az en
Əsasnamə Təqvim
2026/2027-ci illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 9 yaşadək (U-9) oğlanlardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
 
Əsasnaməsi
 
1. Əsas müddəalar
1.1 Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
 
2.1 AFFA  U-9 Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
• Uşaqlar arasında futbolun təbliği və kütləviliyi;
• Uşaqlarda futbola marağın artırılması;
• Uşaqların asudə vaxtlarının səmərəli keçiriliməsi;
• İdman fəaliyyətlərini boş vaxt üçün istifadə etmənin təşviqi və populyarlaşdırılması;
 
3. İştirakçıların müəyyən olunması
 
3.1 U-9 Liqasında klublara və komandalara iştirak hüququnu AFFA verir.
 
4. İştirakçı komandanın öhdəlikləri
 
4.1 İştirakçı klublar və ya komandalar bu Əsasnamənin bütün bəndlərinə riayət etməlidirlər.
4.2 İştirakçı klublar və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair-Play prinsiplərinə riayət etməlidirlər.
4.3 Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (oyunçular, rəsmi şəxslər, azarkeşlər və b.) davranışına görə məsuliyyət daşıyırlar.
 
5. Transfer, icarə və sifariş məsələləri
 
5.1 Hər bir oyunçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
5.2 Oyunçuların sərbəst şəkildə digər klublara keçidini təmin etmək məqsədilə transfer pəncərəsi aradan qaldırılır.
5.3 Cari mövsüm ərzində hər bir oyunçu 3 fərqli klubda çıxış edə bilər (cari mövsümdə ilkin olaraq qeydiyyatda olduğu klub bu saya daxildir).
5.4 Oyunçuların Statusu və Transferi Əsasnaməsinə əsasən Oyunçuların statusu və transferi ilə əlaqədar yaranan mübahisələrə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində baxılır.
5.5 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
 
6. Oyun forması ilə bağlı qaydalar
 
6.1 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
6.2 Oyunçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında mütləq qoruyucular (şitki) olmalıdır.
6.3 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən [email protected] elektron poçt ünvanına rəsmi məlumat verməlidir.
 
7. Klublar və ya komandalar üçün qeydiyyat qaydaları
 
7.1 AFFA-nın rəsmi internet səhifəsində (www.affa.az) olan ”Futbola Qoşul” onlayn qeydiyyat sistemində oyunçu və digər iştirakçıların qeydiyyat qaydaları təqdim edilib.
7.2 Qeydiyyat qaydalarında tələb olunan sənədlərə bilərəkdən həqiqi olmayan məlumatı vermək məqsədi ilə edilən dəyişikliklər sənəd saxtalaşdırılması kimi qəbul edilir və müvafiq olaraq məsuliyyət yaradır.
Qeyd: Sənəd saxtalaşdırılması edən klub və ya komandaya həmin tur üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında ödənişdən imtina edilir.
 
8. Yarışın keçirilmə sistemi
 
8.1 Yarışlar bir (1) - seçmə mərhələdən və Bakı zonasında 32, Sumqayıtda 9, Gəncədə 7, Tovuzda 10, Lənkəranda 4 və Zaqatalada isə 4 komanda iştirak edir.
8.2 Rəqabətli oyunların baş tutması, komandaların öz səviyyələrinə uyğun rəqiblərlə qarşılaşması məqsədi ilə Bakı zonasında hər dövrədən sonra hazırda qruplarda yer alan komandaların yerdəyişməsi baş tutacaqdır.
Bakı zonası-31 komandanın iştirakı ilə 4 qrupa bölünməklə 4 dövrədən ibarət keçiriləcəkdir.
Sumqayıt zonası-9 komandanın iştirakı ilə 3 dövrədən ibarət keçiriləcəkdir.
Gəncə zonası-7 komandanın iştirakı ilə 4 dövrədən ibarət keçiriləcəkdir.
Tovuz zonası-10 komandanın iştirakı ilə 3 dövrədən ibarət keçiriləcəkdir.
Lənkəran və Zaqatala zonaları-4 komandanın iştirakı ilə 7 dövrədən ibarət keçiriləcəkdir.
8.3 Təqvimlər AFFA-nın Liqaların Təşkili şöbəsi tərəfindən tərtib olunur.
 
