AFFA ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Gəncədə keçirilən məktəblilər arasında minifutbol turniri başa çatıb.
“Məktəblərdə Futbol Dərsi” layihəsi çərçivəsində təşkil olunan yarışın əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təşviqi, futbolun kütləviliyinin və şagirdlərin idmana marağının daha da artırılması olub. Turnirin final mərhələsi Gəncədə yerləşən minifutbol meydançasında baş tutub. Final görüşündə 21 nömrəli tam orta məktəbin komandası Xarici Dillər Təmayüllü Gimnaziyanın kollektivini məğlub edərək çempion olub.
Qalib komandaya kubok və qızıl medallar təqdim olunub. İkinci və üçüncü yerləri tutan kollektivlər isə müvafiq olaraq gümüş və bürünc medallarla təltif ediliblər. Bununla yanaşı, turnir ərzində fərqlənən oyunçular müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlar alıblar.
Mükafatlandırma mərasimində çıxış edən AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov layihənin məktəblilər arasında futbolun inkişafı və uşaqların idmana cəlb olunması baxımından əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, “Məktəblərdə Futbol Dərsi” layihəsi UEFA-nın dəstəyi ilə ölkənin müxtəlif bölgələrində həyata keçirilir və layihə çərçivəsində şagirdlərin futbol fəaliyyətlərinə daha aktiv şəkildə qoşulmaları, həmçinin idman vasitəsilə sosial bacarıqlarının inkişaf etdirilməsi hədəflənir.