az en
News / “Futbolçuların münasibəti yaxşı oyuna ümid verir”

“Futbolçuların münasibəti yaxşı oyuna ümid verir”

A Milli Dərc olundu: 06.06.2024 Çap
Yoxlama görüşü çərçivəsində iyunun 7-də Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək Albaniya – Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin məşqçisi Arif Əsədov və komandanın hücumçusu Mahir Emrelinin səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
“Futbolçuların münasibəti yaxşı oyuna ümid verir”
Arif Əsədov: “Qarşıdakı iki oyunda bizi yaxşı rəqiblər gözləyir. UEFA Millətlər Liqası turniri öncəsi son yoldaşlıq görüşləridir. Hazırlığın ilk mərhələsində bəzi futbolçuları tempdə saxlamaq üçün onlara üç günlük məşq keçdik. İyunun 3-dən etibarən komanda şəklində tam heyətlə məşqlərə başladıq. Bolqarıstana qarşı keçirilən son oyundakı modeli daha da təkmilləşdirməyə çalışdıq. Yoldaşlıq görüşü olsa da, meydana qələbə üçün çıxacağıq. Futbolçuların hazırlığından razı qaldım, onların münasibəti yaxşı oyuna ümid verir. Rəqibdən asılı olmayaraq, hər bir oyun bizim üçün əlavə motivasiyadır. Qazaxıstan yığması ilə bir-birimizi daha yaxşı tanıyırıq. Düzdür, əvvəllər Albaniya ilə qarşılaşmışıq. Son dövrlərin Albaniya yığması isə iki dəfə Avropa çempionatına vəsiqə qazanmış kollektivdir. Bu da onların gücünün göstəricisidir. Ancaq komanda şəklində intizamlı oynasaq, rəqibə imkan vermərik və istəyimizə nail olarıq”.
Mahir Emreli: “Rəqibin gücü bizə bəllidir. Avropa çempionatına hazırlaşdıqlarını bilirik. Keyfiyyətli oyunçulara malik komandadır. Albaniya millisini analiz etmişik. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq, xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik. Bu bayraq altında mübarizə aparırsansa, rəsmi və ya yoldaşlıq görüşü olmasından asılı olmayaraq, qarşılaşmaların hamısı vacibdir. Albaniya yığmasının Avropa çempionatına hazırlaşması bizə əlavə motivasiya verir. Belə matçlar mənim üçün bayram kimidir. Milli komanda ilə qazanılan uğurun əvəzini heç nə vermir. Həmçinin hansı formada olduğumuzu görmək baxımından da əhəmiyyətli görüş olacaq. Komanda olaraq məşqlərdə bütün gücümüzlə hazırlaşırıq”.
Qeyd edək ki, Albaniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Baş Sponsor