9. Meydan
 
9.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanda keçirilir.
9.2 Meydanın uzunluğu 40 metr, eni isə 20 metr olaraq müəyyən olunub.
9.3 Meydanda iki qapı olmalıdır.
9.4 Penalti nöqtəsindən qapı xəttinə olan məsafə 5 metr təşkil edir.
 
 
10. Oyunun təşkili
 
10.1 AFFA U-9 Liqasında oyuna hakimliyi AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilən hakim və ya birinci hissədə nominal qaydada qonaq komanda qismində çıxış edən komandanın məşqçisi, ikinci hissədə isə nominal qaydada ev sahibi qismində çıxış edən komandanın məşqçisi edəcək.
10.2 AFFA U-9 Liqasının oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. Oyunlar istisna hal kimi digər günlərə AFFA-nın Liqaların Təşkili şöbəsi tərəfindən təyin oluna bilər.
10.3 AFFA-nın Liqların Təşkli şöbəsi hər turdan öncə oyunların vaxtı ilə əlaqədar regional nümayəndəliyinə və yaxud komandanın əlaqələndirici şəxsinə məlumat verir.
10.4 Komandalar oyunun başlanmasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydana gəlməlidirlər. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir. Oyunun başlanmasına 20 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə oyunçuların adları və soyadları yazılmalı, oyunçuların lisenziyaları rəqib komandanın baş məşqçisinə təqdim edilməlidir. Oyundan əvvəl lisenziyalar rəqib (qonaq) komandanın baş məşqçilərinə təqdim edilmədiyi halda oyun başlanılmır.
10.5 Oyun başlayan zaman klub və ya komanda meydanda olmazsa, aldığı yol xərcinin 50% miqdarında ödənişdən imtina edilir.Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə ödənişdən imtina 100%-ə çatdırılır və oyunun protokolu bağlanılır. (Fors-major hallar istisna olmaq şərti ilə)
10.6 AFFA U-9 Liqasında əvvəlcədən təyin olunmuş komandaların nəqliyyat xərci AFFA tərəfindən təmin olunur (Peşəkar futbol klubları və həmin klublarla əlaqəli olan komandalar, həmçinin Bakı zonasında çıxış edən komandalar istisna olmaqla).
10.7. AFFA yalnız müstəqil futbol məktəblərinin nəqliyyat xərclərini qarşılayır.
10.8 AFFA U-9 Liqasında mərkəzləşdirilmiş zonalarda keçirilən oyunların stadionunun icarə haqqı AFFA tərəfindən ödənilir.
10.9 Təcili Tibbi Yardım və ya həkim briqadası oyundan əvvəl meydançanın ərazisində olmalıdır. (Təcili Tibbi Yardım və ya həkim briqadası olmadan oyun başlaya bilməz).
                                                                          
