az en
Əsasnamə Təqvim Cədvəl
2023/2024-cü illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən qadınlardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının (Yüksək Qızlar Liqası)
 
Əsasnaməsi
 
1. Əsas müddəalar
 
1.1       Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
 
2.1  AFFA Yüksək Qızlar Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
•          Turnirin qalibini müəyyən etmək;
•          Qadınlar arasında futbolun təbliği və kütləviliyi;
•          Qadın oyunçuların ustalığının yüksəldilməsi;
•          Qadın oyunçuların klublarda hazırlanması və milli komandalara cəlb olunması;
•          Komandaların mövsümün yekununda tutduqları yerlərin müəyyən edilməsi;
 
3. Yarışlara rəhbərlik
 
3.1         AFFA Yüksək Qızlar Liqasının keçirilməsini və nəzarəti AFFA həyata keçirir.
3.2         Qadınlar Liqasının təşkili şöbəsinin nümayəndəsi oyunlarda AFFA nümayəndəsi qismində iştirak edə bilər.
 
4. İştirakçıların müəyyən olunması
 
4.1       AFFA Yüksək Qızlar Liqasında komandalara iştirak hüququnu AFFA verir.
4.2       AFFA Yüksək Qızlar Liqasında bir klub bir ad altında, bir komanda ilə təmsil oluna bilər.
4.3          AFFA Yüksək Qızlar Liqasında iştirak edəcək komandanın baş məşqçisinin minimum C məşqçilik lisenziyası olmalıdır.
4.4         UEFA Çempionlar Liqasında iştirak edəcək komandanın baş məşqçisinin minimum B məşqçilik lisenziyası olmalıdır.
 
5. Oyunçuların təvəllüdləri və liqalardakı iştirakı
 
5.1  AFFA Yüksək Qızlar Liqasında ən gənc – 2008-ci il təvəllüdlü oyunçu iştirak edə bilər.
5.2 AFFA Yüksək Qızlar Liqasında 4 nəfər 2008-ci il təvəllüdlü oyunçu qeydiyyatdan keçirilə, onlardan yalnız 2 nəfəri meydançada ola bilər.
5.3 Oyunçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunmur.
5.4 Sifariş vərəqəsində göstərilməyən və müvafiq lisenziya almayan komanda üzvləri oyunlar keçirilən zaman texniki zonaya buraxılmır.
 
6. Klublar və ya komandalar üçün qeydiyyat və lisenziyalaşdırılma qaydaları
 
6.1 AFFA-nın rəsmi internet səhifəsində (www.affa.az) “Futbola Qoşul” onlayn qeydiyyat sistemində oyunçu və digər iştirakçıların qeydiyyat qaydaları təqdim edilib.
6.2 Qeydiyyat qaydalarında tələb olunan sənədlərə bilərəkdən həqiqi olmayan məlumatı vermək məqsədilə edilən dəyişikliklər sənəd saxtalaşdırılması kimi qəbul edilir.
6.3 Yuxarıda göstərilən hallar aşkarlanarsa, İntizam Komitəsi tərəfindən cəzalar tətbiq olunacaqdır.
6.4 Yeni mövsümdən tətbiq olunacaq “Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə Qaydalar (Buraxılış 2023)” AFFA-nın rəsmi internet səhifəsində (www.affa.az) “Lisenziya” bölümündə verilmişdir.
Transfer, icarə və sifariş məsələləri
 
6.5  Hər bir oyunçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
6.6 Oyunçuların statusu və transferi ilə bağlı olan mübahisələrə AFFA Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən baxılacaqdır.
6.7 AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarından bu qərar alındığı gündən 15 (on beş) gün ərzində AFFA Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verilə bilər. Apellyasiya Arbitraj Tribunalının qərarı yekun qərardır.
6.8  Hər oyunçu mövsüm ərzində ən çox iki klubda çıxış edə bilər.
6.9  Oyunçuların mövsüm ərzində əlavə sifarişi və transferləri aşağıda göstərilən qaydalar üzrə həyata keçirilməlidir:
a) Klubun əlavə sifariş etmək hüququna məhdudiyyət yoxdur.
b) Dövrələrarası fasilədə transferin sayına məhdudiyyət yoxdur. Transfer müddəti Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən əvvəlcədən rəsmi elan olunur. (Liqada çıxış edən bütün komandalar üçün  transfer müddəti eynidir).
6.10 Transfer pəncərəsi dövründə edilən müraciətlərin qərarı cari mövsüm ərzində icra oluna bilər. Transfer pəncərsindən əvvəl və ya sonra edilən məsələlərə bağlı qərar növbəti mövsümə şamil edilir.
6.11 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
 
