az en
Əsasnamə Təqvim Cədvəl Arxiv
2021/2022-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Bakcell şirkətinin sponsorluğu ilə 17 (U-17) yaşadək  oğlan futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
 
Əsasnaməsi
 
1. Əsas müddəalar
 
1.1 Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
2.1 AFFA  Bakcell U-17 Liqa  aşağıdakı məqsədlər üçün keçirilir:
•Turnirin qalibini müəyyən etmək;
•Uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi;
•Uşaq və yeniyetmə futbolçuların ustalığının yüksəldilməsi;
•Uşaq və yeniyetmə fubolçuların klublarda hazırlanması və yığma komandalara cəlb olunması;
•Komandaların mövsümün yekununda tutduqları yerlərin müəyyən edilməsi;
 
3. Yarışlara rəhbərlik
3.1 AFFA  Bakcell U-17 Liqa sının keçirilməsini və nəzarəti AFFA həyata keçirir.
3.2 Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin (UGYTŞ) nümayəndəsi oyunlarda AFFA nümayəndəsi qismində iştirak edə bilər.
 
4. İştirakçıların müəyyən olunması
4.1 AFFA Bakcell U-17 Liqa da klublara və komandalara iştirak hüququnu AFFA verir.
4.2 AFFA Bakcell U-17 Liqa da bir klub bir ad altında bir komanda ilə təmsil oluna bilər.
4.3 AFFA Bakcell U-17 Liqa da cari mövsümdə Premyer Liqada iştirak edən klubların müvafiq yaş qrupundan ibarət komandasının iştirakı mütləqdir.
4.4 Premyer Liqa, I Divizion və aşağı yaş qrupları  üzrə liqalarda (U-9 – U-16 olmaq şərti ilə) son 3 mövsüm ardıcıl iştirak  etmiş komandalar AFFA  Bakcell U-17  liqasında iştirakla bağlı müraciət edə bilər.
 
5. Futbolçuların təvəllüdü və liqalardakı iştirakı
5.1 Liqada yaşı 17-dək olan futbolçular iştirak edə bilər (təvəllüdü 01.01.2005-ci ildən başlayanlar).
5.2 2021/2022-ci il mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun və ya komandanın tərkibində sifariş olunmuş futbolçu mövcud lisenziyanı təqdim etdikdə, digər liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
5.3 Futbolçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunmur.
5.4 AFFA  Bakcell U-17 Liqa da hər komanda meydanda Azərbaycan vətəndaşı olmayan maksimum 2 futbolçu ilə çıxış edə bilər (Əvəzetmə zamanı limit pozulmamalıdır).
5.5 Hər futbolçu mövsüm ərzində ən çox iki komandada çıxış edə bilər.
5.6 Sifariş vərəqəsində göstərilməyən və müvafiq lisenziya almayan komanda üzvləri oyunlar keçirilən zaman texniki zonaya buraxılmır.
 
6.Klublar və ya komandalar üçün qeydiyyat qaydaları
6.1 Affa.az saytında ”Futbola Qoşul” onlayn qeydiyyat sistemində futbolçu və digər iştirakçıların qeydiyyat qaydaları təqdim edilib.
6.2 Qeydiyyat qaydalarında tələb olunan sənədlərə bilərəkdən həqiqi olmayan məlumatı vermək məqsədilə edilən dəyişikliklər sənəd saxtalaşdırılması kimi qəbul edilir.
Qeyd: Saxtakarlıq edən klub və ya komanda həmin tur üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında AFFA nümayəndəsi tərəfindən cəzalandırılır.
6.3 Yuxarıda göstərilən hallar aşkarlanarsa, İntizam Komitəsi tərəfindən aşağıda qeyd olunan cəzalar tətbiq oluna bilər:
a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət);
b) Futbolçunun lisenziyasının ləğvi;
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi;
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi;
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi;
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
 
