az en
Əsasnamə Təqvim
2026/2027-ci illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 11 yaşadək (U-11) oğlanlardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
 
Əsasnaməsi
 
1. Əsas müddəalar
1.1. Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
 
2.1 AFFA U-11 Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
• Oğlanlar arasında futbolun təbliği və kütləviliyi;
• Oğlan oyunçuların ustalığının yüksəldilməsi;
• Oğlan oyunçuların klublarda hazırlanması və milli komandalara cəlb olunması;
• İdman fəaliyyətlərini boş vaxt üçün istifadə etmənin təşviqi və populyarlaşdırılması;
 
3. İştirakçıların müəyyən olunması
 
3.1 U-11 Liqasında klublara və komandalara iştirak hüququnu AFFA verir.                            
3.2 Misli Premyer Liqasında iştirak edən klubların müvafiq yaş qrupundan ibarət komandasının AFFA U-11 Liqasının cari mövsümündə iştirakı mütləqdir.
 
4. İştirakçı komandanın öhdəlikləri
 
4.1 İştirakçı klublar və ya komandalar bu Əsasnamənin bütün bəndlərinə riayət etməlidirlər.
4.2 İştirakçı klublar və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair-Play prinsiplərinə riayət etməlidirlər.
4.3 Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (oyunçular, rəsmi şəxslər, azarkeşlər,valideynlər və b.) davranışına görə məsuliyyət daşıyırlar.
4.4 AFFA U-11 Liqasında iştirak edən klub və ya komandalar xarici ölkələrə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə AFFA U-11 Liqasının təqvim oyunları üst-üstə düşdüyü halda, oyunların təxirə salınıb-salınmaması ilə bağlı son qərarı AFFA verir.
4.5 İştirakçı klub və komandalar oyunçuların lizensiyalarını rəngli formatda çap edib özləri ilə oyuna gətirməlidir.
 
5. Transfer, icarə və sifariş məsələləri
 
5.1 Hər bir oyunçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
5.2 Oyunçuların sərbəst şəkildə digər klublara keçidini təmin etmək məqsədilə transfer pəncərəsi aradan qaldırılır.
5.3.Cari mövsüm ərzində hər bir oyunçu 3 fərqli klubda çıxış edə bilər (cari mövsümdə ilkin olaraq qeydiyyatda olduğu klub bu saya daxildir).
5.4 Oyunçuların Statusu və Transferi Əsasnaməsinə əsasən Oyunçuların statusu və transferi ilə əlaqədar yaranan mübahisələrə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində baxılır.
5.5 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
 
6. Oyun forması ilə bağlı qaydalar
 
6.1 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
6.2 Oyunçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında mütləq qoruyucular (şitki) olmalıdır.   
6.3 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən AFFA-nın Liqaların Təşkili şöbəsinə məlumat verməlidir.
 
7. Klublar və ya komandalar üçün qeydiyyat qaydaları
 
7.1 AFFA-nın rəsmi internet səhifəsində (www.affa.az) olan ”Futbola Qoşul” onlayn qeydiyyat sistemində oyunçu və digər iştirakçıların qeydiyyat qaydaları təqdim edilib.
7.2 Qeydiyyat qaydalarında tələb olunan sənədlərə bilərəkdən həqiqi olmayan məlumatı vermək məqsədilə edilən dəyişikliklər sənəd saxtalaşdırılması kimi qəbul edilir və müvafiq olaraq məsuliyyət yaradır.
Qeyd: Sənəd saxtalaşdırılması edən klub və ya komandaya həmin tur üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında ödənişdən imtina edilir.
 
8.Yarışın keçirilmə sistemi
 
8.1 Yarışlar bir (1) - seçmə mərhələdən ibarətdir.
8.2 I mərhələ regionlardakı komandaların sayından asılı olaraq 2 (iki), 3 (üç), 4 (dörd) və ya 5 (beş) dövrədən ibarətdir.
8.3 Bakı zonasında yarışlar üç dövrədən ibarətdir. Rəqabətli oyunların baş tutması, komandaların öz səviyyələrinə uyğun rəqiblərlə qarşılaşması məqsədi ilə I dövrədən sonra hazırda qruplarda yer alan komandaların yerdəyişməsi baş tutacaqdır.
Oyunlar Sumqayıt zonasında 2 dövrə, Biləsuvar, Zaqatala, Tovuz və Gəncə zonalarında 3 dövrə, Saatlı, Ağcabədi və Mingəçevir zonalarında 4 dövrə, Siyəzən, Lənkəran və Ağsu zonalarında isə 5 dövrədən ibarət olacaqdır.
8.4 Təqvimlər AFFA-nın Liqaların Təşkili şöbəsi tərəfindən tərtib olunur.
 
