UEFA Millətlər Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - İsveç oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Fernandu Santuş və komandamızın kapitanı Emin Mahmudovun səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
Fernandu Santuş: “Oyunçularımız özləri də başa düşürlər ki, çətin olacaq. Ancaq onlarda qələbə qazanmaq üçün istək görürəm. Futbolçularımızın fiziki durumlarından razıyam. Oyun zamanı futbolçuların bir-birilərinə uyğunlaşması lazımdır. Komanda olaraq sabahkı matça konsentrasiya olmuşuq. İsveç yığması kifayət qədər güclüdür, yeni baş məşqçiləri var. Hazırkı baş məşqçinin rəhbərliyi altında keçirdiyi 4 görüşü də izləmişik. Onların müsbət və mənfi cəhətlərinə diqqət yetirmişik. Çalışacağıq ki, zəif cəhətlərindən istifadə edək. Futbolçularımıza hansı məqamlara diqqət yetirməli olduqlarını izah etmişik”.
Emin Mahmudov: “Bizi çox yaxşı komandaya qarşı oyun gözləyir. Rəqibin güclü futbolçuları var. Məqsədimiz yaxşı oyunla qələbə qazanmaqdır. Maksimum dərəcədə diqqətli olmalı və yaxşı mübarizə aparmalıyıq. Karyeramın ən yaxşı oyununu ötən il İsveçə qarşı keçirmişəm. Yenə də komandamın uğurlu nəticə qazanması üçün əlimdən gələni edəcəyəm. Vaxtımız çox az idi. Bir yerdə çox məşq etməmişik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq”.