AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Məktəbli Kuboku” turnirinin qalibləri müəyyənləşib.
Azərbaycan Texniki Universitetinin İdman Sarayında 5-ci sinif qızlar, 5-ci və 7-ci sinif oğlanlar arasında yarışların final oyunları keçirilib. Nəticələr aşağıdakı kimidir:
5-ci sinif qızlar, final
Naftalan şəhərinin İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbi - Nəsimi rayonunun Samir Hacıyev adına 5 saylı tam orta məktəbi – 3:2
5-ci sinif oğlanlar, final
Suraxanı rayonunun S.Sani Axundov adına 172 saylı məktəbi - Şəmkir şəhərinin Məhəmməd Füzuli adına Təbiət və Humanitar fənlər təmayüllü məktəb-liseyi – 3:2
7-ci sinif oğlanlar, final
Zaqatala rayonunun Sumaylı kənd tam orta məktəbi - Saatlı rayonunun Nəsimikənd tam orta ümumtəhsil məktəbi – 2:1
Qarşılaşmaların ardından mükafatlandırma mərasimi keçirilib. Hər yaş qrupunun finalında məğlub olan komanda gümüş medal, qaliblər isə qızıl medal və kubokla təltif olunublar.
Bundan başqa, fərdi mükafatlar da verilib. 5-ci sinif qızlarda Nurgül Əhmədzadə (Nəsimi) ən yaxşı qapıçı, Zəhra Vəlizadə (Naftalan) ən yaxşı oyunçu, 5-ci sinif oğlanlarda Raul Hacıyev (Şəmkir) ən yaxşı qapıçı, Murad Tağıyev (Suraxanı) ən yaxşı oyunçu, 7-ci sinif oğlanlarda Muhiddin Muradov (Zaqatala) ən yaxşı qapıçı, Umut Arslanov (Saatlı) ən yaxşı oyunçu seçilib.
Mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev, AFFA İcraiyyə Komitəsinin üzvü Leyla Xəlilova Rzazadə və A millinin direktoru İlqar Qurbanov təqdim ediblər.