9. Meydan
 
9.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanda keçirilir.
9.2 Meydanın uzunluğu 45-50 metr, eni isə 30-32 metr olaraq müəyyən olunub.
9.3 Meydanda iki qapı olmalıdır (2m x 5m).
9.4 Penalti nöqtəsindən qapı xəttinə olan məsafə 7 metr təşkil edir.
9.5 Cərimə meydançası qapı xəttindən 9 metr məsafədə olan paralel olmalıdır.
 
Meydanın sxemi:
 
10.Oyunun təşkili
 
10.1 AFFA U-11 Liqasının oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. İstisna hal kimi digər günlər AFFA-nın Liqaların Təşkili şöbəsi tərəfindən təyin oluna bilər.
10.2 Liqaların Təşkili şöbəsi hər turdan öncə oyunların vaxtı ilə əlaqədar region nümayəndəsinə və yaxud komandanın əlaqələndirici şəxsinə məlumat verir.
10.3 Oyunun başlamasına 75 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə oyunçuların adları,soyadları yazmalı və oyunun baş hakiminin elektron poçt adresinə göndərilməlidir. Komandalar oyunun başlamasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydana gəlməli və oyundan öncə oyunçuların lisenziyaları baş hakimə təqdim etməlidirlər. Komandalar oyunçuların lizensiyalarını rəngli formatda çap edib özləri ilə oyuna gətirməlidir.Oyundan əvvəl lisenziyalar oyunun hakiminə təqdim edilmədiyi halda hakim oyunu başlamamalıdır. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda nominal ev sahibi hesab edilir.
10.4  Oyun başlayan zaman klub və ya komanda meydanda olmazsa, aldığı yol xərcinin 50% miqdarında ödənişdən imtina edilir.Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə ödənişdən imtina 100%-ə çatdırılır və oyunun protokolu bağlanılır. (Fors-major hallar istisna olmaq şərti ilə)
10.5 AFFA U-11 Liqasında əvvəlcədən AFFA tərəfindən müəyyənləşdirilmiş komandaların nəqliyyat xərcləri AFFA tərəfindən təmin olunur (Bakı zonasında çıxış edən komandalar, həmçinin peşəkar futbol klubları ilə bağlılığı olan komandalar nəqliyyat xərci ilə təmin olunmur).
10.6. AFFA yalnız müstəqil futbol məktəblərinin nəqliyyat xərclərini qarşılayır.
10.7 AFFA U-11 Liqasında mərkəzləşdirilmiş bölgələrdə keçirilən oyunların stadionunun icarə haqqı AFFA tərəfindən ödənilir.
10.8 Təcili Tibbi Yardım və ya həkim briqadası oyundan əvvəl meydançanın ərazisində olmalıdır. (Təcili Tibbi Yardım və ya həkim briqadası olmadan baş hakim oyunu başlaya bilməz).
 
