AFFA-nın dəstəyi ilə həyata keçirilən “Futbolda Uşaq Hüquqlarının Qorunması” layihəsi çərçivəsində futbol mühitində təhlükəsiz, inklüziv və uşaqların hüquqlarına hörmət edən mühitin formalaşdırılması məqsədilə Bakıda fəaliyyət göstərən futbol klublarında və ümumtəhsil məktəblərində maarifləndirici seminarlar təşkil olunur.
Fevral ayı ərzində seminarlar “Baku Sporting” Futbol Klubunun futbolçuları, həmçinin Bakıdakı 220 və 229 nömrəli tam orta məktəblərin şagirdləri üçün keçirilib. Təlimlər layihənin mentoru və Təhsil Nazirliyinin layihə əsaslı eksperti Ofeliya Qafarova tərəfindən aparılıb.
Seminarların təşkilində əsas məqsəd futbol fəaliyyətlərində iştirak edən uşaqların hüquqlarının qorunması, təhlükəsiz idman mühitinin yaradılması, məşqçilər, müəllimlər və gənc idmançılar arasında safeguarding (uşaqların müdafiəsi) prinsipləri barədə məlumatlılığın artırılmasıdır. Tədbirlər zamanı iştirakçılara uşaqların hüquqları, təhlükəsiz davranış standartları, riskli halların tanınması və belə vəziyyətlərdə düzgün müraciət mexanizmləri barədə ətraflı məlumat təqdim olunub. Layihə çərçivəsində Bakıda digər məktəblərdə və futbol klublarında da seminarların keçirilməsi planlaşdırılır. Bu təşəbbüs uşaqların fiziki və psixoloji rifahının qorunmasına, eləcə də futbol mühitində təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə xidmət edir.