Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra yığması ilə səfərdə keçirilən oyundan (3:1) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:
“İlk olaraq qələbə münasibətilə komandamı təbrik edirəm. Bizim üçün çox ağır oyun oldu. Rəqib öz meydanında çıxış edirdi, xal qazanmaq istəyirdi, erkən qolla da hesabı açdı. Ancaq cavab qolunu dərhal vurmağımız işimizi bir az yüngülləşdirdi. Birinci hissədə hesabda önə keçməyə çalışdıq, çox qol vəziyyətləri yaratdıq. Əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Fasilədən sonra öz oyunumuzu tapdıq. Məşqlərdə üzərində işlədiyimiz hücum bizə penalti qazandırdı. Qalan dəqiqələrdə nəzarət tam olaraq tərəfimizdə oldu, qızlar rəqibi topsuz saxladılar. Qələbə qazandığımız üçün sevincliyik”.
Baş məşqçi Andorra yığmasına qarşı keçiriləcək növbəti qarşılaşmada da eyni uğuru təkrarlamaq istədiklərini söyləyib: “Artıq səfər matçını unudub, bu komanda ilə Bakıda keçirəcəyimiz görüşə köklənməliyik. Evdəki oyunda da hədəfimiz maksimum nəticə qazanmaqdır”.
Qeyd edək ki, millimiz Andorra yığması ilə aprelin 18-də “Bank Respublika Arena”da qarşılaşacaq.