Oktyabrın 28-də Hövsan Yarış Kompleksində FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın beşinci oyun günü keçirilib.
Gün ərzində Azərbaycan millisi iki qarşılaşmaya çıxıb. Günün ilk yarısında Çili yığması ilə üz-üzə gələn komandamız qarşılaşmanı 1:3 hesabı ilə başa vurub. Axşam saatlarında isə Azərbaycan millisi Cəbəllütariq yığması ilə qarşılaşıb və görüşü 5:1 hesablı qələbə ilə tamamlayıb.
AFFA prezidenti Rövşən Nəcəf və FIFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksini ziyarət edərək gün ərzində keçirilən qarşılaşmaları izləyiblər. FIFA Hakimlər Komitəsinin sədri Pierluici Kollina da oyunları izləyən qonaqlar sırasında olub. Onlar futbolçularla görüşüb, gənc oyunçularla söhbət edərək onlara turnirin davamında uğurlar arzulayıblar.
Turnirin son günlərinə yaxınlaşdıqca meydançalardakı mübarizə və oyunların tempi də artır. Gənc futbolçular hər qarşılaşmada bacarıqlarını nümayiş etdirmək, yeni təcrübə qazanmaq və komandalarını ən yaxşı şəkildə təmsil etmək üçün mübarizə aparırlar.
FIFA U-15 Dünya Çempionatı və Festivalının formatının əsas xüsusiyyətlərindən biri isə nəticədən asılı olmayaraq bütün iştirakçı komandaların turnirin son gününədək oynamağa davam etməsidir. Burada məğlubiyyət heç bir komanda üçün turnirlə vidalaşmaq demək deyil. Hər bir iştirakçıya mümkün qədər çox oyun keçirmək, fərqli futbol məktəbləri ilə qarşılaşmaq və beynəlxalq təcrübə qazanmaq imkanı yaradılır.
Bu yanaşma turnirin yalnız nəticə və rəqabət deyil, eyni zamanda futbolun sevincini yaşamaq, öyrənmək, inkişaf etmək və yeni dostluqlar qurmaq fəlsəfəsini ön plana çıxarır. Fərqli ölkələrdən Bakıya gələn yeniyetmə futbolçular meydançada rəqib olsalar da, meydançadan kənarda onları futbola olan ortaq sevgi birləşdirir.
Tribunalarda oyunları izləyən ailə üzvləri, dostlar və futbolsevərlər də turnirin xüsusi atmosferinin bir hissəsinə çevrilirlər. Gənc futbolçuların hər uğurunu və səylərini alqışlarla qarşılayan azarkeşlərin dəstəyi meydançalardakı festival əhval-ruhiyyəsini daha da gücləndirir.
Turnir mərhələsinin ilk günü olan 28 oktyabrda Hövsan Yarış Kompleksində ümumilikdə 192 oyun keçirilib. Oktyabrın 29-da daha 192, oktyabrın 30-da isə 90 oyunun keçirilməsi nəzərdə tutulur.
FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 oktyabrın 30-da Bakı Kristal Zalında keçiriləcək altı final qarşılaşması ilə yekunlaşacaq.