az en
Əsasnamə Təqvim
2023/2024-cü illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 9 yaşadək  (U-9) oğlanlardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
 
Əsasnaməsi
 
1.Əsas müddəalar
1.1 Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2.Məqsəd və vəzifələr
2.1 AFFA U-9 Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
• Uşaqlar arasında futbolun təbliği və kütləviliyi;
• Uşaqlarda futbola marağın artırılması;
• Uşaqların asudə vaxtlarının səmərəli keçiriliməsi;
 
3.İştirakçıların müəyyən olunması
3.1 AFFA U-9 Liqasında klublara və komandalara iştirak hüququnu AFFA verir.                            
3.2 AFFA U-9 Liqasında bir klub bir ad altında, bir komanda ilə təmsil oluna bilər.
 
4.İştirakçı komandanın öhdəlikləri
4.1 İştirakçı klublar və ya komandalar bu Əsasnamənin bütün bəndlərinə riayət etməlidirlər.
4.2 İştirakçı klublar və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair-Play prinsiplərinə riayət etməlidirlər.
4.3 Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (oyunçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışına görə məsuliyyət daşıyırlar.
 
5.Transfer, icarə və sifariş məsələləri
5.1 Hər bir oyunçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
5.2 Cari il ərzində heç bir komandada sifariş edilməyən oyunçu istənilən zaman komandaya cəlb oluna bilər. 05.01.2024-cü il tarixindən – 31.01.2024-cü il tarixinədək transfer pəncərəsi açıq elan edilir (Liqada çıxış edən bütün komandalar üçün  transfer müddəti eynidir).
5.3 Transfer pəncərəsi başa çatdıqdan sonra oyun protokulunda adı qeyd edilməyən oyunçu  digər komandaya cəlb oluna bilər.
5.4 Oyunçuların statusu və transferi ilə əlaqədar yaranan mübahisələrə AFFA Oyunçuların Statusu və Transferi Komitəsində baxılır.
5.5 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
 
6.Oyun forması ilə bağlı qaydalar
6.1 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
6.2 Oyunçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında mütləq qoruyucular (şitki) olmalıdır.
6.3 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən UGYTŞ-yə məlumat verməlidir.
 
7.Klub və ya komanda tərəfindən təqdim olunmuş oyunçuların saxta sənədləri
7.1 Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan saxta sənədlər:
• Doğum haqqında şəhadətnamə;
• Şəxsiyyət vəsiqəsi;
• Ümumvətəndaş pasportu;
• Tibbi arayış;
• Elektron formatda təqdim olunan fotoşəkil (3x4);
• Müqavilə.
b) Bir oyunçunun digər oyunçuya məxsus olan lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
c) Lisenziyasız oyunçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
d) Oyundan öncə AFFA tərəfindən tərtib olunmayan lisenziyanın hakimə təqdim olunması və s.
e) Təqdim olunan sənədlərdəki (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi) təvəllüdlə Təhsilin İdarə olunmasının Məlumat Sistemi (TİMS) saytında göstərilən təvəllüd fərqli olarsa, komanda məlumatlandırılacaq. Bir həftə ərzində oyunçunun əsl sənədi (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və VVAQ-dan arayış) təqdim edilməlidir. Bu müddət ərzində tələb olunan sənədlər təqdim olunmasa, bu hal sənədlərin saxtalaşdırılması kimi qəbul olunacaq.
Qeyd: Saxtakarlıq edən klub və ya komanda həmin tur üçün nəzərdə tutulan yol xərcinin 100 % miqdarında  AFFA nümayəndəsi tərəfindən cəzalandırılır.
7.2 Yuxarıda göstərilən hallar aşkarlanarsa, AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıda qeyd olunan cəzalar tətbiq oluna bilər:
a) Oyunçunun lisenziyasının ləğvi;
b) Məşqçiyə yarışda iştirak etmək üçün verilən lisenziyanın 12 aylıq ləğvi;
c) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi;
d) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi;
e) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
 
8.Yarışın keçirilmə sistemi
8.1 Yarışlar bir (1) - seçmə mərhələdən ibarətdir.
I seçmə mərhələ
8.2 Təqvimlər UGYTŞ tərəfindən tərtib olunur.
 
9.Meydan
9.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanda keçirilir.
9.2 Meydanın uzunluğu (40 m.), eni (20 m.)
9.3 Meydanda iki qapı olmalıdır.
9.4 Penalti nöqtəsindən qapı xəttinə olan məsafə 5 m.
 