 
7. Klub və ya komanda tərəfindən təqdim olunmuş oyunçuların saxta sənədləri
 
7.1  Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan aşağıdakı sənədlər saxta olarsa:
•          Doğum haqqında şəhadətnamə;
•          Şəxsiyyət vəsiqəsi;
•          Ümumvətəndaş pasportu;
•          Tibbi arayış;
•          Elektron formatda təqdim olunan 3x4 ölçüdə fotoşəkil;
•          Müqavilə və s.
b) Bir oyunçunun digər oyunçuya məxsus olan elektron lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı;
c) Lisenziyasız oyunçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı;
Qeyd: Saxtakarlıq edən klub və ya komanda həmin tur üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında AFFA nümayəndəsi tərəfindən cəzalandırılır.
 
7.2 Yuxarıda göstərilən hallar aşkarlanarsa, bu cəzalar İntizam Komitəsi tərəfindən tətbiq oluna bilər:
a) Oyunçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət);
b) Oyunçunun lisenziyasının ləğvi;
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi;
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi;
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi;
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
 
 
8. İştirakçı komandanın öhdəlikləri
 
8.1 İştirakçı klublar və ya komandalar bu Əsasnamənin hər bir bəndinə riayət etməlidirlər.
8.2 İştirakçı klublar və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
8.3 Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (oyunçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışına görə məsuliyyət daşıyırlar.
8.4 Ev sahibi komanda oyun zamanı stadionda təhlükəsizliyə görə məsuliyyət daşıyır. Komanda oyuna ən azı 15 dəqiqə qalmış meydanın ərazisini polislə təmin etməlidir (Qeyd: Premyer Liqada iştirak etməyən komandaların ev oyunlarını polislə AFFA təmin edir). Polis olmadan baş hakim oyunu başlaya bilməz.
8.5 Hər klub və ya komanda əlaqələndirici şəxsi təyin etməlidir və onu tələb olunan qaydada qeydiyyatdan keçirməlidir. Klub anketində əlaqə telefonu, elektron poçtun ünvanı (e-mail) və s. göstərilməlidir.
8.6 AFFA Yüksək Qızlar Liqasında iştirak edən klub və ya komandalar ölkə xaricinə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Milli yığma komandanın təlim-məşq toplanışı ilə Yüksək Qızlar Liqasının təqvim oyunları üst-üstə düşdüyü halda, liqanın oyunları həmin liqada sifariş olunmuş oyunçulardan ən azı 4 nəfəri yığma komandalara ezam olunarsa təxirə salınacaqdır.
8.7 Ev sahibi komanda oyunu 6 (altı) ədəd №5  top ilə təhciz etməlidir.
8.8 Ev sahibi komanda oyun zamanı stadionda təhlükəsizliyə məsuliyyət daşıyır.
8.9 Ev sahibi komanda qonaq komandanı oyun zamanı video çəkiliş apara bilməsi üçün lazımı şərait yaratmalıdır.
8.10 Ev sahibi komanda hakimlər və rəqib komandanı soyunub-geyinmə otağı ilə təmin etməlidir.
8.11 Təcili Tibbi Yardım və ya həkim briqadası oyundan əvvəl meydançanın ərazisində olmalıdır (Təcili Tibbi Yardım və ya həkim briqadası olmadan baş hakim oyunu başlaya bilməz).
 
Oyun forması ilə bağlı qaydalar
 
8.12 AFFA Yüksək Qızlar Liqasının komandalarının formalarının üzərində həmin Liqanın şevronu əks oluna bilər.
8.13 AFFA Yüksək Qızlar Liqasında iştirak edən yeni komandaların idman geyimləri AFFA tərəfindən verilir (Qeyd: Premyer Liqada iştirak edən klublara şamil edilmir).
8.14 Forma seçimində üstünlük ev sahibi komandaya verilir. Komandalar öncədən oyun forması ilə bağlı razılığa gəlməlidirlər.
8.15 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
8.16 Oyunçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında qoruyucular (şitki) olmalıdır.
8.17 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən Qadınlar Liqasının təşkili şöbəsinə məlumat verməlidir.
 
