az en
News / Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya (fotolar)

Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya (fotolar)

Dərc olundu: 21.04.2026 Çap
AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən 3, 4 və 5-ci kateqoriyalı, həmçinin xanım hakimlər üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya (fotolar)
Sessiyadan əvvəl iştirakçı hakimlərin mövzu üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə testlər keçirilib. Nəticələr göstərdi ki, hakimlərin əksəriyyəti bu sahədə vəzifə və öhdəliklərini yaxşı başa düşürlər. 
Sessiya zamanı Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri, eyni zamanda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Naib Əsədov və şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli hakimlərə danışılmış oyun anlayışı, oyun zamanı verilən adi hakim qərarları ilə qəsdən manipulyasiya edilmiş qərarlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.
Təlimçilər hakimlərin oyun prosesində oynadığı həlledici rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş çıxış ediblər. Bildirilib ki, danışılmış oyunlar kontekstində hakim qərarları ən həssas məqamlardan biri hesab olunur və bu səbəbdən hakimlərin peşəkar davranışı daim yüksək nəzarət və məsuliyyət tələb edir.
Sessiya çərçivəsində hakimlərin yalnız oyunu idarə edən tərəf deyil, eyni zamanda futbolun ədalət və dürüstlük prinsiplərinin əsas təminatçısı olduğu vurğulanıb. Bildirilib ki, obyektivlik, prinsipiallıq, qərəzsizlik və yüksək peşə etikası hakim fəaliyyətinin ayrılmaz hissəsidir və bu prinsiplərin qorunması futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və hakimlərə mümkün təsir üsulları təqdimat vasitəsilə izah olunub.
Eyni zamanda, hakimlərin etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, bu cür halların vaxtında və düzgün şəkildə raport edilməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və hakimlərin ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.
Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri hakimlərin diqqətinə çatdırılıb, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib.
Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və hakimlərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.
 
Baş Sponsor