2022/2023-cü il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Həvəskarlardan ibarət komandalar arasında keçirilən AFFA Region Liqasının
Əsasnaməsi
1. Əsas müddəalar
1.1 Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
2. Məqsəd və vəzifələr
2.1 AFFA Region Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
• Turnirin qalibini müəyyən etmək;
• Regionlarda futbola marağın artırılması;
• Region komandalarının inkişafına dəstək;
• Futbolçularının ustalığının yüksəldilməsi;
• Sağlam həyat tərzinin təbliği;
• Kütləviliyin artırılması;
• Mövsümün yekununda komandaların tutduqları yerlərin müəyyən edilməsi.
3. Yarışlara rəhbərlik
3.1 Region Liqasının keçirilməsini və nəzarəti AFFA-nın işçi qrupu (Regional Futbol Federasiyaları İctimai Birliyi, Məşqçilər Komitəsi, Kütləvi Futbol Departamenti, Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsi) həyata keçirir.
4. İştirakçıların müəyyən olunması
4.1 Region Liqasında klublara və komandalara iştirak hüququnu AFFA-nın işçi qrupu verir.
4.2 Region Liqasında bir klub bir ad altında bir komanda ilə təmsil oluna bilər.
4.3 Region Liqasında iştirak etmək istəyən komandalar 01.10.2022-ci il tarixinədək AFFA-nın işçi qrupuna müraciət edərək, qeydiyyatdan keçməlidir. AFFA Region Liqasında iştirak hüququ üçün komandanın nəqliyyat və digər xərclərini təmin edəcək sponsor və ya şirkət tərəfindən təminat məktubu, eləcə də ev oyunlarını keçirəcəyi stadiondan təminat məktubu və ya icarə müqaviləsi təqdim edilməlidir. İştirak hüququ ilə bağlı AFFA-nın işçi qrupu tərəfindən qərar 7 (yeddi) gün ərzində verilir.
5. Transfer, icarə və sifariş məsələləri
5.1 Hər bir futbolçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
5.2 Region Liqasında Azərbaycan vətəndaşı olmayan oyunçular sifariş edilə bilməz (ən azı 2 il ərzində Azərbaycanda yaşayan və heç bir futbol fəaliyyəti olmayan şəxslər istisna hal kimi Region Liqasında həvəskar olaraq iştirak edə bilər).
5.3 Mövsüm ərzində peşəkar müqaviləsi olan oyunçu, Region Liqasında müvafiq mövsüm ərzində transfer oluna bilməz. 2022/23-cü illər mövsümündə Azərbaycan Premyer Liqası və I Divizionda qeydiyyata alınmış futbolçu AFFA Region Liqasında iştirak edə bilməz. Futzal Yüksək Liqa, Birinci Liqa və İkinci Liqada iştirak edən oyunçu AFFA Region Liqasında iştirak edə bilər.
5.4 20 oktyabr 2022-ci il tarixindən Region Liqasında transfer pəncərəsi bağlanılır (cari il ərzində heç bir komandada sifariş edilməyən oyunçu istənilən zaman komandaya cəlb oluna bilər). 05.01.2023-cü il tarixindən – 31.01.2023-cü il tarixədək qış transfer pəncərəsi açıq elan edilir. Komandalar həmçinin II dövrə bitdikdən sonra 7 ( yeddi) gün müddətində transfer əməliyyatları apara bilər.
5.5.Qış transfer pəncərəsi başa çatdıqdan sonra oyun protokolunda adı qeyd edilməyən oyunçu digər komandaya cəlb oluna bilər.(əsas və ehtiyat)
5.6 Futbolçuların statusu və transferi ilə əlaqədar yaranan mübahisələrə AFFA Oyunçuların Statusu və Transferi Komitəsində baxılır.
5.7 Yalnız transfer pəncərəsi dövründə edilən müraciətlərin qərarı cari mövsüm ərzində icra oluna bilər. Transfer pəncərəsindən əvvəl və ya sonra edilən məsələlərə bağlı qərar növbəti mövsümə şamil edilir.
5.8 AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarından bu qərar alındığı gündən 15 (on beş) gün ərzində AFFA Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verilə bilər. Apellyasiya Arbitraj Tribunalının qərarı yekun qərardır.