7.İştirakçı komandanın öhdəlikləri
7.1 İştirakçı klublar və ya komandalar bu əsasnamənin hər bir bəndinə riayət etməlidirlər.
7.2 İştirakçı klub və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
7.3 İştirakçı klub və komandalar oyuna gələn zaman lisenziyaları rəngli çap edib oyuna gətirməlidirlər (A4 formatında).
7.4 Pandemiya dövründə oyundan öncə hər bir oyun iştirakçılarının hərarəti komandanın həkimi tərəfindən ölçülməlidir. COVID-19-un simptomlar aşkarlananlar barədə dərhal həkimə məlumat verilməlidir.
7.5 Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər, valideyinlər və s.) davranışlarına məsuliyyət daşıyırlar.
7.6 Ev sahibi komanda oyun zamanı stadionda təhlükəsizliyə məsuliyyət daşıyır.
7.7 Ev sahibi komanda oyunu 6 (altı)  ədəd №5 top ilə təhciz etməlidir. Pandemiya dövründə oyuna başlamazdan öncə toplar dezinfeksiya edilməlidir.
7.8 Ev sahibi komanda hakimlər və rəqib komandanı soyunub-geyinmə otağı ilə təmin etməlidir.
7.9 Təcili Tibbi Yardım maşını və ya həkim briqadası oyuna 15 dəqiqə qalmış meydanın ərazisində olmalıdır (Təcili Tibbi Yardım maşını və ya həkim briqadası olmadan baş hakim oyunu başlaya bilməz).
7.10 Ev sahibi komanda bir gün öncə digər şəhərdən gələn qonaq komanda tərəfindən müraciət olunduğu halda məşq üçün meydanı təmin etməlidir. Komandalar arasında qarşılıqlı razılıq olmadığı halda qonaq komanda bir saatdan artıq məşq üçün meydan tələb edə bilməz.
7.11 Hər klub və ya komanda əlaqələndirici şəxsi təyin etməlidir, əlaqə telefonu, elektron poçtun ünvanı (e-mail) UGYTŞ-yə təqdim etməlidir.
 
Oyun forması ilə bağlı qaydalar:
7.12 Forma seçimində üstünlük ev sahibi komandaya verilir. Komandalar öncədən oyun forması ilə bağlı razılığa gəlməlidirlər.
7.13 Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında qoruyucular (şitki) olmalıdır.
7.14 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol formasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən UGYTŞ-yə məlumat verməlidir.
 
8.Transfer, icarə və sifariş məsələləri
8.1 Hər bir futbolçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
8.2 Cari il ərzində heç bir komandada sifariş edilməyən oyunçu istənilən zaman komandaya cəlb oluna bilər. 05.01.2022-ci il tarixdən – 31.01.2022-ci il tarixədək qış transfer pəncərəsi açıq elan edilir.
8.3 Qış transfer pəncərəsi başa çatdıqdan sonra oyun protokulunda adı qeyd edilməyən oyunçu  digər komandaya cəlb oluna bilər.
8.4 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
8.5 Futbolçuların statusu və transferi ilə əlaqədar yaranan mübahisələrə AFFA Oyunçuların Statusu və Transferi Komitəsində baxılır.
8.6 Yalnız transfer pəncərəsi dövründə edilən müraciətlərin qərarı cari mövsüm ərzində icra oluna bilər. Transfer pəncərsindən əvvəl və ya sonra edilən məsələlərə bağlı qərar növbəti mövsümə şamil edilir.
8.7 AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarından bu qərar alındığı gündən 15 (on beş) gün ərzində AFFA Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verilə bilər. Apellyasiya Arbitraj Tribunalının qərarı yekun qərardır.
 
9.Yarışın keçirilmə sistemi
9.1 AFFA  Bakcell U-17 Liqa da oyunlar bir qrupda 12 komanda olmaqla iki dövrədən ibarət dairəvi sistemlə keçirilir.
9.2 Mövsümün təqvimi püşkatma yolu ilə tərtib olunur.
9.3 Qaliblərin müəyyən olunması:
•Komandaların turnir cədvəlində tutduğu yerlər toplanmış xallara görə
müəyyən olunur;
•Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə
görə isə xal verilmir;
•Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı
göstəricilərə görə müəyyən olunur:
•Komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə əsasən;
•Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış
qolların sayına əsasən;
•Komandaların öz aralarında səfərdə vurulan qolların sayına əsasən;
•Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;
•Bütün oyunlarda vurulmuş qolların sayına əsasən;
•Komandaların qələbə saylarına əsasən;
•Ən az qırmızı və sarı vərəqələrə görə toplanmış xalların fərqinə əsasən (sarı vərəqə 1 xal, qırmızı vərəqə 3 xal);
9.4 AFFA  Bakcell U-17 Liqa nın oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. İstisna hal kimi digər günlər UGYTŞ tərəfindən təyin oluna bilər.
9.5 Hər bir klub və ya komandanın əlaqələndirici şəxsi ay ərzində hər hansı turun ilk oyununun başlanmasından ən azı 4 gün öncə oyunun keçirilmə yeri və ya saat dəyişikliyi ilə bağlı müraciət edə bilər. Müraciətlər yalnız yazılı şəkildə və səbəbi göstərilmək şərti ilə qəbul olunacaqdır.
Misal: Əgər turun ilk oyunu həftənin cümə gününə təyin olunubsa, klub və ya komanda həmin həftənin bazar ertəsindən gec olmayaraq müraciət etməlidir.
9.6 AFFA  Bakcell U-17  Liqada iştirak edən komandalar xarici ölkələrə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər liqanın təqvimi ilə üst-üstə düşərsə klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə Bakcell U-17 Liqanın təqvim oyunları üst-üstə düşdüyü halda oyunların təxirə salınıb-salınmaması ilə bağlı son qərarı AFFA verir.
9.7 Turun ilk oyununun başlamasından 4 gün öncə oyunun keçirilmə yeri və ya saat dəyişikliyi ilə bağlı müraciət UGYTŞ-yə daxil olmadığı halda aylıq təqvim planında göstərilən tarix, yer və saat dəyişilməz olaraq qalacaqdır və oyuna 3 gün qalmış rəsmi məktub klub və ya komandanın əlaqələndirici şəxsinin elektron poçtuna (e-mail) göndəriləcəkdir. Oyunun günü və yeri dəyişilməz qaldığı təqdirdə saat dəyişikliyi ilə bağlı müraciət oyuna ən gec 2 gün qalmış edilməlidir.
 