9. Yarışın keçirilmə sistemi
 
9.1 AFFA Yüksək Qızlar Liqasında oyunlar bir qrupda 9 komanda olmaqla iki dövrədən ibarət dairəvi sistemlə keçirilir. Oyunlar ev-səfər sistemi ilə keçirilir.
9.2       Yarışın təqvimi Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən tərtib olunur.
9.3 Tur mərhələsində qaliblərin müəyyən olunması aşağıdakı kimidir:
a.         Komandaların turnir cədvəlində tutduğu yerlər toplanmış xallara görə müəyyən olunur.
b.         Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir.
c.         Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən olunur:
•          Komandaların öz aralarında keçirdikləri oyunlarda qazandıqları xallara əsasən;
•          Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış qolların sayına əsasən;
•          Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;
•          Bütün oyunlarda vurulmuş qolların sayına əsasən;
•          Komandaların qələbə saylarına əsasən;
•          Ən az qırmızı və sarı vərəqələrə görə toplamış xalların fərqinə əsasən (sarı vərəqə 1 xal, qırmızı vərəqə 3 xal);
•          Bütün göstəricilər eyni olarsa, yenidən komandalar arasında bir oyun keçirilir və nəticəyə əsasən turnir cədvəlində yer müəyyən edilir.
 
9.4 AFFA Yüksək Qızlar Liqasının oyunları həftənin şənbə və ya bazar günü keçirilir. İstisna hal kimi digər günlər Qadınlar Liqasının təşkili şöbəsi tərəfindən təyin oluna bilər.
9.5 Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur. Oyunlar ev-səfər sistemi ilə keçirilir.
9.6 Hər bir klub və ya komandanın əlaqələndirici şəxsi ay ərzində hər hansı turun ilk oyununun başlanmasından ən azı 4 gün öncə oyunun keçirilmə yeri və saat dəyişikliyi ilə bağlı müraciət edə bilər. Müraciətlər yalnız yazılı şəkildə və səbəbi göstərilmək şərti ilə qəbul olunacaqdır.
Misal: əgər turun ilk oyunu həftənin cümə gününə təyin olunubsa, klub və ya komanda həmin həftənin bazar ertəsindən gec olmayaraq müraciət etməlidir.
 
 
10. Meydança
 
10.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydançalarda keçirilir. Premyer Liqada iştirak edən klublar ev oyunlarını stadionla təmin etməlidir.
10.2  Meydanda standartlara uyğun iki qapı olmalıdır.
10.3 Stadion və paltardəyişmə otaqları ev sahibi komandalar tərəfindən oyunun başlanmasına ən azı 2 saat qalmış dezinfeksiya edilməlidir.
 
11. Oyunun təşkili
 
11.1 Oyunun təşkili ev sahibi komanda tərəfindən həyata keçirilir.
11.2 Təqvimə uyğun olaraq adı birinci qeyd olunan komanda ev sahibi hesab edilir.
11.3 AFFA Yüksək Qızlar Liqasının oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. İstisna hal kimi digər günlər Qadınlar Liqasının təşkili şöbəsinin koordinatoru tərəfindən təyin oluna bilər.
11.4 Komandalar oyunun başlanmasından 60 dəqiqə öncə oyun keçirilən meydana gəlməlidirlər. Oyun başlayan vaxta klub və ya komanda meydanda olmazsa aldığı yol xərcinin 50% miqdarında cəzalandırılır. Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə pul cəzası 100%-ə çatdırılır və oyunun protokolu bağlanılır. (Fors-major hallarına rast gəlinərsə, komanda bu haqda təcili Qadınlar Liqasının təşkili şöbəsinə məlumat verməli və Qadınlar Liqasının təşkili şöbəsi bu halları araşdırıb müvafiq qərar verməlidir)
11.5 Texniki zonada tütün məmulatları istifadə etmək, həmçinin elektron siqaret çəkmək qadağandır.
11.6 Komandalar oyunun başlanmasından 75 dəqiqə öncə protokola nömrələri göstərilməklə oyunçuların adlarını və soyadlarını yazmalı və oyunçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar hakimlərə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır.
11.7 Hər bir klub və ya komandanın əlaqələndirici şəxsi ay ərzində hər hansı turun ilk oyununun başlanmasından ən azı 4 gün öncə oyunun keçirilmə yeri və saat dəyişikliyi ilə bağlı müraciət edə bilər. Müraciətlər yalnız yazılı şəkildə və səbəbi göstərilmək şərti ilə qəbul olunacaqdır.
 