5.9 Futbolçuların mövsüm ərzində əlavə sifarişi və transferləri aşağıda göstərilmış qaydalar üzrə həyata keçirilməlidir:
a)AFFA-nın işçi qrupu tərəfindən öncədən müəyyənləşdirilmiş transfer dövründə klubun əlavə sifariş və transfer etmək hüququna məhdudiyyət yoxdur.
b)Mövsümün əvvəlində futbolçuya verilən lisenziya mövsümün sonunadək həmin futbolçunun kluba məxsus olduğunu göstərir.
5.10 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
Klub və ya komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
5.11 Mövsüm ərzində aşağıda göstərilmiş hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan saxta sənədlər:
• Doğum haqqında şəhadətnamə;
• Şəxsiyyət vəsiqəsi;
• Ümumvətəndaş pasportu;
• Tibbi arayış;
• Məktəbdən arayış (tələb olunduqda);
• Elektron formatda təqdim olunan fotoşəkil (3x4);
• Müqavilə.
b) Bir futbolçunun digər futbolçuya məxsus olan lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
c) Lisenziyasız futbolçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
d) Oyundan öncə AFFA tərəfindən tərtib olunmayan lisenziyanın hakimə təqdim olunması və s.
e) Cari mövsümdə peşəkar futbol oynamış futbolçunun Region Liqasında oynaması
6. İştirakçı komandanın öhdəlikləri
6.1 İştirakçı klub və ya komandalar bu əsasnamənin hər bir bəndinə riayət etməlidirlər.
6.2 İştirakçı klub və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
6.3 İştirakçı klub və komandalar oyuna gələn zaman lisenziyaları rəngli çap edib oyuna gətirməlidirlər (A4 formatında).
6.4 Klub onu təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışlarına məsuliyyət daşıyır.
6.5 Ev sahibi komanda oyun zamanı stadionda təhlükəsizliyə məsuliyyət daşıyır. Komanda oyuna 15 dəqiqə qalmış meydanın ərazisini polis əməkdaşları ilə təmin etməlidir. (Polis olmadan baş hakim oyunu başlaya bilməz). Oyundan əvvəl, oyun zamanı və ya oyundan sonra stadionda və ona bitişik ərazidə ictimai asayiş və təhlükəsizliyə ev sahibi komanda məsuliyyət daşıyır. Qeyd olunan ərazilərdə klub və ya onun azarkeşləri tərəfindən stadiona zərər yetirilərsə, dəymiş zərər klub tərəfindən ödənilir. Hadisəni törədən klub aşkar edilməzsə və ya hadisə klublar üçün ayrılmış sektorda baş verməzsə, onda meydan sahibi klub dəymiş zərəri stadiona ödəyir.
6.6 Komanda üzürlü səbəb olmadan oyuna gəlməzsə, ev sahibi komanda oyunu keçirmək üçün lazımi tədbirlər həyata keçirməzsə bu zaman ona texniki məğlubiyyət verilir. Bu hal üçünçü dəfə təkrarlandığı halda komanda AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan xaric olunur.
6.7 Ev sahibi komanda oyunu 6 topla təhciz etməlidir.
6.8 Təcili Tibbi Yardım maşını və ya həkim briqadası oyuna 15 dəqiqə qalmış meydanın ərazisində olmalıdır (Təcili Tibbi Yardım maşını və ya həkim briqadası olmadan baş hakim oyunu başlaya bilməz). Ev sahibi komanda Təcili Tibbi Yardım maşını və ya həkim briqadasının vaxtında meydanda olmasına məsuliyyət daşıyır.
6.9 Ev sahibi komanda bir gün öncə digər şəhərdən gələn qonaq komanda müraciət olunduğu halda məşq üçün meydanla təmin etməlidir. Komandalar arasında qarşılıqlı razılaşma olmadığı halda qonaq komanda məşq üçün meydanı bir saatdan artıq müddətə tələb edə bilməz.
6.10 Ev sahibi komanda hakimlər və rəqib komandanı paltardəyişmə otağı ilə təmin etməlidir.
6.11 Hər klub və ya komanda əlaqələndirici şəxs təyin etməlidir, əlaqə telefonu, elektron poçtun ünvanı (e-mail) UGYTŞ-yə təqdim etməlidir.