10.Meydan
10.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanlarda keçirilir. Klublar ev oyunlarını keçirəcəkləri meydan ilə bağlı təminat məktubunu UGYTŞ-yə təqdim etməlidirlər. UGYTŞ meydanı yoxlamağa ehtiyac gördükdə meydanda inspeksiya aparmaq hüququna malikdir. AFFA icazə verdikdən sonra komanda rəqiblərini həmin meydanda qəbul edə bilər. Bir meydandan maksimum 3 komandanın istifadə etmək hüququ var. Meydança ilə müqaviləni təqdim edən ilk 3 komandanın meydandan istifadəsinə icazə veriləcəkdir. 4-cü komandanın sənədləri qəbul olunmayacaqdır.
10.2 Pandemiya dövründə AFFA  Bakcell U-17 Liqa sının təşkil edildiyi stadionlar və paltardəyişmə otaqları ev sahibi komandalar tərəfindən oyunun başlamasına ən azı 2 saat qalmış dezinfeksiya edilməlidir.
10.3 Fors-major hallarda komanda meydanı dəyişmək üçün AFFA-ya müraciət edə bilər.
10.4 Meydanda standartlara uyğun iki qapı olmalıdır.
 
11.Oyunun təşkili
11.1 Oyunun təşkili ev sahibi komanda tərəfindən həyata keçirilir.
11.2 Təqvimə uyğun olaraq adı birinci yerdə olan komanda ev sahibi hesab edilir.
11.3 Komandalar oyunun başlanmasından 60 dəqiqə öncə oyun keçirilən meydana gəlməlidirlər. (Fors – major hallarına rast gəlinərsə, komanda bu haqda təcili UGYTŞ-yə məlumat verməli və UGYTŞ bu halları araşdırıb müvafiq qərar verməlidir.) Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə, qarşılaşmanın baş hakimi tərəfindən oyunun protokolu bağlanılır.
11.4 Pandemiya dövründə yalnız 6 rəsmi şəxsin ehtiyat skamyada oturmalarına icazə verilir. Ehtiyatda olan 7 futbolçu oyunu tribunadan izləməli, ehtiyac olduğu təqdirdə əvəzetmə zamanı meydana daxil olmalıdır.
11.5 Texniki zonada siqaret çəkmək qadağandır.
11.6 Komandalar oyunun başlanmasından 75 dəqiqə öncə protokola nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı və futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar  hakimlərə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır.
11.7 Oyun günü ev sahibi komanda AFFA bayrağının stadionda asılmasını təmin etməlidir.
 
12.Oyun qaydaları
12.1 Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir.
12.2 Oyunlar iki hissədən ibarətdir. Hər hissə 45 (qırx beş) dəqiqədir. Hissələrarası fasilə isə 15 (on beş) dəqiqədir.
 
 
13.Oyun zamanı futbolçuların əvəzlənməsi
13.1 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Oyun ərzində hər komanda 7 əvəzetmədən istifadə edə bilər.
13.2 Yalnız ehtiyat futbolçu kimi göstərilən 7 nəfər oyun zamanı meydana daxil ola bilər. Oyun zamanı əvəzlənmiş futbolçu meydana bir daha qayıda bilməz.
13.3 Meydana daxil olmağa hazırlaşan futbolçu birinci yan xətt hakimə lisenziya ilə yaxınlaşmalıdır.
13.4 Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətləri etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 7 futbolçu eyni vaxtda edə bilər.
Qeyd: Stadionun vəziyyətindən asılı olaraq oyunun baş hakimi eyni vaxtda isinmə hərəkətləri edəcək oyunçuların sayını müəyyən etmək hüququna malikdir.
 