 
12. Oyun qaydaları
 
12.1   Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir:
•          Oyunlar iki hissədən ibarətdir. Hər hissə 45 (qırx beş) dəqiqədir.
•          Hissələrarası fasilə isə 15 (on beş) dəqiqədir.
 
 
13. Oyun zamanı oyunçuların əvəzlənməsi
13.1 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş oyunçularla həyata keçirilir. Hər komanda oyun zamanı  3 dəfə saxlamaq şərtilə (hissələrarası fasilədə olan əvəzetmə 3 dəfə saxlanmaya daxil deyil) yalnız 5 əvəzetmədən istifadə edə bilər. Oyunun protokoluna 18 (on səkkiz) oyunçunun (11 əsas, 7 ehtiyat) adı və soyadı yazılır. Əvəzetmə zamanı ehtiyat hakim meydanı tərk edən və meydana daxil olan oyunçuların nömrələrini tabloda göstərməlidir.
13.2 Meydana daxil olmağa hazırlaşan oyunçu birinci yan xətt hakimə lisenziya ilə yaxınlaşmalıdır.
13.3 Oyun ərzində ehtiyat oyunçular isinmə hərəkətləri etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 5 oyunçu eyni anda edə bilər.
Qeyd: Stadionun vəziyyətindən asılı olaraq oyunun baş hakimi eyni vaxtda isinmə hərəkətləri edəcək oyunçuların sayını müəyyən etmək hüququna malikdir.
13.4  Yalnız ehtiyat oyunçu kimi göstərilən 7 nəfər oyun zamanı meydana daxil ola bilər. Oyun zamanı əvəzlənmiş oyunçu meydana bir daha qayıda bilməz.
 
14. Oyunun protokolu
 
14.1 2023/2024-cü illər mövsümündə AFFA Yüksək Qızlar Liqasında “FCMS - Yarışların İdarəetmə Sistemi” tətbiq olunacaq.
14.2 Oyunun protokoluna 18 (on səkkiz) oyunçunun (11 əsas, 7 ehtiyat) adı və soyadı yazılır.
14.3 Oyunun başlamasına 75 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə oyunçuların adları, soyadları yazmalı və müvafiq oyunun hakiminin elektron poçt adresinə göndərilməlidir. Protokolda hər hansı bir dəyişiklik olduğu halda, oyunun hakiminə oyun başlayana kimi çap olunmuş protokol oyunçuların elektron lisenziyaları ilə birlikdə təqdim edilməlidir. Komandalar oyunun başlanmasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydana gəlməlidirlər. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir.
14.4 Protokoldakı oyunçunun  adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır. Elektron protokolun çap olunmuş forması hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır.
14.5 İlk 11-lik kimi protokolda göstərilən oyunçular oyuna başlayır. Oyunçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir. Yalnız rəsmi heyətdən 6 nəfərin və 7 oyunçunun ehtiyat skamyalarında oturmalarına icazə verilir.
14.6 Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyalarını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
•          Ad;
•          Soyad;
•          Ata adı;
•          Təvəllüdü;
•          Klubu;
•          Fotoşəkil;
•          İdman;
•          Rol;
•          Mövsüm;
•          AFFA ID (Lisenziyanın nömrəsi).
14.7 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
 
 
15. Oyun protokolunda oyunçuların adlarının yerdəyişməsi
 
15.1 Hər iki komanda tərəfindən oyun protokolu FCMS-da yerləşdirildikdən sonra oyunçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
•          Əgər ilk 11-likdə göstərilən hər hansı oyunçunun oyundan öncə fiziki durumu ilə bağlı problemi aşkarlanarsa, o zaman 7 ehtiyat oyunçudan biri ilk 11-liyə daxil oluna bilər. Bu halda oyun ərzində komandanın 7 əvəzetmə ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır.
•          Əgər oyun protokolunda göstərilən 7 ehtiyat oyunçudan hər hansı birinin fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda göstərilməyən, lakin elektron lisenziyası olan digər bir oyunçu ilə əvəzlənə bilər.
 
16. Oyunlarda iştirakdan imtina
 
16.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə, AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir. Bu hal 3 dəfə təkrarlanarsa, komanda İntizam Komitəsinin qərarına əsasən turnirdən kənarlaşdırılır.
16.2 Səbəbindən asılı olmayaraq (Misal: yaş limitinin pozulması; yetər say olmadığı halda; oyuna gəlmədiyi halda və s.) çempionat ərzində 3 texniki məğlubiyyət alan komanda avtomatik turnirdən kənarlaşdırılır.
16.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm liqaya buraxılmaya bilər.
16.4 Əgər oyun başlandıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, Qadınlar Liqasının təşkili şöbəsi klublarla və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər. Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir. 
 