11. Oyun qaydaları
 
11.1 Bütün oyunlar bəzi istisnalar olmaqla FİFA oyun qaydalarına əsasən keçirilir.
11.2 AFFA U-9 Liqasında “Oyundankənar“ (off-side) vəziyyət tətbiq olunmur.
11.3.Liqada yaşı 9-dək olan oyunçular iştirak edə bilər (təvəllüdü 01.01.2018-ci ildən başlayanlar və maksimum üç il aşağı təvəllüdlü).
11.4 2026/2027-ci illər mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun tərkibində cəlb olunmuş oyunçu mövcud lisenziyanı təqdim etdikdə, digər liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
11.5 Oyunlar iki hissədən ibarətdir. Hər hissə 20 dəqiqə, hissələrarası fasilə isə 5 dəqiqədir. Bundan əlavə hər hissənin gedişində komandaların taktiki və fiziki bərpasının təmin edilməsi məqsədilə 150 saniyəlik (2 dəqiqə 30 saniyə) əlavə fasilə verilir.
11.6 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş oyunçularla həyata keçirilir. Oyunun protokoluna 12 oyunçunun adı qeyd olunur (6 əsas və 6 ehtiyat oyunçu). Komandalara oyun zamanı əvəzetmələrdən istifadə etməklə ehtiyatda olan bütün oyunçuların oyuna cəlb edilməsi, həmçinin hər bir komandaya oyun ərzində ən azı 2 müxtəlif oyunçunun qapıçı mövqeyində çıxış etməsi, əsas qapıçıdan əlavə ehtiyat qapıçı mövcud olduğu halda onun da oyuna cəlb olunması, ehtiyat qapıçı olmadığı təqdirdə isə digər meydan oyunçularından qapıçı mövqeyində istifadə olunması tövsiyə edilir.
11.7. Hansı komanda oyun ərzində 3 top fərqi ilə geridə olarsa, bu zaman əsas heyətə 1 nəfər oyunçusunu əlavə edə bilər. Hesab arasındakı fərq 6 qol olarsa, bu zaman məğlub durumda olan komanda əsas heyətə daha 1 oyunçu əlavə edə bilər.
Hesab fərqi 4 qola enən zaman meydanda olan əlavə 2 oyunçudan 1-i meydanı tərk etməlidir. Yekun olaraq, 3 qol fərqi olan zaman əlavə 1 oyunçu, 6 qol fərqi olan zaman əlavə daha bir oyunçu meydana daxil ola bilər. Qol fərqinin 4-ə və ya 2-yə enməsi halında, əlavə oyunçuların meydanı tərk etməsi məcburi deyil; bu halda məşqçi heyətdə meydanda olan əlavə oyunçulardan istənilən birini, o cümlədən daha əvvəl meydana daxil olmuş oyunçunu və ya digər iki oyunçudan birini əvəzləyə bilər.
Hesab fərqinə görə, meydana əlavə olaraq daxil ola biləcək oyunçuların sayı maksimum 2 nəfər olmalıdır.
11.8 U-9 liqasında əsas heyətdə maksimum 3 nəfər qız oyunçunun iştirakına AFFA tərəfindən etiraz edilmir və bu zaman əsas heyətin say limiti pozulmamalıdır. Start heyətin formalaşdırılması zamanı qız oyunçuların sayı oğlan oyunçuların sayından çox olmamalıdır. Ehtiyat oyunçular siyahısında yer alan qız oyunçuların sayına dair hər hansı məhdudiyyət tətbiq edilmir. Qız oyunçu həm oğlan, həm də qız oyunçu ilə əvəzlənə bilər.
11.9 Yalnız komanda tərkibində qeydiyyatdan keçmiş rəsmi şəxslərin və 6 oyunçunun ehtiyat skamyalarında əyləşməsinə icazə verilir.
11.10 Top meydanı qapı xəttindən tərk edərsə, top meydana yalnız qapıçı tərəfindən əl ilə daxil edilməlidir və bu halda top mərkəz xəttini keçən zaman sərbəst zərbə təyin edilmir. Qapıçı “qapıçı vuruşu“ ilə topu yerə qoyub başlamaq istəyərsə, bu zaman rəqib oyunçu qapıçıdan öncə topa müdaxilə edə bilər. Qapıçı vuruşu zamanı top mərkəz xəttini keçməməlidir, əks halda sərbəst zərbə təyin ediləcəkdir.
11.11 Top meydanı yan xətdən tərk edərsə, top meydana yalnız ayaqla daxil olunmalıdır. Həm yan xətt, həm də künc zərbəsi yerinə yetirilərkən futbolçu topa birbaşa zərbə endirmədən oyunu driblinqlə davam etdirə bilər; lakin bu vəziyyətdə qolun etibarlı hesab olunması üçün topa komanda yoldaşı tərəfindən toxunulması (ötürmənin qəbul edilməsi) mütləqdir.
11.12 Top oyuna mərkəzdən daxil edildiyi zaman, topa ilk toxunuşdan sonra ikinci toxunuş həyata keçirilmədən birbaşa qapıya vurulan və qol ilə nəticələnən zərbə hesablanmır.
11.13 Oyun zamanı oyunçu öz qapıçısına ötürmə edərsə, qapıçının topa əl ilə toxunması qadağandır və bu halda sərbəst zərbə təyin edilir.
11.14 AFFA U-9 Liqasında əvəzetmə limitsizdir. Əvəz olunmuş oyunçu yenidən meydana daxil ola bilər.
11.15 Meydana daxil olmağa hazırlaşan oyunçu oyuna hakimlik edəcək komandanın baş məşqçisinə  lisenziya ilə yaxınlaşmalıdır.
11.16 Oyun ərzində ehtiyat oyunçular isinmə hərəkətlərini etmək üçün texniki zonanı tərk edə bilər. İsinmə hərəkətlərini 6 oyunçu eyni zamanda edə bilər.
11.17 2026/2027-ci illər mövsümündə AFFA tərəfindən keçirilən bütün aşağı yaş liqalarda eyni klubun və ya komandanın tərkibində cəlb olunmuş oyunçulardan yalnız 5-i (beşi) mövcud lisenziyanı təqdim etdikdə, yuxarı liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər. Həmin oyunçuların eyni vaxtda start heyətində meydana çıxmasına hər hansı məhdudiyyət tətbiq edilmir.
Qeyd: Premyer Liqada iştirak edən klublara şamil edilmir.
11.18 Əcnəbi futbolçularla bağlı məhdudiyyət ləğv edilir və komandaların start heyətində əcnəbi futbolçuların iştirakı sərbəst şəkildə təmin olunur.
11.19.Texniki zonada hər hansı tütün məmulatlarından istifadə etmək, elektron siqaret çəkmək qadağandır.
 