14.Oyunun protokolu
14.1 2021/2022-ci il mövsümündə AFFA  Bakcell U-17 Liqa da elektron protokol sistemi tətbiq olunacaq.
14.2 Oyunun protokoluna 18 (on səkkiz) futbolçunun (11 əsas, 7 ehtiyat) adı və soyadı yazılır.
14.3 Oyundan 75 dəqiqə öncə protokol doldurulub [email protected] elektron poçt ünvanına göndərilməlidir.
14.4 Elektron protokollarda baş verə biləcək problemlərin olması ehtimalını nəzərə alaraq, klublar və hakimlər hər oyun protokolun kağız versiyasını stadiona gətirməlidir.
14.5 Protokoldakı  futbolçunun  adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır.
14.6 İlk 11-lik kimi protokolda göstərilən futbolçular oyuna başlayır. Digər 7 futbolçu ehtiyat skamyasında (tribunada) əyləşir. Futbolçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir.
14.7 Pandemiya dövründə hər iki komanda eyni vaxtda tuneldə olmamalı, bir-birinin yanında durmamalı,oyundan öncə sıra düzülüşünə çıxmamalı, əl sıxmamalı və aidiyyəti komandalara məxsus vımpelləri bir-biri ilə dəyişdirməməlidir.
14.8 Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyalarını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
•Lisenziyanın nömrəsi;
•Komandanın adı;
•Şəxsin adı, soyadı, atasının adı;
•Fotoşəkil;
•Təvəllüdü;
14.9 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
 
15.Oyun protokolunda futbolçuların adlarının yerdəyişməsi
15.1 Hər iki komanda tərəfindən imzalanmış oyun protokolu hakimə təqdim olunduqdan sonra futbolçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
•Əgər ilk 11-likdə göstərilən hər hansı futbolçunun oyundan öncə fiziki
durumu ilə bağlı problem aşkarlanarsa, o zaman 7 ehtiyat futbolçudan biri
ilk 11-liyə daxil oluna bilər. Bu halda oyun ərzində komandanın 7 əvəzetmə
ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır;
•Əgər oyun protokolunda göstərilən 7 ehtiyat futbolçudan hər hansı birinin
fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda
göstərilməyən, lakin lisenziyası olan digər bir futbolçu ilə əvəzlənə bilər;
 
16.Oyunlarda iştirakdan imtina
16.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə, AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
16.2 Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə, turnirdən kənarlaşdırılır.
16.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm liqaya buraxılmaya bilər.
 
17. Oyunların təxirə salınması
Qonaq komanda və hakimlər səfərə çıxmazdan öncə oyunun təxirə salınması
17.1. Əgər ev sahibi komanda meydanın oyuna yararsız vəziyyətdə olduğunu müəyyən edərsə, hakimlər və qonaq komanda səfərə çıxmadan öncə dərhal UGYTŞ-ni  məlumatlandırmalıdır.
Bu halda:
•AFFA meydanın vəziyyətini yoxlamaq üçün öz nümayəndəsini göndərə bilər;
•AFFA meydanın vəziyyətini əks etdirən fotoşəkillərin elektron poçt (e-mail) vasitəsilə təqdim olunmasını tələb edə bilər;
Qonaq komanda və hakimlər səfərə çıxdıqdan sonra oyunun təxirə salınması
17.2 Bu halda oyunun təxirə salınıb-salınmayacağı ilə bağlı qərarı hakimlər müəyyənləşdirəcəklər.
17.3 Əgər baş hakim oyunun keçirilməsi üçün meydanın yararsız olması ilə bağlı qərar çıxararsa, bu halda 24 saat ərzində UGYTŞ komandalarla razılaşdırdıqdan sonra, oyunun yeni keçirilmə tarixini, saatını və yerini təyin edir. Bu qərar son olaraq dəyişilməz qalır.
17.4 Əgər oyun başladıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, UGYTŞ klub və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər və oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
17.5 Təxirə salınmış oyunun yenidən keçirilməsi üçün hər bir komandaya tələb olunan xərclər öz üzərinə düşür. Təxirə düşmüş oyunun yenidən keçirilməsi ilə bağlı günün və məkanın seçilməsində üstünlük ev sahibi komandaya verilir. Əgər komandalar arasında 7 gün ərzində təxirə düşmüş oyunun gününün və məkanının seçilməsi ilə bağlı razılığa gələ bilmirlərsə UGYTŞ tərəfindən bu barədə yekun qərar verilə bilər. Oyunun təyini təxirə düşdüyü gündən etibarən 20 gün ərzində təyin olunur. (İstisna hallar UGYTŞ tərəfindən tətbiq oluna bilər)
17.6 Meydanın yararsız vəziyyəti ilə bağlı ardıcıl olaraq 2 oyunu təxirə salan komanda 3-cü oyun üçün mütləq meydançanı təmin etməlidir.
17.7 Aşağıda göstərilən hallarda klub və ya komanda oyunun təxirə salınması ilə bağlı müraciət edə bilər:
•Meydan yararsız vəziyyətdə olduğu halda;
•Həmin liqada sifariş olunmuş futbolçulardan ən azı 5 nəfəri yığma komandalara ezam olunduğu halda;
 