10.Oyunun təşkili
10.1 AFFA U-9 Liqasında oyuna hakimliyi  birinci hissədə nominal qaydada qonaq komanda qismində çıxış edən komandanın  məşqçisi, ikinci hissədə isə nominal qaydada ev sahibi qismində çıxış edən komandanın məşqçisi edəcək.
10.2 AFFA U-9 Liqasının oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. Oyunlar istisna hal kimi digər günlərə UGYTŞ tərəfindən təyin oluna bilər.
10.3 UGYTŞ hər turdan öncə oyunların vaxtı ilə əlaqədar regional nümayəndəliyinə və yaxud komandanın əlaqələndirici şəxsinə məlumat verir.
10.4 Komandalar oyunun başlanmasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydana gəlməlidirlər. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir. Oyunun başlanmasına 20 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə oyunçuların adları və soyadları yazılmalı, oyunçuların lisenziyaları rəqib komandanın baş məşqçisinə təqdim edilməlidir. Oyundan əvvəl lisenziyalar rəqib (qonaq) komandanın baş məşqçilərinə təqdim edilmədiyi halda  oyun başlamamalıdır.
10.5 Oyun başlayan vaxta klub və ya komanda meydanda olmasa, aldığı yol xərcinin 50% məbləğində cəzalandırılır. Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə pul cəzası 100%-ə çatdırılır və oyunun protokolu bağlanılır.
10.6 AFFA U-9 Liqasında əvvəlcədən təyin olunmuş komandaların nəqliyyat AFFA tərəfindən təmin olunur (Peşəkar futbol klubları və Bakı zonasında çıxış edən komandalar istisna olmaqla).
10.7 AFFA U-9 Liqasında mərkəzləşdirilmiş yerlərdə keçirilən oyunların stadionunun icarə haqqı AFFA tərəfindən ödənilir.
                                                                          
11.Oyun qaydaları
11.1 Bütün oyunlar bəzi istisnalar olmaqla FİFA oyun qaydalarına əsasən keçirilir.
11.2 AFFA U-9 Liqasında “Oyundankənar“ (off-side) vəziyyəti  tətbiq olunmur.
11.3.Liqada yaşı 9-dək olan oyunçular iştirak edə bilər (təvəllüdü 01.01.2015-ci ildən başlayanlar və maksimum iki il aşağı təvəllüdlü).
11.4 2023/2024-cü illər mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun tərkibində sifariş olunmuş oyunçu mövcud lisenziyanı təqdim etdikdə, digər liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
11.5 Oyunlar iki hissədən ibarətdir. Hər hissə 20 dəqiqə, hissələrarası fasilə isə 5 dəqiqədir.
11.6 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş oyunçularla həyata keçirilir. Əvvəlcə protokolu meydan sahibi olan komanda doldurur. Oyunun protokoluna 20 oyunçunun adı qeyd olunur (7 əsas və 13 ehtiyat oyunçu).
11.7 Komanda oyun zamanı əvəzetmələrdən istifadə etməklə ehtiyatda olan bütün oyunçuları oynatmalıdır.
11.8 Yalnız komanda tərkibində qeydiyyatdan keçmiş rəsmi şəxslərin və 13 oyunçunun ehtiyat skamyalarında əyləşməsinə icazə verilir.
11.9 Top meydanı qapı xəttindən tərk edərsə, top meydana yalnız qapıçı tərəfindən, mərkəz xəttini keçməmək şərtilə əl və ya ayaqla daxil oluna bilər. (Əgər qapıçı “qapıçı vuruşu“ ilə topu yerə qoyub başlamaq istəyərsə, bu zaman rəqib oyunçu qapıçıdan öncə topa müdaxilə edə bilər).
11.10 Top meydanı yan xətdən tərk edərsə, top meydana həm əl, həm də ayaqla daxil oluna bilər.
11.11 Top mərkəz xəttini keçərsə rəqib sərbəst zərbə ilə oyuna başlayır.
11.12 Top mərkəzdən başlanıldığı zaman 3 toxunuş olmadan vurulan qol hesaba alınmır.
11.13 Meydanda eyni zamanda maksimum 2 əcnəbi vətəndaşın olmasına icazə verilir
11.14. Texniki zonada tütün məmulatlarından istifadə etmək, elektron siqaret çəkmək qadağandır.
11.15 AFFA U-9 Liqasında əvəzetmə limitsizdir. Əvəz olunmuş oyunçu yenidən meydana daxil ola bilər.
11.16 Meydana daxil olmağa hazırlaşan oyunçu oyuna hakimlik edəcək komandanın baş məşqçisinə  lisenziya ilə yaxınlaşmalıdır.
11.17 Oyun ərzində ehtiyat oyunçular isinmə hərəkətlərini etmək üçün texniki zonanı tərk edə bilər. İsinmə hərəkətlərini 13 oyunçu eyni zamanda edə bilər.
 