12. Oyunun protokolu
 
12.1 Oyundan öncə hər komanda oyunun protokolunu doldurmalıdır.
12.2 Protokolda oyunçunun adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adı, soyadı və vəzifəsi yazılmalıdır.
12.3 Komandalar oyundan ən azı 30 dəqiqə öncə protokolu oyuna ilk hissədə hakimlik edəcək qonaq komanda qismində çıxış edən komandanın baş məşqçisinə  təqdim etməlidirlər.
12.4 İlk 6-lıq kimi protokolda göstərilən oyunçular start heyətdə oyuna başlayır. Digər futbolçular ehtiyat oyunçular skamyasında əyləşir. Oyunçuların futbol formalarında göstərilən nömrələr protokoldakı nömrələrə uyğun gəlməlidir.
12.5 Hər iki komandanın baş məşqçisi oyundan öncə protokolda göstərilən rəqib komandaya aid olan bütün şəxslərin lisenziyasını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyanı çap edib oyuna gətirməlidir.
 Lisenziyada aşağıdakılar əks olunur:
• Lisenziyanın nömrəsi;
• Komandanın adı;
• Şəxsin adı, soyadı, atasının adı;
• Fotoşəkil;
• Təvəllüdü.
12.6 Əgər oyunun protokolu tələb olunan vaxtda oyuna hakimlik edəcək qonaq komanda qismində çıxış edən komandanın baş məşqçisinə təqdim olunmazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
12.7 Oyunun baş tutması üçün komandalar meydanda tam heyətlə olmalıdırlar. Əks halda oyun baş tutmamış sayılır. Bu zaman komanda onun üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında cəzalandırılır və oyunun protokolu bağlanılır.
12.8 Oyun zamanı zədələnmə və s. kimi hallar baş verərsə, oyunçu dəyişikliyi üçün ehtiyat oyunçu olmazsa, komanda maksimum 2 nəfər azlıqda oyunu davam etdirə bilər.
 