 
17. Oyunların təxirə salınması
 
Qonaq komanda və hakimlər səfərə çıxmazdan öncə oyunun təxirə salınması
 
17.1 Əgər ev sahibi komanda meydançanın oyuna yararsız vəziyyətdə olduğunu müəyyən edərsə, hakimlər və qonaq komanda səfərə çıxmadan öncə dərhal Qadınlar Liqasının təşkili şöbəsini  məlumatlandırmalıdır.
Bu halda:
•          AFFA meydançanın vəziyyətini yoxlamaq üçün öz nümayəndəsini göndərə bilər;
•          AFFA meydançanın vəziyyətini əks etdirən fotoşəkillərin elektron poçt (e-mail) vasitəsilə təqdim olunmasını tələb edə bilər.
 
Qonaq komanda və hakimlər səfərə çıxdıqdan sonra oyunun təxirə salınması
 
17.2 Bu halda oyunun təxirə salınıb-salınmayacağı ilə bağlı hakimlər qərar verəcək.
17.3 Əgər baş hakim oyunun keçirilməsi üçün meydançanın yararsız olması ilə bağlı qərar çıxararsa, bu halda 24 saat ərzində Qadınlar Liqasının təşkili şöbəsi komandalarla razılaşdırdıqdan sonra, oyunun yeni keçirilmə tarixini, saatını və yerini təyin edir. Bu qərar son olaraq dəyişilməz qalır.
17.4 Əgər oyun başlandıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, Qadınlar Liqasının təşkili şöbəsi klublarla və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər və oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
17.5  Aşağıda göstərilən hallarda klub və ya komanda oyunun təxirə salınması ilə bağlı müraciət edə bilər:
•          Meydança yararsız vəziyyətdə olduğu halda;
•          Həmin liqada sifariş olunmuş oyunçulardan ən azı 4 oyunçu yığma komandalara ezam olunduğu halda.
 
18. Hakimlik və İnspeksiya
 
18.1 AFFA Yüksək Qızlar Liqasının oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FİFA oyun qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi Yüksək Liqanın oyunlarına 3 nəfərdən ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi)
18.2 Hakimlər briqadası oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydançanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdırlar.
18.3 Hakim oyunun keçirilməsinə cavabdeh olan şəxslərdən tələb etməlidir ki, onlar meydança ilə bağlı olan nöqsanları oyunun başlanmasına kimi həll etsin.
18.4 Protokollar oyundan sonra tərtib edilməli və növbəti gün saat 12:00-a qədər FCMS-da yerləşdirilməlidir.
18.5 Baş hakim oyunun protokoluna adı daxil edilmiş oyunçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş oyunçuların və iştirakçıların çap olunmuş elektron lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
18.6 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
 
19. AFFA intizam qərarları
 
19.1 Bütün qırmızı vərəqələrə İntizam Komitəsi tərəfindən baxılır. Oyunçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir. İntizam Komitəsinin qərarları affa.az saytında dərc edilir və cəzalı oyunçuların meydanda olub olmamasına görə məsuliyyəti komanda daşıyır. 
 
Sarı və qırmızı vərəqələr
 
19.2 Əvvəlki mövsüm ərzində qırmızı vərəqə almış oyunçu cəzasını tam çəkmədiyi halda, bu cəzanın qalan hissəsi cari mövsümə tətbiq olunmur.
19.3 Sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə, məsuliyyəti komanda daşıyır.)
19.4 Oyunçu qırmızı vərəqə alıbsa və oyunçu haqqında İntizam Komitəsində qərar çıxarılmayıbsa, həmin oyunçu növbəti oyunu buraxır.
19.5 Qırmızı vərəqə alan oyunçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxacaqdır.
19.6 Sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
19.7 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan oyunçu növbəti turu buraxmalıdır.
19.8 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan oyunçuları cəza çəkmiş kimi hesab olunur.
19.9 Oyunçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunmur və yalnız həmin mövsümü əhatə edir.
 