11.Oyun qaydaları
 
11.1 Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir.
11.2 AFFA U-11 Liqasında “Oyundankənar“ (off-side) vəziyyət və sarı, qırmızı vərəqə tətbiq olunmur.
11.3 Liqada yaşı 11-dək olan oyunçular iştirak edə bilər (təvəllüdü 01.01.2016-cı ildən başlayanlar və maksimum üç il aşağı təvəllüdlü).
11.4 2026/2027-ci illər mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun tərkibində cəlb olunmuş oyunçu mövcud lisenziyanı təqdim etdikdə, digər liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
11.5 Oyunlar iki hissədən ibarətdir. Hər hissə 25 dəqiqə, hissələrarası fasilə isə 5 dəqiqədir. Bundan əlavə hər hissənin gedişində komandaların taktiki və fiziki bərpasının təmin edilməsi məqsədilə 150 saniyəlik (2 dəqiqə 30 saniyə) əlavə fasilə verilir.
11.6 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş oyunçularla həyata keçirilir. Oyunun protokoluna 14 oyunçunun adı qeyd oluna bilər (7 əsas və 7 ehtiyat oyunçu). Komandalara oyun zamanı əvəzetmələrdən istifadə etməklə ehtiyatda olan bütün oyunçuların oyuna cəlb edilməsi, həmçinin hər bir komandaya oyun ərzində ən azı 2 müxtəlif oyunçunun qapıçı mövqeyində çıxış etməsi, əsas qapıçıdan əlavə ehtiyat qapıçı mövcud olduğu halda onun da oyuna cəlb olunması, ehtiyat qapıçı olmadığı təqdirdə isə digər meydan oyunçularından qapıçı mövqeyində istifadə olunması tövsiyə edilir.
11.7 Hansı komanda oyun ərzində 3 top fərqi ilə geridə olarsa, bu zaman əsas heyətə 1 nəfər oyunçusunu əlavə edə bilər. Hesab arasındakı fərq 6 qol olarsa, bu zaman məğlub durumda olan komanda əsas heyətə daha 1 oyunçu əlavə edə bilər.
Hesab fərqi 4 qola enən zaman meydanda olan əlavə 2 oyunçudan 1-i meydanı tərk etməlidir. Yekun olaraq, 3 qol fərqi olan zaman əlavə 1 oyunçu, 6 qol fərqi olan zaman əlavə daha bir oyunçu meydana daxil ola bilər. Qol fərqinin 4-ə və ya 2-yə enməsi halında, əlavə oyunçuların meydanı tərk etməsi məcburi deyil; bu halda məşqçi heyətdə meydanda olan əlavə oyunçulardan istənilən birini, o cümlədən daha əvvəl meydana daxil olmuş oyunçunu və ya digər iki oyunçudan birini əvəzləyə bilər.
Hesab fərqinə görə, meydana əlavə olaraq daxil ola biləcək oyunçuların sayı maksimum 2 nəfər olmalıdır.
11.8 U-11 liqasında əsas heyətdə maksimum 3 nəfər qız oyunçunun iştirakına AFFA tərəfindən etiraz edilmir və bu zaman əsas heyətin say limiti pozulmamalıdır. Start heyətin formalaşdırılması zamanı qız oyunçuların sayı oğlan oyunçuların sayından çox olmamalıdır. Ehtiyat oyunçular siyahısında yer alan qız oyunçuların sayına dair hər hansı məhdudiyyət tətbiq edilmir. Qız oyunçu həm oğlan, həm də qız oyunçu ilə əvəzlənə bilər.
11.9 Yalnız komanda tərkibində qeydiyyatdan keçirilmiş lisenziyası olan nümayəndələr (baş məşqçi,köməkçi məşqçilər,həkim və komanda administratoru və b.) və 7 oyunçunun ehtiyat skamyalarında əyləşməsinə icazə verilir.
11.10 Top meydanı qapı xəttindən tərk edərsə, top meydana yalnız qapıçı tərəfindən əl ilə daxil edilməlidir və bu halda top mərkəz xəttini keçən zaman sərbəst zərbə təyin edilmir. Əgər qapıçı və ya oyunçu “qapıçı vuruşu“ ilə topu yerə qoyub başlamaq istəyərsə, bu zaman oyun bərpa edilmiş hesab olunur və rəqib oyunçu topa müdaxilə edə bilər. “Qapıçı vuruşu” zamanı top mərkəz xəttini keçməməlidir, əks halda sərbəst zərbə təyin ediləcəkdir.
11.11 Top meydanı yan xətdən tərk edərsə, top meydana yalnız ayaqla daxil olunmalıdır. Həm yan xətt, həm də künc zərbəsi yerinə yetirilərkən futbolçu topa birbaşa zərbə endirmədən oyunu driblinqlə davam etdirə bilər; lakin bu vəziyyətdə qolun etibarlı hesab olunması üçün topa komanda yoldaşı tərəfindən toxunulması (ötürmənin qəbul edilməsi) mütləqdir.
11.12 Top oyuna mərkəzdən daxil edildiyi zaman, topa ilk toxunuşdan sonra ikinci toxunuş həyata keçirilmədən birbaşa qapıya vurulan və qol ilə nəticələnən zərbə hesablanmır.
11.13 Oyun zamanı oyunçu öz qapıçısına ötürmə edərsə, qapıçının topa əl ilə toxunması qadağandır və bu halda sərbəst zərbə təyin edilir.
11.14 2026/2027-ci illər mövsümündə AFFA tərəfindən keçirilən bütün aşağı yaş liqalarda eyni klubun və ya komandanın tərkibində cəlb olunmuş oyunçulardan yalnız 5-i (beşi) mövcud lisenziyanı təqdim etdikdə, yuxarı liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər. Həmin oyunçuların eyni vaxtda start heyətində meydana çıxmasına hər hansı məhdudiyyət tətbiq edilmir.
Qeyd: Premyer Liqada iştirak edən klublara şamil edilmir.
11.15 Əcnəbi futbolçularla bağlı məhdudiyyət ləğv edilir və komandaların start heyətində əcnəbi futbolçuların iştirakı sərbəst şəkildə təmin olunur.
11.16 Meydanda hər hansı tütün məmulatlarından və elektron siqaretdən istifadə etmək qadağandır.
 