13. Oyunlarda iştirakdan imtina və oyunların dayandırılması
 
13.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
13.2 Komanda AFFA-nın İntizam Məcəlləsində göstərilən müvafiq sayda oyuna çıxmaqdan imtina edərsə, yetərsay və təyin edilən vaxtda meydanda olmadıqda turnirdən kənarlaşdırılır.
13.3 Liqadan hər hansı səbəbdən kənarlaşdırılan komandanın növbəti mövsümdə liqaya buraxılıb-buraxılmaması barədə yekun qərar AFFA tərəfindən qəbul edilir.
13.4 Əgər oyun başladıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, AFFA-nın Liqaların Təşkili şöbəsi klublar və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər. Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
 
14. AFFA-nın İntizam Komitəsinin qərarları
 
14.1 Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları AFFA-nın İntizam Komitəsi qəbul edir.
 
Sarı, qırmızı və yaşıl vərəqələr
 
14.2 AFFA U-9 Liqasında sarı və qırmızı vərəqələrdən istifadə olunmur.
14.3 Oyun zamanı kobudluq edən oyunçu olarsa oyuna hakimlik edəcək komandanın baş məşqçisi tərəfindən rəqib baş məşqçiyə bildirilir və kobud oyuna görə oyunçu ilk dəfə xəbərdarlıq, ikinci dəfə 2 dəqiqəlik, üçüncü dəfə 5 dəqiqəlik, dördüncü dəfə isə birdəfəlik meydandan kənarlaşdırılır və rəqib komandanın lehinə penalti zərbəsi təyin edilir. Cəza yalnız kobudluq etdiyi tura şamil olunur.
14.4 Oyun zamanı cəzalandırılmış oyunçunun (cəza müddəti bitməmiş) əvəzinə digər oyunçu meydana daxil ola bilər.
14.5 AFFA U-9 Liqasında "Yaşıl kart" qaydası tətbiq olunur. Oyun ərzində FAIR-PLAY qaydalarına əməl edən oyunçulara hakimlər və ya hakimlik edəcək məşqçilər tərəfindən "Yaşıl kart" göstəriləcək.
 
15. Mətbuat
 
15.1 Oyundan sonra müraciət olunduqda hər hansı oyunçu, məşqçi və klub rəsmisindən mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
                                                       
16. Stadion və iştirakçı komandaların təminatı
 
16.1 Mövsüm ərzində AFFA tərəfindən stadionlar aşağıdakı bəndlər üzrə təmin olunur:
a) Top №4 (təsdiq edilmiş sayda);
b) Qapılar 2 ədəd (2m x 3m);
c) Qapı toru;
d) Oyun gödəkçələri (jilet);
e) Həkim və ya Təcili Tibbi Yardım briqadası;
f) Mühafizə xidməti.
 
17. Mükafatlandırma
 
17.1 Liqada keçiriləcək oyunların nəticəsi qeydə alınmayacaq, liqa üzrə qaliblər müəyyənləşdirilməyəcək.
17.2 Nəticələr qeydə alınmayacağı üçün final mərhələsi təşkil olunmayacaq.
17.3 Mövsümün sonunda ən çox “Yaşıl kart” alan oyunçu AFFA tərəfindən mükafatlandırılır.
 
18.Protestlər
 
18.1 Azərbaycan Respublikası ərazisində hansısa fors-major halla bağlı xüsusi rejimlər tətbiq olunarsa, bu zaman futboldakı qaydalar da buna uyğunlaşdırılacaq və qaydaların yeni versiyası müvafiq qurumlara, eləcə də AFFA-nın Liqaların təşkili şöbəsinə rəsmi tənzimləmələr şəklində göndəriləcək.
18.2 Bu Əsasnamə AFFA U-9 Liqasının 2026/2027-ci illər mövsümünü əhatə edir.
18.3 Bu Əsasnamə 14 sentyabr 2026-cı il tarixindən qüvvəyə minir və 30 iyun 2027-ci il tarixinədək qüvvədə qalır.
18.4 Mövsüm ərzində Əsasnaməyə dəyişikliklər və əlavələr bu Əsasnaməyə əlavə mətnin təsdiqlənməsi yolu ilə aparıla bilər. Dəyişikliklər barədə komanda nümayəndələrinə rəsmi məlumat verilməlidir.
Baş Sponsor