirilib

Bakıda FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın rəsmi açılış mərasimi keçirilib

FİFA Dərc olundu: 25.10.2026 Çap
Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.
Bakıda FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın rəsmi açılış mərasimi keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino və turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov tədbirdə iştirak ediblər.
 
Açılış mərasimində çıxış edən festivalın Təşkilat Komitəsinin sədri Samir Şərifov FIFA-nın prezidenti Canni İnfantinonun bu təşəbbüsünü, həmçinin Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndirdiklərini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə turnirin reallaşmasına göstərilən hərtərəfli dəstəyi xüsusi qeyd edib.
 
Samir Şərifovun sözlərinə görə, bu turnir sadəcə gələcəyin ulduzlarını üzə çıxarmaqla məhdudlaşmır: “Bu, hər bir oyunçunun dəyərli, hər bir komandanın öz yerinin olduğu və hər bir gəncin yarışmaq, inkişaf etmək, eləcə də arzularının ardınca getmək şansına layiq olduğu həqiqətinin təntənəsidir”.
 
S.Şərifov turnirin təşkilinə töhfə verən tərəfdaşlara, təşkilatçılara, məşqçilərə, hakimlərə, könüllülərə, həmçinin futbolçuları dəstəkləyən ailələrə və ölkələrə təşəkkürünü bildirib.
 
FIFA prezidenti Canni İnfantino çıxışında futbolun hər kəsə aid olduğunu vurğulayaraq qeyd edib:
 
“FIFA üçün dünyanın hər guşəsindəki istedadlara özlərini təsdiq etmək şansı vermək mühümdür. Biz hər bir ölkəyə böyük hədəflər qurmaq imkanı yaratmalıyıq. U-15 dünya çempionatı və festivalı həqiqətən də dünyanı bir araya gətirir. İlk dəfədir ki, Bakıda 189 komandanı, 3 mindən çox oyunçu və rəsmi şəxsi bir araya toplayırıq.”
 
Rəngarəng proqramla davam edən açılış mərasimində futbolun birləşdirici ruhunu və Azərbaycanın ev sahibliyini əks etdirən səhnə təqdimatları nümayiş olunub. Musiqi, xoreoqrafiya və vizual elementlərlə müşayiət olunan mərasim iştirakçılara yaddaqalan anlar yaşadıb.
 
Qeyd edək ki, turnirin ilk oyunlarına bu gün start verilib. Millimiz Bakı Kristal Zalında Timor-Leste komandası ilə qarşılaşıb. Dövlətimizin başçısı, birinci xanım, ailə üzvləri və FIFA prezidenti, həmçinin Azərbaycan-Timor-Leste yığmalarının oyununu izlədilər.
Matç Azərbaycan milli komandasının 6:0 hesablı qələbəsi ilə başa çatdı.
 
Oyundan sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Azərbaycan komandasının futbolçuları ilə görüşdülər.
 
Prezident İlham Əliyev dedi: Bir daha təbrik edirəm. Gözəl oyun nümayiş etdirdiniz. Bütün qollar da çox gözəl, hamısı bir-birindən gözəl idi. Görünür ki, böyük məharət və peşəkarlıq tələb edən kombinasiyalar qurulmuşdu. Ona görə hamını sevindirmisiniz.
Əlbəttə ki, ölkəmizdə belə mötəbər yarışın keçirilməsi də böyük hadisədir. Bu, tarixdə qalacaq, çünki ilk çempionatdır. Bu günə qədər futbol üzrə bu miqyasda çempionatlar keçirilməmişdir. Bu açılış oyununda Azərbaycan komandasının inamlı qələbəsi – bu, artıq tarixdə əbədi qalacaq. Ona görə sizi bir daha təbrik edirəm. Bütün xalqımızı sevindirmisiniz. Sizə yeni uğurlar arzulayıram. Sağ olun.
 
Futbolçular: Sağ olun.
 
Baş Sponsor