Azərbaycanın birinci xanımı Mehriban Əliyeva stadionun açılışında iştirak etmişdir
Bakı, 13 sentyabr (AzərTAc). Bakının Xəzər rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FİFA standartları səviyyəsində tikilmiş yeni stadion sentyabrın 13-də istifadəyə verilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişdir.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Azərbaycanın birinci xanımı rəmzi açılışı bildirən lenti kəsdi.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məlumat verildi ki, süni ot örtüklü stadionda 600 tamaşaçı yeri, oyunları geniş formatda nümayiş etdirən monitor, hakim və həkim otaqları vardır. Bildirilmişdir ki, yaxın günlərdə Bakıda 17 yaşlı qadınlar arasında keçiriləcək futbol üzrə Dünya Çempionatının iştirakçı komandaları məhz bu stadionda məşq edəcəklər. Dünya Çempionatından sonra burada Azərbaycanın birinci divizionunun komandalarınını oyunları keçiriləcəkdir.
Azərbaycanın 17 yaşlı qadınlardan ibarət milli komandasının heyəti ilə görüşən Mehriban xanım Əliyeva onlarla səmimi söhbət etdi.
Azərbaycanın birinci xanımına millimizin rəsmi köynəyi hədiyyə olundu.
Heydər Əliyev Fondunun prezidenti milli komandamızın oynayacağı topun üzərinə uğur imzası atdı.
Heydər Əliyev Fondunun prezidenti futbolçu qadınlarla xatirə şəkli çəkdirdi.
Meydançada Dünya Çempionatının kubokuna baxan Mehriban xanım Əliyevaya məlumat verildi ki, bu kubok qalib gələn komandaya verilir və növbəti qalibədək həmin ölkədə saxlanılır.
Azərbaycanın birinci xanımı futbolçularımıza qarşıdan gələn çempionatda uğurlar arzuladı.