6.12 Hakim-inspektorun oyunu izləməsi üçün tribunada müvafiq yer ayrılmalıdır. Oyundan sonra nəticə ilə bağlı AFFA-nın UGYTŞ-ni məlumatlandırılması vəzifələrini yerinə yetirməlidir.
Oyun forması ilə bağlı qaydalar:
6.13 Forma seçimində üstünlük ev sahibi komandaya verilir.
6.14 Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının (getri) altında qoruyucular (şitki) olmalıdır.
6.15 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən AFFA-nın işçi qrupuna məlumat verməli və razılaşdırmalıdır.
7. Yarışın keçirilmə sistemi
7.1 “Region Liqası” 5 zona üzrə təşkil olunacaq. (Paytaxt və Şimal; Cənub; Mərkəz; Şimal Qərb və Qərb )
• Naxçıvan MR-da təşkil olunan Region Liqası 5-ci zona olaraq qəbul edilmişdir.
• 1-ci mərhələ: paytaxt və şimal 2 (iki) , cənub, mərkəz , şimal-qərb və qərb 4 qrup üzrə 2 (iki) dövrədən ibarət dairəvi sistemlə (ev-səfər) təşkil olunacaq.
• Hər zonada qrupda ilk 3 yeri tutan komanda 1-ci Play-Off mərhələsinə vəsiqə qazanır. Şimal və Paytaxt zonasında komanda sayı 7 (yeddi) olmaqla 2 (iki) qrupa bölünür. Hər qrupun qalibi birbaşa Play-Off mərhələsinə vəsiqə qazanır, qrupda 2-ci yeri tutan komandalar isə ev-səfər olmaqla Play-Off mərhələsinə 3-cü vəsiqəni əldə edir.
• Play-Off mərhələlərinə vəsiqə qazanan komandaların rəqibləri püşkatma vasitəsi ilə müəyyən olunur. Püşkatma komandaların qruplarda tutduqları yerlərə əsasən keçiriləcək.
• 1-ci Play-Off mərhələsinə yüksələn 12 komandanın hər biri rəqibi ilə bu mərhələdə 2 oyun (ev,səfər) keçirir. Bu mərhələdə eyni zonada oynayan komandalar bir-biriləri ilə qarşılaşa bilməz.
• 1-ci Play Off mərhələsində qalib olan 6 komanda 2-ci Play-Off mərhələsinə vəsiqə qazanır. 2-ci Play-Off mərhələsinə komandalar 2 oyun (ev,səfər) keçirir və qalib olan komanda Liqanın 1/2 final mərhələsinə vəsiqə qazanır.
• 1/2 final mərhələsinə 2-ci Play-Off mərhələsindən 3, eyni zamanda Naxçıvan MR-in qalib komandası vəsiqə qazanacaq. Oyunlar neytral meydanda 1 oyun olmaqla təşkil olunacaq. Final və 3-cü yer uğrunda oyun neytral meydanda 1 oyun olmaqla təşkil olunacaq.
7.2 Qrup mərhələsində qaliblərin müəyyən olunması:
• Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir;
• Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən olunur;
• Komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə əsasən;
• Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış qolların sayına əsasən;
• Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;
• Bütün oyunlarda vurulmuş qolların sayına əsasən;
• Komandaların qələbə saylarına əsasən;
• Ən az qırmızı və sarı vərəqələrə görə toplanmış xalların fərqinə əsasən (sarı vərəqə 1 xal, qırmızı vərəqə 3 xal);
• Komandalar arasında qalibi müəyyənləşdirmək üçün oyunun təşkil olunması.
7.3 Region Liqasının oyunları həftənin şənbə və bazar günləri keçirilir. İstisna hal kimi digər günlər AFFA-nın işçi qrupu tərəfindən təyin oluna bilər.
7.4 AFFA-nın işçi qrupu hər ayın əvvəli liqanın aylıq təqvim planını klub və ya komandanın əlaqələndirici şəxsinin elektron poçtuna (e-mail) göndərəcək. Təqvimdə oyunların yerləri, tarixləri, keçirilmə saatları göstəriləcək. Hər bir klub və ya komandanın ələqələndirici şəxsi ay ərzində hər hansı turun ilk oyununun başlamasından ən azı 4 gün öncə oyunun keçirilmə yeri və ya saat dəyişikliyi ilə bağlı müraciət edə bilər. Müraciətlər yalnız yazılı şəkildə və səbəbi göstərilmək şərti ilə qəbul olunacaq.
7.5 Turun ilk oyununun başlamasından 4 gün öncə oyunun keçirilmə yeri, tarixi və ya saat dəyişikliyi ilə bağlı müraciət AFFA-ya daxil olmadığı halda aylıq təqvim planında göstərilən tarix, yer və saat dəyişilməz olaraq qalacaq və oyuna 3 gün qalmış rəsmi məktub klub və ya komandanın əlaqələndirici şəxsinin elektron poçtuna (e-mail) göndəriləcək. Oyun günü və yeri dəyişilməz qaldığı təqdirdə saat dəyişikliyi ilə bağlı müraciət oyuna ən gec 2 gün qalmış edilməlidir.
7.6 Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur. Oyunlar iki hissədən ibarətdir. Hər hissə 45 (qırx beş) dəqiqə, hissələrarası fasilə isə 15 (on beş) dəqiqədir. Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Hər komanda 5 əvəzetmədən istifadə edə bilər. Meydan sahibi olan komanda protokolu əvvəl doldurur. Oyunun protokoluna 18 (on səkkiz) futbolçunun (11 əsas, 7 ehtiyat) adı və soyadı yazılır.
7.7 Komandalar oyunun başlamasına 60 dəqiqə qalmış oyun keçirilən meydana gəlməlidirlər. Komandalar oyunun başlamasına 75 dəqiqə qalmış oyunun elektron protokoluna nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı, futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Təqvimə uyğun olaraq adı birinci yerdə qeyd olunan komanda ev sahibi hesab edilir.
8. Meydan
8.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanlarda keçirilir. Klublar ev oyunlarını keçirəcəkləri meydan ilə bağlı təminat məktubunu AFFA-ya təqdim etməlidirlər. AFFA meydanı yoxlamağa ehtiyac gördükdə meydanda inspeksiya aparmaq hüququna malikdir. AFFA icazə verdikdən sonra komanda rəqiblərini həmin meydanda qəbul edə bilər. Bir meydandan maksimum 5 komandanın istifadə etmək hüququ var. Meydan ilə müqaviləni təqdim edən ilk 5 komandanın meydandan istifadəsinə icazə veriləcəkdir. 6-cı komandanın sənədləri qəbul olunmayacaqdır.
8.2 Fors-major hallarda komanda meydanı dəyişmək üçün AFFA-ya müraciət edə bilər.
8.3 Meydanda standartlara uyğun iki qapı olmalıdır.
9. Oyunun təşkili
9.1 Oyun ev sahibi komanda tərəfindən təşkil olunur.
9.2 Təqvimə uyğun olaraq adı birinci yerdə olan komanda ev sahibi hesab edilir.
9.3 Komandalar oyunun başlanmasından 60 dəqiqə öncə oyun keçirilən meydana gəlməlidirlər. (Fors – major hallarına rast gəlinərsə, komanda bu haqda təcili AFFA-nın işçi qrupuna məlumat verməli və AFFA-nın işçi qrupu bu halları araşdırıb müvafiq qərar verməlidir.)
9.4 Yalnız 6 rəsmi şəxsin və 7 futbolçunun ehtiyat oturacaqlarda əyləşməsinə icazə verilir.
9.5 Ev sahibi komandanın 6 rəsmi şəxsindən biri mütləq həkim olmalıdır.
9.6 Texniki zonada tütün məmulatlarından və elektron siqaretdən istifadə etmək qadağandır.
9.7 Komandalar oyunun başlanmasından 75 dəqiqə öncə elektron protokola nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı və futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar hakimlərə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır.
10. Oyun qaydaları
10.1 Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir.
11. Oyun zamanı futbolçuların əvəzlənməsi
11.1 Oyun ərzində hər komanda 3 (üç) dəfə oyunu saxlamaqla 5 (beş) əvəzetmədən istifadə edə bilər. Hissələr arası fasilədə edilən əvəzetmə bu saya daxil deyil.
11.2 Meydana daxil olmağa hazırlaşan futbolçu ehtiyat hakimə lisenziya ilə yaxınlaşmalıdır.
11.3 Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətləri etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 5 futbolçu eyni zamanda edə bilər.
Qeyd: Stadionun vəziyyətindən asılı olaraq oyunun baş hakimi eyni vaxtda isinmə hərəkətləri edəcək oyunçuların sayını müəyyən etmək hüququna malikdir.
12. Oyunun protokolu
12.1 2022/2023-cü illər mövsümündə Region Liqasında elektron protokol sistemi tətbiq olunacaq.
12.2 Oyundan 75 dəqiqə öncə protokol doldurulub oyunu idarə edən hakimin elektron ünvanına göndərilməlidir.
12.3 Elektron protokollarda baş verə biləcək problemlərin olması ehtimalını nəzərə alaraq, klublar və hakimlər hər oyun protokolun kağız versiyasını stadiona gətirməlidir.
12.4 Protokolda futbolçunun adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat oturacaqlarda əyləşən rəsmi şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır. Oyun protokolu hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır.
12.5 İlk 11-lik kimi protokolda göstərilən futbolçular oyuna başlayır. Digər 7 futbolçu ehtiyat oyunçular üçün nəzərdə tutulan oturacaqlarda əyləşir. Futbolçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir.
12.6 Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyalarını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
• Lisenziyanın nömrəsi;
• Komandanın adı;
• Şəxsin adı, soyadı, atasının adı;
• Fotoşəkil;
• Təvəllüdü.
12.7 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
12.8 Yalnız ehtiyat futbolçu kimi göstərilən 5 nəfər oyun zamanı meydana daxil ola bilər. Oyun zamanı əvəzlənmiş futbolçu meydana bir daha qayıda bilməz.
13. Oyun protokolunda futbolçuların adlarının yerdəyişməsi
13.1 Hər iki komanda tərəfindən elektron protokol hakimə təqdim olunduqdan sonra futbolçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
• Əgər ilk 11-likdə göstərilən hər hansı futbolçunun oyundan öncə fiziki durumu ilə bağlı problemi aşkarlanarsa, o zaman 7 ehtiyat futbolçudan biri ilk 11-liyə daxil oluna bilər. Bu halda oyun ərzində komandanın 5 əvəzetmə ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır.
• Əgər oyun protokolunda göstərilən 7 ehtiyat futbolçudan hər hansı birinin fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda göstərilməyən, lakin lisenziyası olan digər bir futbolçu ilə əvəzlənə bilər.
14. Oyunlarda iştirakdan imtina
14.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə, AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
14.2 Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə, turnirdən kənarlaşdırılır.
14.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm Liqaya buraxılmayacaq.
15. Oyunların təxirə salınması
Qonaq komanda və hakimlər səfərə çıxmazdan öncə oyunun təxirə salınması
15.1 Əgər ev sahibi komanda meydanın oyuna yararsız vəziyyətdə olduğunu müəyyən edərsə, hakimlər və qonaq komanda səfərə çıxmadan öncə dərhal AFFA-nın işçi qrupunu məlumatlandırmalıdır.
Bu halda:
• AFFA meydanın vəziyyətini yoxlamaq üçün öz nümayəndəsini göndərə bilər.
• AFFA meydanın vəziyyətini əks etdirən fotoşəkillərin elektron poçt (e-mail) vasitəsilə təqdim olunmasını tələb edə bilər.
Qonaq komanda və hakimlər səfərə çıxdıqdan sonra oyunun təxirə salınması
15.2 Bu halda oyunun təxirə salınıb-salınmayacağı ilə bağlı hakimlər qərar verəcək.
15.3 Əgər baş hakim oyunun keçirilməsi üçün meydanın yararsız olması ilə bağlı qərar çıxararsa, bu halda 24 saat ərzində AFFA-nın işçi qrupu komandalarla razılaşdırdıqdan sonra, oyunun yeni keçirilmə tarixini, saatını və yerini təyin edir. Bu qərar son olaraq dəyişilməz qalır.
15.4 Əgər oyun başladıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, AFFA-nın işçi qrupu klub və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər, oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
15.5 Təxirə salınmış oyunun yenidən keçirilməsi üçün hər bir komandanın tələb olunan xərcləri öz üzərinə düşür.
15.6 Meydanın yararsız vəziyyəti ilə bağlı ardıcıl olaraq 2 oyunu təxirə salan komanda 3-cü oyun üçün mütləq meydanı təmin etməlidir.