12. Oyun zamanı oyunçuların əvəzlənməsi
 
12.1 AFFA U-11 Liqasında əvəzetmə limitsizdir. Əvəz olunmuş oyunçu yenidən meydana daxil ola bilər.
12.2 Meydana daxil olmağa hazırlaşan oyunçu hakimə lisenziya ilə yaxınlaşmalıdır.
12.3 Oyun ərzində ehtiyat oyunçular isinmə hərəkətlərini etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 7 oyunçu eyni anda edə bilər.
 
13. Oyunun protokolu
 
13.1 Komandalar oyundan ən azı 75 dəqiqə öncə elektron protokolu oyunun baş hakiminin elektron poçt ünvanına göndərməlidir.
13.2 Protokolda oyunçunun adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adı, soyadı və vəzifəsi yazılmalıdır. 
13.3 İlk 7-lik kimi protokolda göstərilən oyunçular start heyətdə oyuna başlayır. Digər futbolçular ehtiyat oyunçular skamyasında əyləşir. Oyunçuların futbol formalarında göstərilən nömrələr protokoldakı nömrələrə uyğun gəlməlidir.
13.4 Oyunun hakimi oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyasını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
• Lisenziyanın nömrəsi;
• Komandanın adı;
• Şəxsin adı, soyadı, atasının adı;
• Fotoşəkil;
• Təvəllüdü;
13.5 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa, bu məsələyə AFFA İntizam Komitəsi tərəfindən baxılacaqdır.
13.6 Oyunun baş tutması üçün komandalar meydanda tam heyətlə olmalıdırlar. Əks halda oyun baş tutmamış sayılır, komanda üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında cəzalandırılır və oyunun protokolu bağlanılır.
13.7 Oyun ərzində zədələnmə və s. kimi hallar baş verərsə,oyunçu dəyişikliyi üçün ehtiyat oyunçu olmazsa, komanda maksimum 5 nəfər ilə oyuna davam edə bilər. Oyun gedişi zamanı zədə alanların sayı 3 nəfər olarsa, oyunun baş hakimi oyunu saxlayır.
 
14. Oyunlarda iştirakdan imtina və oyunların dayandırılması
 
14.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə AFFA İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
14.2 Komanda AFFA-nın İntizam Məcəlləsində göstərilən müvafiq sayda (2 dəfə) oyuna çıxmaqdan imtina edərsə, yetərsay və təyin edilən vaxtda meydanda olmadıqda turnirdən kənarlaşdırılır.
14.3 Liqadan hər hansı səbəbdən kənarlaşdırılan komandanın növbəti mövsümdə liqaya buraxılıb-buraxılmaması barədə yekun qərar AFFA tərəfindən qəbul edilir.
14.4 Əgər oyun başlandıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, AFFA-nın Liqaların Təşkili şöbəsi klublar və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər. Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
 
15. Hakimlik və İnspeksiya
 
15.1 AFFA U-11 Liqasının oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakim idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi AFFA U-11 Liqasının oyunlarına 1 nəfərdən ibarət hakim təyin edir.
15.2 Hakim oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdır.
15.3 Protokollar oyundan sonra 30 dəqiqə ərzində tərtib edilməli və 24 saat ərzində AFFA-nın Liqaların Təşkli şöbəsinə təqdim olunmalıdır.
15.4 Hakim oyunun protokoluna adı daxil edilmiş oyunçuların sənədlərini (lisenziyalarını) mütləq yoxlamalıdır. Oyuna cəlb edilmiş oyunçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
15.5 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
15.6 Hakimlərin oyunla əlaqəli hər hansı bir fakt və onun nəticəsi ilə bağlı qərarı, o cümlədən, qol vurulması və ya vurulmamasını hesaba almaqla bağlı qərarı qətidir.
 
16. AFFA-nın İntizam Komitəsinin qərarları
 
16.1 Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları AFFA-nın İntizam Komitəsi qəbul edir.
 