 
20. Protestlər
 
20.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi, yan xətt hakimləri və ya inspektor AFFA-nın Qadınlar Liqasının təşkili şöbəsinə öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 48 saat ərzində AFFA-nın Qadınlar Liqasının təşkili şöbəsinə çatdırılmalıdır.
20.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
•          11 metrlik cərimə zərbələrinin təyin olunması;
•          11 metrlik cərimə zərbələrinin təyin olunmaması;
•          Oyundankənar (off-side) vəziyyətin müəyyən edilməsi barədə;
•          Topun qapı xəttinin keçib-keçməməsi barədə;
20.3 İntizam Komitəsinin qərarlarından qərar alındığı gündən 15 (on beş) gün ərzində AFFA Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verilə bilər.  Apellyasiya Arbitraj Tribunalının qərarı yekun qərardır.
 
 
21. Mükafatlandırma
 
21.1 Liqada ilk 3 yeri tutan komandaların oyunçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunur.
21.2  Mövsümün sonunda liqanın bombardiri (ən məhsuldar oyunçusu), ən yaxşı oyunçu və ən yaxşı qapıçısı seçilir və mükafatlandırılır.
 
22. Mətbuat
 
22.1 Oyunun işıqlandırılması (video və foto çəkilişin aparılması) üçün AFFA tərəfindən ezam olunmuş mətbuat nümayəndələrinə ev sahibi komanda tərəfindən müvafiq şərait yaradılmalıdır.
22.2  Oyundan sonra müraciət olunduqda hər hansı oyunçu, məşqçi və klub rəsmisindən AFFA-nın mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
 
23. Reklam lövhələri və aksiyaları
 
23.1  Meydançada tələb olunarsa reklam lövhələri yerləşdirilməlidir.
 
 
24. Stadion və iştirakçı komandaların təminatı
 
24.1 Mövsüm ərzində AFFA tərəfindən stadionlar aşağıdakı bəndlər üzrə təmin olunur:
        Top №5 (təsdiq edilmiş sayda);
b.     Qapılar 2 ədəd;
c.     Qapı toru;
ç.     Oyun gödəkçələri (jilet);
d.     İcarə haqqı;
 
24.2 Mövsüm ərzində müəyyən olunmuş komandalar üçün AFFA tərəfindən aşağıdakılar təmin olunur (Qeyd: Premyer Liqada iştirak edən klublara şamil edilmir):
a.     Top №5 (təsdiq edilmiş sayda);
b.     Nəqliyyat xərcləri (təsdiq edilmiş miqdarda);
c.     Oyun formaları
 
25. Cərimələrin tətbiqi
 
25.1 AFFA tərəfindən komandalara oyunlar üçün nəqliyyat vasitələri, nəqliyyat xərcləri və komanda məşqçiləri üçün xidmət haqqı təyin olunur (peşəkar komandalar istisna olmaq şərtilə). Komandaların oyuna gəlmədiyi, yaş limitinin pozulması,  yetərsay olmadığı və bir sıra digər səbəblərdən oyunlar baş tutmadığı təqdirdə İntizam Komitəsinin müvafiq qərarına əsasən nəqliyyat xərcləri və ya xidmət haqqından cərimə tətbiq oluna bilər. Cərimələrin tətbiqi aşağıdakı kimidir:
 
a.         Səbəbindən asılı olmayaraq (yaş limitinin pozulması; yetər say olmadığı halda; oyuna gəlmədiyi halda və s.) texniki məğlubiyyət alan komanda nəqliyyat xərcinin  (nəqliyyat xərci olmayan komandanın məşqçisinin xidmət haqqının) 100% miqdarında cəzalandırılır;
b.         Oyuna gecikmə halı baş verərsə, (təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə və ya ev sahibi komanda oyunun vaxtında başlamasına şərait yarada bilməzsə: təcili tibbi yardımla təmin etməməsi səbəbilə və s.) komanda nəqliyyat xərcinin (nəqliyyat xərci olmayan komandanın məşqçisinin xidmət haqqının) 100% miqdarında cəzalandırılır; 
c.         Oyunçunun oyun forması qaydasında olmadığı təqdirdə (formasının kürəyində nömrəsinin olmaması; futbol corablarının altında qoruyucular (şitki) olmaması və s. hallarda) komanda məşqçisinin nəqliyyat xərcindən (nəqliyyat xərci olmayan komandanın məşqçisinin xidmət haqqının) ilk halda 30%, bu hal ikinci dəfə təkrarlanarsa 50% tutulacaq. Bu hal 3-cü dəfə təkrarlandığı təqdirdə həmin qaydaları pozan komanda çempionatdan kənarlaşdırılacaq.
Baş Sponsor