Belçikanın paytaxtı Brüsseldə MADANI Platforması tərəfindən təşkil olunan 3-cü Suqovuşan Avropa Beynəlxalq Minifutbol Turniri keçirilib. Azərbaycanın Belçika Səfirliyi və Diaspora İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən və 400-ə yaxın iştirakçının qatıldığı yarışda 10-dan çox ölkəni təmsil edən 24 komanda mübarizə aparıb.
Onların arasında Belçika ilə yanaşı, İsveç və Estoniyadan gələn Azərbaycan icma komandaları, NATO qərargahının əməkdaşları və icma üzvləri, həmçinin Ukrayna, Gürcüstan, Özbəkistan, Pakistan, Qazaxıstan və Qırğızıstan səfirliklərinin nümayəndələri də olub.
Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə AFFA-nın baş katibinin müşaviri Frank De Bleker də turnirin açılış mərasimində iştirak edib.
Çempionlar Liqası formatında keçirilən 3-cü Suqovuşan Beynəlxalq Minifutbol Turnirinin qalibi Belçikada yaşayan azərbaycanlılardan ibarət “Qırği Belçika FK” komandası olub. Bu kollektiv finalda “Tallinin Qarabağ” klubunu məğlub edib. Almaniyanın Essen bölgəsini təmsil edən azərbaycanlılarının “Aze NRW” komandası 3-cü yeri tutub.
24 komanda arasında son 8 yerin sahibləri Avropa Liqası formatında yarışıb və təşkilatçı “MADANI Heroes” kuboku qazanıb. Onlar Belçikada yaşayan azərbaycanlılardan ibarət “Fireland AZ”a qalib gəlib.
Qeyd edək ki, 4-cü Suqovuşan Beynəlxalq Minifutbol Turniri 2027-ci ildə keçiriləcək.