AFFA U-16 Liqasında 2025/2026-cı illər mövsümünün qalibləri mükafatlandırılıb.
Vətən İdman Liseyində təşkil olunan mükafatlandırma mərasimində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev və AFFA-nın Yarışların təşkili departamentinin rəhbəri Emin Cəfərov iştirak ediblər.
Yarışda 33 qol vuran “Qarabağ”ın hücumçusu Daniil Rəcəbov ən məhsuldar futbolçuya verilən mükafata yiyələnib. Mövsümün ən yaxşı oyunçusu isə “Sabah”ın üzvü Ruslan Əbilov seçilib.
Ardından üçüncü yeri tutan “Neftçi” bürünc, ikinci yerin sahibi “Qarabağ” gümüş medalla, çempion “Sabah” isə qızıl medal və kubokla təltif olunub.