12.Oyunun protokolu
12.1 Oyundan öncə hər komanda oyunun protokolunu doldurmalıdır.
12.2 Protokolda  oyunçunun  adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adı, soyadı və vəzifəsi yazılmalıdır.
12.3 Komandalar oyundan ən azı 30 dəqiqə öncə protokolu oyuna hakimlik edəcək qonaq komanda qismində çıxış edən komandanın baş məşqçisinə  təqdim etməlidirlər.
12.4 Oyunçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir.
12.5 Hər iki komandanın baş məşqçisi oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyasını yoxlayır (Ev sahibi komandanın baş məşqçisi qonaq komandanın, qonaq komandanın baş məşqçisi isə ev sahibi komandanın lisenziyasını yoxlayır). Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyanı  çap edib oyuna gətirməlidir.
 Lisenziyada aşağıdakılar əks olunur:
• Lisenziyanın nömrəsi;
• Komandanın adı;
• Şəxsin adı, soyadı, atasının adı;
• Fotoşəkil;
• Təvəllüdü.
12.6 Əgər oyunun protokolu tələb olunan vaxtda oyuna hakimlik edəcək qonaq komanda qismində çıxış edən komandanın baş məşqçisinə təqdim olunmazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
12.7 Oyunun baş tutması üçün komandalar meydanda tam heyətlə olmalıdırlar. Əks halda oyun baş tutmamış sayılır, komanda üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında cəzalandırılır  və oyunun protokolu bağlanılır.
12.8 Oyun zamanı zədələnmə və s. kimi hallar baş verərsə, oyunçu dəyişikliyi üçün ehtiyat oyunçu olmazsa, komanda 5 nəfər ilə (2 nəfər azlıqda) oyunu davam edə bilər.
 
13.Oyunlarda iştirakdan imtina və oyunların dayandırılması
13.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
13.2 Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə turnirdən kənarlaşdırılır.
13.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm liqaya buraxılmaya bilər.
13.4 Əgər oyun başladıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, UGYTŞ klublar və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər. Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
 
14.AFFA İntizam qərarları
14.1 Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir. Sarı, qırmızı və yaşıl vərəqələr
14.2 AFFA  U-9 Liqasında sarı və qırmızı vərəqələrdən istifadə olunmur.
14.3 Oyun zamanı kobudluq edən oyunçu olarsa oyuna hakimlik edəcək komandanın baş məşqçisi tərəfindən baş məşqçiyə bildirilir və həmin oyunçu 2 dəqiqəlik oyundan kənarlaşdırılır.
14.4 Oyundan kənarlaşdırılmış oyunçu cəza müddəti (2 dəqiqə) bitdikdən sonra yenidən oyuna daxil ola bilər (komanda meydanda tam heyətdə olmalıdır)
14.5 Oyun zamanı cəzalandırılmış oyunçunun (cəza müddəti bitməmiş) əvəzinə digər oyunçu meydana çıxa bilər.
14.6 AFFA U-9 Liqasında "Yaşıl kart" qaydası tətbiq olunur. Oyun ərzində FAIR-PLAY qaydalarına əməl edən oyunçulara hakimlər tərəfindən "Yaşıl kart" göstəriləcək.
 
15.Mətbuat
15.1 Oyundan sonra müraciət olunduqda hər hansı oyunçu, məşqçi və klub rəsmisindən mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
16.Stadion və iştirakçı komandaların təminatı
16.1 Mövsüm ərzində AFFA tərəfindən stadionlar aşağıdakı bəndlər üzrə təmin olunur:
a) Top №4 (təsdiq edilmiş sayda);
b) Qapılar 2 ədəd (1,7m x 3m);
c) Qapı toru;
d) Oyun gödəkçələri (jilet);
e) Həkim və ya Təcili Tibbi Yardım briqadası;
f) Mühafizə xidməti.
 
17.Mükafatlandırma
17.1 Liqada keçiriləcək oyunların nəticəsi qeydə alınmayacaq, liqa üzrə qaliblər müəyyənləşdirilməyəcək.
17.2 Nəticələr qeydə alınmayacağı üçün final mərhələsi təşkil olunmayacaq.
17.3 Mövsümün sonunda ən çox “Yaşıl kart” alan oyunçu AFFA tərəfindən  mükafatlandırılır.
Baş Sponsor 
Partnyorlar