18. Hakimlik və İnspeksiya
18.1 AFFA  Bakcell U-17 Liqa nın oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi AFFA   Bakcell U-17 Liqa nın oyunlarına 3 nəfərdən ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi)
18.2 AFFA  Bakcell U-17 Liqa da hakimlər eyni zamanda AFFA nümayəndəsi vəzifəsini yerinə yetirirlər.
18.3 Hakimlər briqadası oyunun başlamasından 60 dəqiqə öncə gəlib, meydanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdırlar.
18.4 Hakim oyunun keçirilməsinə cavabdeh olan şəxslərdən tələb etməlidir ki, onlar meydan ilə bağlı olan nöqsanları oyunun başlanmasına kimi həll etsin.
18.5 Protokollar oyundan sonra 30 dəqiqə ərzində tərtib edilməli və 12 saat ərzində AFFA-ya təqdim olunmalıdır.
18.6 Baş hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş futbolçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
18.7 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
19. AFFA intizam qərarları
19.1 Bütün qırmızı vərəqələrə İntizam Komitəsi tərəfindən baxılır. Futbolçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir.
Sarı və qırmızı vərəqələr
19.2 Keçən mövsüm ərzində qırmızı vərəqə almış oyunçunun cəzası növbəti mövsümə şamil olunmur. ( İK-in qərarına əsasən istisna hallar ola bilər)
•Ciddi dava-dalaşa görə verilən cəzalar.
•Oyun epizodundan kənarda baş verən xüsusi münaqişələr zamanı verilən cəzalar.
19.3 Bütün sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə məsuliyyəti komanda daşıyır).
19.4 Oyunçu oyunda qırmızı vərəqə alıbsa və oyunçu haqqında İntizam Komitəsi qərar çıxarmayıbsa, həmin oyunçu növbəti oyunu buraxır.
19.5 Oyun zamanı qırmızı vərəqə alan futbolçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxacaqdır.
19.6 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan futbolçu növbəti turu buraxmalıdır.
19.7 Sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
19.8 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət və ya texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan futbolçuları cəza çəkmiş kimi hesab olunur.
 
20.Protestlər
20.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi və ya yan xətt hakimləri AFFA-nın UGYTŞ-yə öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-nın UGYTŞ-yə çatdırılmalıdır.
20.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
•11 metrlik cərimə zərbələrinin təyin olunması;
•11 metrlik cərimə zərbələrinin təyin olunmaması;
•Oyundankənar  (off-side) vəziyyətin müəyyən edilməsi barədə;
•Topun qapı xəttini keçib-keçməməsi barədə;
20.3 İntizam Komitəsinin qərar alındığı gündən 15 (on beş) gün ərzində AFFA Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verilə bilər.  Apellyasiya Arbitraj Tribunalının qərarı yekun qərardır.
 
21.Mükafatlandırma
21.1 Liqada ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunacaq.
 
22.Mətbuat
22.1 Oyunun işıqlandırılması (video və foto çəkilişin aparılması) üçün AFFA tərəfindən ezam olunmuş mətbuat nümayəndələrinə ev sahibi komanda tərəfindən müvafiq şərait yaradılmalıdır.
22.2 Oyundan sonra müraciət olunduqda hər hansı futbolçu, məşqçi və klub rəsmisindən AFFA-nın mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
23.Reklam lövhələri və aksiyaları (promotion)
23.1    Meydanda reklam lövhələrinin (6 ədəd) yerləşdirilməsi aşağıdakı sxemdə göstərildiyi kimi olmalıdır. Reklam lövhələrinə cavabdehliyi ev sahibi komanda daşıyır.
23.2    Banerlər tələb olunan qaydada quraşdırılmadığı halda, klub və ya komanda oyun üçün meydanı təmin etməmiş kimi qəbul olunur və İntizam Komitəsi tərəfindən müvafiq qərar çıxarılır.
 
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları