2022/2023-cü illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 12 yaşadək (U-12) oğlan futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
Əsasnaməsi
1.Əsas müddəalar
1.1 Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
2.Məqsəd və vəzifələr
2.1 AFFA U-12 Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
• Uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi;
• Uşaq və yeniyetmə futbolçuların ustalığının yüksəldilməsi;
• Uşaq və yeniyetmə futbolçuların klublarda hazırlanması və milli komandalara cəlb olunması;
3.İştirakçıların müəyyən olunması
3.1 AFFA U-12 Liqasında klublara və komandalara iştirak hüququnu AFFA verir.
3.2 Premyer Liqada iştirak edən klubların müvafiq yaş qrupundan ibarət komandasının AFFA U-12 Liqasının cari mövsümündə iştirakı mütləqdir.
3.3 AFFA U-12 Liqasında bir klub bir ad altında, bir komanda ilə təmsil oluna bilər.
4.İştirakçı komandanın öhdəlikləri
4.1 İştirakçı klublar və ya komandalar bu Əsasnamənin bütün bəndlərinə riayət etməlidirlər.
4.2 İştirakçı klublar və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
4.3 Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər, valideynlər və b.) davranışına görə məsuliyyət daşıyırlar.
4.4 AFFA U-12 Liqasında iştirak edən klublar və ya komandalar xarici ölkələrə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə AFFA U-12 Liqasının təqvim oyunları üst-üstə düşdüyü halda, oyunların təxirə salınıb-salınmaması ilə bağlı son qərarı AFFA verir.
4.5 İştirakçı klub və komandalar futbolçuların lizensiyalarını rəngli formatda çap edib özləri ilə oyuna gətirməlidir.
4.6 Pandemiya dövründa oyun başlamadan öncə meydanda hər bir oyun iştirakçılarının hərarəti komanda həkimi tərəfindən ölçülməlidir.Komandanın həkimi olmadığı təqdirdə TTY briqadasının həkiminə və ya AFFA nümyəndəsinə müraciət edilməlidir. COVID-19-un simptomları aşkarlananlar barədə dərhal həkimə məlumat verilməlidir.
5.Transfer, icarə və sifariş məsələləri
5.1 Hər bir futbolçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
5.2 Cari il ərzində heç bir komandada sifariş edilməyən oyunçu istənilən zaman komandaya cəlb oluna bilər. 05.01.2023-cü il tarixdən – 31.01.2023-cü il tarixədək transfer pəncərəsi açıq elan edilir (Liqada çıxış edən bütün komandalar üçün transfer müddəti eynidir).
5.3 Futbolçuların statusu və transferi ilə əlaqədar yaranan mübahisələrə AFFA Oyunçuların Statusu və Transferi Komitəsində baxılır.
5.4 Yalnız transfer pəncərəsi dövründə edilən müraciətlərin qərarı cari mövsüm ərzində icra oluna bilər. Transfer pəncərsindən əvvəl və ya sonra edilən məsələlərə bağlı qərar növbəti mövsümə şamil edilir.
5.5 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
6.Oyun forması ilə bağlı qaydalar:
6.1 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
6.2 Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında mütləq qoruyucular (şitki) olmalıdır.
Qeyd: Futbolçunun oyun formasının kürəyində nömrəsi olmadığı təqdirdə komanda və ya klub ilk halda nəzərdə tutulan yol xərcinin 50% miqdarında cəzalandırılır. Bu hal təkrarlanacağı təqdirdə pul cəzası 100% miqdarına çatdırılır.
6.3 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən UGYTŞ-yə məlumat verməlidir.
7.Klublar və ya komandalar üçün qeydiyyat qaydaları
7.1 AFFA-nın rəsmi internet səhifəsində (www.affa.az) ”Futbola Qoşul” onlayn qeydiyyat sistemində futbolçu və digər iştirakçıların qeydiyyat qaydaları təqdim edilib.
7.2 Qeydiyyat qaydalarında tələb olunan sənədlərə bilərəkdən həqiqi olmayan məlumatı vermək məqsədilə edilən dəyişikliklər sənəd saxtalaşdırılması kimi qəbul edilir.
Qeyd: Saxtakarlıq edən klub və ya komanda həmin tur üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında AFFA nümayəndəsi tərəfindən cəzalandırılır.
7.3 Yuxarıda göstərilən hallar aşkarlanarsa, bu cəzalar İntizam Komitəsi tərəfindən tətbiq oluna bilər:
a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət);
b) Futbolçunun lisenziyasının ləğvi;
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi ;
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi;
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi;
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
8.Yarışın keçirilmə sistemi
8.1 Yarışlar 1 (bir) seçmə mərhələdən ibarətdir.
I seçmə mərhələ
8.2 I seçmə mərhələ regionlardakı komandaların sayından asılı olaraq 2 (iki), 3 (üç), 4 (dörd), 5 (beş) və 6 (altı) dövrədən ibarətdir.
8.3 Təqvimlər UGYTŞ tərəfindən tərtib olunur.
9.Meydan
9.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanlarda keçirilir.
9.2 Meydanın uzunluğu (60-65 m.), eni (45-50 m.)
9.3 Meydanda iki qapı olmalıdır.
9.4 Penalti nöqtəsindən qapı xəttinə olan məsafə 9 m.
9.5 Cərimə meydançası qapı xəttindən 13 m. məsafədə olan paralel olmalıdır.
Meydanın sxemi:
10.Oyunun təşkili
10.1 AFFA U-12 Liqasının oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. İstisna hal kimi digər günlər UGYTŞ tərəfindən təyin oluna bilər.
10.2 UGYTŞ hər turdan öncə oyunların vaxtı ilə əlaqədar regional nümayəndəliyə və yaxud komandanın əlaqələndirici şəxsinə məlumat verir.
10.3 Oyunun başlamasına 75 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə futbolçuların adları,soyadları yazmalı və oyunun baş hakiminin elektron poçt adresinə göndərilməlidir. Komandalar oyunun başlanmasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydana gəlməlidirlər və oyundan öncə futbolçuların lisenziyaları baş hakimə təqdim etməlidir. Oyundan əvvəl lisenziyalar oyunun hakiminə təqdim edilmədiyi halda hakim oyunu başlamamalıdır. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir.
10.4 Oyun başlayan vaxta klub və ya komanda meydanda olmazsa aldığı yol xərcinin 50% miqdarında cəzalandırılır.Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə pul cəzası 100%-ə çatdırılır və oyunun protokolu bağlanılır.
10.5 AFFA U-12 Liqasında əvvəlcədən AFFA tərfindən müəyyənləşdirilmiş komandaların nəqliyyat xərcləri AFFA tərəfindən təmin olunur (Bakı zonasında çıxış edən komandalar və peşəkar futbol komandaları nəqliyyat xərci ilə təmin olunmur)
10.6 AFFA yalnız müstəqil futbol məktəblərinin nəqliyyat xərclərini qarşılayır.
10.7 AFFA U-12 Liqasında mərkəzləşdirilmiş yerlərdə keçirilən oyunların stadionunun icarə haqqı AFFA tərəfindən ödənilir.
10.8 Pandemiya dövründə oyuna başlamazdan öncə mütləq olaraq toplar dezinfeksiya edilməlidir.
10.9 Pandemiya dövründə hər bir komanda ehtiyat oyunçu oturacaqlarında sosial məsafə qaydalarına riayət etməlidir.
10.10 Təcili Tibbi Yardım və ya həkim briqadası oyundan əvvəl meydançanın ərazisində olmalıdır. (Təcili Tibbi Yardım və ya həkim briqadası olmadan baş hakim oyunu başlaya bilməz).
11.Oyun qaydaları
11.1 Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir.
11.2 Liqada yaşı 12-dək olan futbolçular iştirak edə bilər (təvəllüdü 01.01.2011-ci ildən başlayanlar və maksimum iki il aşağı təvəllüdlü).
11.3 2022/2023-cü illər mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun tərkibində sifariş olunmuş futbolçu mövcud lisenziyanı təqdim etdikdə, digər liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
11.4 Futbolçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunmur.
11.5 Oyunlar iki hissədən ibarətdir. Hər hissə 30 dəqiqə, hissələrarası fasilə isə 5 dəqiqədir.
11.6 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Əvvəlcə protokolu meydan sahibi olan komanda doldurur.Oyunun protokoluna 18 futbolçunun (9 əsas, 9 ehtiyat) adı və soyadı yazılır.
11.7 Yalnız komanda tərkibində qeydiyyatdan keçirilmiş lisenziyası olan nümayəndələr (baş məşqçi,köməkçi məşqçilər,həkim,komanda administratoru və b.) və 13 futbolçunun ehtiyat skamyalarında əyləşməsinə icazə verilir.
11.8 Top qapı xəttindən kənara cıxarsa top meydana ayaq ilə daxil olunmalıdır (top oyuna qapıdan əllə deyil, ayaq ilə daxil olunur).
11.9 Top mərkəzdən başlanıldığı zaman 3 toxunuş olmadan vurulan qol hesaba alınmır.
11.10 2022/2023-cü illər mövsümündə AFFA tərəfindən keçirilən bütün aşağı yaş liqalarda eyni klubun və ya komandanın tərkibində sifariş olunmuş futbolçulardan yalnız 3-ü (üçü) mövcud lisenziyanı təqdim etdikdə, yuxarı liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
11.11 Pandemiya dövründə heyətində COVID-19-un simptomları (yüksək hərarət və s.) aşkarlanan komandaya 12.10 maddəsi şamil edilmir.
Qeyd: Premyer Liqada iştirak edən klublara şamil edilmir.
11.12 Liqada hər komanda üçün meydanda Azərbaycan vətəndaşı olmayan maksimum 2 oyunçunun olmasına icazə verilir (Əvəzetmə zamanı limit pozulmamalıdır).
11.13 Meydanda tütün məmulatlarından və elektron siqaretdən istifadə etmək qadağandır.
12.Oyun zamanı futbolçuların əvəzlənməsi
12.1 Oyun ərzində hər komanda 9 əvəzetmədən istifadə edə bilər.
12.2 Meydana daxil olmağa hazırlaşan futbolçu hakimə lisenziya ilə yaxınlaşmalıdır.
12.3 Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətlərini etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 9 futbolçu eyni anda edə bilər.
13.Oyunun protokolu
13.1 Komandalar oyundan ən azı 75 dəqiqə öncə protokolu oyunun baş hakiminin elektron poçt adresinə göndərməlidir.
13.2 Protokolda futbolçunun adı, soyadı, doğum tarixi və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adı, soyadı və vəzifəsi yazılmalıdır.
13.3 İlk 9-luq kimi protokolda göstərilən futbolçular oyuna başlayır. Digər 9 futbolçu ehtiyat oyunçular skamyasında əyləşir. Futbolçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrə uyğun gəlməlidir.
13.4 Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyasını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
• Lisenziyanın nömrəsi;
• Komandanın adı;
• Şəxsin adı, soyadı, atasının adı;
• Fotoşəkil;
• Təvəllüdü;
13.5 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
13.6 Yalnız ehtiyat futbolçu kimi göstərilən 9 nəfər oyun zamanı meydana daxil ola bilər. Oyun zamanı əvəzlənmiş futbolçu meydana bir daha qayıda bilməz.
13.7 Oyunun baş tutması üçün komandalar meydanda tam heyətlə olmalıdırlar. Əks halda oyun baş tutmamış sayılır, komanda üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında cəzalandırılır və oyunun protokolu bağlanılır.
13.8 Pandemiya dövründə oyun başlamazdan əvvəl komanda tərkibində COVID-19-un (yüksək hərarət və s.) simptomları aşkarlanarsa, komandanın oyuna başlaması üçün yetərsay olmazsa bu halda komanda oyuna 2 nəfər azlıqda (7 nəfər) davam edə bilər. Simptom aşkarlanan oyunçuların sayı 2-dən çox olarsa, oyun təxirə salınır.
13.9 Oyun zamanı zədələnmə və s. kimi hallar baş verərsə,oyunçu dəyişikliyi üçün ehtiyyat oyunçu olmazsa komanda 7 nəfər ilə (2 nəfər azlıqda) oyuna davam edə bilər.
6 nəfər futbolçu ilə oyuna davam edilə bilməz.
13.10 Pandemiya dövründə hər iki komanda eyni vaxtda tuneldə olmamalı, bir-birinin yanında dayanmamalı,oyundan öncə sıra düzülüşünə çıxmamalı, əl sıxmamalı və aidiyyatı komandalara məxsus vimpelləri bir-biri ilə dəyişdirməməlidir.
14.Oyun protokolunda futbolçu adlarının yer dəyişməsi
14.1 Hər iki komanda tərəfindən elektron oyun protokolu hakimə təqdim olunduqdan sonra futbolçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
• Əgər ilk 9-luqda göstərilən hər hansı futbolçunun oyundan öncə fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman 9 ehtiyat futbolçudan biri ilk 9-luğa daxil edilə bilər. Bu halda oyun ərzində komandanın 9 əvəzetmə ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır.
• Əgər oyunun protokolunda göstərilən 9 ehtiyat futbolçudan hər hansı birinin fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda göstərilməyən, lakin lisenziyası olan digər bir futbolçu ilə əvəzlənə bilər.
15.Oyunlarda iştirakdan imtina və oyunların dayandırılması
15.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
15.2 Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə turnirdən kənarlaşdırılır.
15.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm liqaya buraxılmaya bilər.
15.4 Əgər oyun başladıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, UGYTŞ klub və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər. Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
16.Hakimlik və İnspeksiya
16.1 AFFA U-12 Liqasının oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər və Hakim-İnspektorlar Komitəsi AFFA U-12 Liqasının oyunlarına 1 nəfərdən ibarət hakim təyin edir.
16.2 Hakimlər briqadası oyunun başlamasından 60 dəqiqə öncə gəlib, meydançanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdırlar.
16.3 Protokollar oyundan sonra 30 dəqiqə ərzində tərtib edilməli və 24 saat ərzində UGYTŞ şöbəsinə təqdim olunmalıdır.
16.4 Baş hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş futbolçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
16.5 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
17.AFFA intizam qərarları
17.1 Bütün qırmızı vərəqələrə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılır. Futbolçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir.
18.Sarı, qırmızı və yaşıl vərəqələr
18.1 Alınan bütün sarı və qırmızı vərəqələrə görə məsuliyyəti komanda və ya klub daşıyır (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə məsuliyyəti komanda daşıyır).
18.2 İntizam Komitəsi tərəfindən qərar çıxarılanadək futbolçu növbəti oyunları buraxmalıdır.
18.3 Oyun zamanı qırmızı vərəqə alan futbolçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxır.
18.4 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan futbolçu növbəti turu buraxmalıdır.
18.5 Alınan sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
18.6 Liqanın hər hansı mərhələsində alınmış qırmızı vərəqələr öz qüvvəsində qalır.
18.7 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan futbolçuların cəzaları qüvvədə qalır.
18.8 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan futbolçuları cəza çəkmiş hesab olunur.
18.9 Oyunçu oyunda qırmızı vərəqə alıbsa və İntizam Komitəsi növbəti oyuna qədər bu barədə qərar çıxarmayıbsa, həmin oyunçu qərar çıxana qədər oyunları buraxmalıdır.
18.10 AFFA U-12 Liqasında "yaşıl kart" qaydası tətbiq olunur. Oyun ərzində FAIR PLAY qaydalarına əməl edən futbolçulara hakimlər tərəfindən "yaşıl kart" göstəriləcək.
19.Protestlər
19.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi, yan xətt hakimləri AFFA-nın UGYTŞ-yə öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-nın UGYTŞ-yə çatdırılmalıdır.
19.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
• 9 metrlik cərimə zərbələrinin (penalti) təyin olunması;
• 9 metrlik cərimə zərbələrinin (penalti) təyin olunmaması;
• “Oyundankənar” (off-side) vəziyyətin müəyyən edilməsi barədə;
• Topun qapı xəttini keçib-keçməməsi barədə;
19.3 AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarından bu qərar alındığı gündən 15 (on beş) gün ərzində AFFA Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verilə bilər. Apellyasiya Arbitraj Tribunalının qərarı yekun qərardır.
20.Mükafatlandırma
20.1 Liqada keçiriləcək oyunların nəticəsi qeydə alınmayacaq, liqa üzrə qaliblər müəyyənləşdirilməyəcək.
20.2 Nəticələr qeydə alınmayacağı üçün final mərhələsi təşkil olunmayacaq.
20.3 Mövsümün sonunda ən çox “Yaşıl kart” alan oyunçu AFFA tərəfindən mükafatlandırılır.
21.Mətbuat
21.1 Oyundan sonra müraciət olunduqda hər hansı futbolçu, məşqçi və klub rəsmisindən AFFA-nın mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
22.Stadion və iştirakçı komandaların təminatı
22.1 Mövsüm ərzində AFFA tərəfindən stadionlar aşağıdakı bəndlər üzrə təmin olunur:
a) Top №4 (təsdiq edilmiş sayda) ;
b) Qapılar 4 ədəd (2m x 5 m);
c) Qapı toru;
d) Oyun gödəkçələri (jilet);
e) İcarə haqqı;
22.2 Mövsüm ərzində AFFA tərəfindən əvvəlcədən müəyyən olunmuş komandalar aşağıdakı bəndlər üzrə təmin olunur:
a) Nəqliyyat xərcləri (təsdiq edilmiş məbləğdə)
23.Reklam lövhələri və aksiyaları (promotion)
23.1 Meydanda reklam lövhələrinin (1 ədəd) yerləşdirilməsi aşağıdakı sxemdə göstərildiyi kimi olmalıdır.