17.Sarı, qırmızı və yaşıl vərəqələr
 
17.1 AFFA U-11 Liqasında sarı və qırmızı vərəqələrdən istifadə olunmur.
17.2 Oyun zamanı kobudluq edən oyunçu olarsa, oyunun baş hakimi tərəfindən baş məşqçiyə bildirilir və kobud oyuna görə oyunçu ilk dəfə xəbərdarlıq, ikinci dəfə 2 dəqiqəlik, üçüncü dəfə 5 dəqiqəlik, dördüncü dəfə isə birdəfəlik meydandan kənarlaşdırılır və rəqib komandanın lehinə penalti zərbəsi təyin edilir. Cəza yalnız kobudluq etdiyi tura şamil olunur.
17.3 Oyun zamanı cəzalandırılmış oyunçunun əvəzinə digər oyunçu meydana daxil ola bilər.
17.4 AFFA U-11 Liqasında "Yaşıl kart" qaydası tətbiq olunur. Oyun ərzində FAIR PLAY qaydalarına əməl edən futbolçulara hakimlər tərəfindən "yaşıl kart" göstəriləcə               
                                                                      
18. Protestlər
 
18.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun hakimi AFFA-nın Liqaların Təşkli şöbəsinə öz izahatını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 12 saat ərzində AFFA-nın Liqaların Təşkili şöbəsinə çatdırılmalıdır.
18.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
• 7 metrlik cərimə zərbələrinin (penalti) təyin olunması;
• 7 metrlik cərimə zərbələrinin (penalti) təyin olunmaması;
• Topun qapı xəttini keçib-keçməməsi barədə;
18.3 AFFA-nın Oyunçuların Statusu və Transferi haqqında Əsasnaməyə əsasən AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarından bu qərar alındığı gündən 15 (on beş) gün ərzində AFFA Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verilə bilər. Apellyasiya Arbitraj Tribunalının qərarı yekun qərardır.
 
19. Mükafatlandırma
 
19.1 Liqada keçiriləcək oyunların nəticəsi qeydə alınmayacaq, liqa üzrə qaliblər müəyyənləşdirilməyəcək.
19.2 Nəticələr qeydə alınmayacağı üçün final mərhələsi təşkil olunmayacaq.
19.3 Mövsümün sonunda ən çox “Yaşıl kart” alan oyunçu AFFA tərəfindən mükafatlandırılır.
 
20. Mətbuat
 
20.1 Oyundan sonra müraciət olunduqda hər hansı oyunçu, məşqçi və klub rəsmisindən AFFA-nın mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
21. Stadion və iştirakçı komandaların təminatı
 
21.1 Mövsüm ərzində AFFA tərəfindən stadionlar aşağıdakı bəndlər üzrə təmin olunur:
a) Top №4 (təsdiq edilmiş sayda);
b) Qapılar 4 ədəd (2m x 5 m);
c) Qapı toru;
d) Oyun gödəkçələri (jilet);
e) İcarə haqqı;
21.2 Mövsüm ərzində AFFA tərəfindən əvvəlcədən müəyyən olunmuş komandalar aşağıdakı bəndlər üzrə təmin olunur:
a) Nəqliyyat xərcləri (təsdiq edilmiş məbləğdə)
 
22. Reklam lövhələri və aksiyaları (promotion)
 
22.1 Meydanda reklam lövhələrinin (1 ədəd) yerləşdirilməsi aşağıdakı sxemdə göstərildiyi kimi olmalıdır.
 
23.Xüsusi bənd
 
23.1 Azərbaycan Respublikası ərazisində hansısa fors-major halla bağlı xüsusi rejimlər tətbiq olunarsa, bu zaman futboldakı qaydalar da buna uyğunlaşdırılacaq və qaydaların yeni versiyası müvafiq qurumlara, eləcə də AFFA-nın Liqaların təşkili şöbəsinə rəsmi tənzimləmələr şəklində göndəriləcək.
23.2 Bu Əsasnamə AFFA U-11 Liqasının 2026/2027-ci illər mövsümünü əhatə edir.
23.3 Bu Əsasnamə 14 sentyabr 2026-cı il tarixindən qüvvəyə minir və 30 iyun 2027-ci il tarixinədək qüvvədə qalır.
23.4 Mövsüm ərzində Əsasnaməyə dəyişikliklər və əlavələr bu Əsasnaməyə əlavə mətnin təsdiqlənməsi yolu ilə aparıla bilər. Dəyişikliklər barədə komanda nümayəndələrinə rəsmi məlumat verilməlidir.
Baş Sponsor