AFFA-nın təşkilatçılığı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin dəstəyi ilə Cəbrayıl rayonunun Horovlu kəndində kütləvi futbol festivalı keçirilib.
Festivalda Horovlu və Cocuq Mərcanlı kənd məktəblərinin şagirdləri iştirak ediblər. Tədbirin əsas məqsədi uşaqlar arasında sağlam həyat tərzinin təbliği, futbolun kütləviliyinin, məktəblilər arasında idmana marağın daha da artırılması və azad edilmiş ərazilərdə sosial-idman fəaliyyətlərinin genişləndirilməsidir.
Festival çərçivəsində uşaqlar həm futbol bacarıqlarını nümayiş etdirib, həm də komandadaxili əməkdaşlıq və dostluq mühitində maraqlı vaxt keçiriblər.
Festival iştirakçılarına AFFA tərəfindən futbol topları hədiyyə olunub. Hədiyyələri iştirakçılara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Horovlu kənd tam orta məktəbinin direktoru Zamiq Həmzəyev və digər rəsmi şəxslər təqdim ediblər.
Tədbirin sonunda iştirakçılar və təşkilatçılar birgə xatirə şəkli çəkdiriblər.