15.7 Aşağıda göstərilən hallarda klub və ya komanda oyunun təxirə salınması ilə bağlı müraciət edə bilər:
• Meydan yararsız vəziyyətdə olduğu halda
16. Hakimlik və İnspeksiya
16.1 Oyunları AFFA Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər briqadası idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. AFFA Hakimlər Komitəsi Region Liqasının oyunlarına 3 nəfərdən ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi).
16.2 Hakimlər briqadası oyundan 60 dəqiqə əvvəl oyunun keçiriləcəyi yerə gəlməlidir.
16.3 Baş hakim oyunun keçirilməsinə cavabdeh olan şəxslərdən tələb etməlidir ki, onlar meydan ilə bağlı olan nöqsanları oyunun başlamasına kimi həll etsin.
16.4 Protokollar oyundan sonra tərtib edilməli və ertəsi gün saat 12:00-a qədər AFFA-ya təqdim olunmalıdır.
16.5 Baş hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş futbolçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
16.6 Oyundan sonra hakim dərhal oyunun nəticəsini UGYTŞ əməkdaşına sms vasitəsilə göndərməlidir.
17. AFFA intizam qərarları
17.1 Bütün qırmızı vərəqələrə İntizam Komitəsi tərəfindən baxılır. Futbolçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir.
Sarı və qırmızı vərəqələr
17.2 Keçən mövsüm ərzində qırmızı vərəqə almış oyunçu cəzasını tam çəkmədiyi halda, bu cəzanın qalan hissəsi (istisna hallardan başqa) cari mövsümə tətbiq olunmur.
İstisna hallar;
• Ciddi dava-dalaşa görə verilən cəzalar,
• Oyun epizodundan kənarda baş verən xüsusi münaqişələr zamanı verilən cəzalar.
17.3 Sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə, məsuliyyəti komanda daşıyır.)
17.4 Oyunçu qırmızı vərəqə alıbsa və oyunçu haqqında İntizam Komitəsində qərar çıxarılmayıbsa, həmin oyunçu növbəti oyunu buraxır.
17.5 Qırmızı vərəqə alan futbolçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxacaqdır.
17.6 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan futbolçu növbəti turu buraxmalıdır.
17.7 Sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
17.8 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan futbolçularının cəzaları qüvvədə qalır.
17.9 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan futbolçuları cəza çəkmiş hesab olunur.
17.10 Ciddi dava – dalaş, hakimə qarşı aqressiv davranış, xüsusi münaqişələr zamanı istisna hal olaraq AFFA-nın işçi qrupu komandanı liqadan uzaqlaşdırmaq hüququna malikdir.
18. Etirazlar
18.1 Etiraz yalnız aşağıda qeyd olunan 2 halda qəbul oluna bilər:
• Oyun nəzərdə tutulmuş vaxtdan az oynadıldıqda
• Lisenziyası olmayan oyunçunun oyun zamanı və oyun bitdikdən sonra aşkar edilməsi
18.2 Etiraz edən baş məşqçi 24 saat ərzində öz etirazını elektron poçt vasitəsilə
[email protected] ünvanına göndərməlidir.
19. Mükafatlandırma
20.1 Region Liqasının qalibi UEFA Region kubokunda Azərbaycanı təmsil edir.
20.2 Region Liqasında ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla, AFFA-nın diplomları və pul mukafatı ilə təltif olunur.
20.3 Region Liqasında ilk 3 yeri tutan komandalara pul mükafatı təqdim olunur. 1-ci yer 10.000 (on min) AZN, 2-ci yer 5000 AZN (beş min), 3-cü yer 2000 AZN (iki min)
20.4 Mövsümün sonunda liqanın ən məhsuldar oyunçusu və ən yaxşı futbolçusu seçilir və onlar da hədiyyələrlə mükafatlandırılır.
20. Mətbuat
20.1 Oyunun işıqlandırılması üçün (video və foto çəkilişin aparılması) mətbuat nümayəndələrinə ev sahibi komanda tərəfindən müvafiq şərait yaradılmalıdır.
21. Reklam lövhələri və aksiyaları
21.1 Komanda hər hansısa reklam baneri yerləşdirmək istədiyi halda, AFFA ilə razılaşdırmalıdır.