Misli Premyer Liqasının 26-cı turu çərçivəsində baş tutan “Araz-Naxçıvan” - “Sabah” oyunu zamanı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşkilatçılığı, həmçinin Peşəkar Futbol Liqasının (PFL) dəstəyi ilə sosial aksiya keçirilib.
7 aprel - Ümumdünya Sağlamlıq Günü münasibətilə baş tutan aksiya çərçivəsində komandaların futbolçuları meydana Daun sindromlu uşaqlarla birgə çıxıblar. İştirakçılar üzərində “Futbol hər kəs üçün” və ÜST-nin 2026-cı ildə Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş “Sağlamlıq naminə birləşək, elm ilə irəliləyək!” sloqanları və tərəfdaş qurumların loqoları əks olunan xüsusi dizaynlı geyimlərlə meydana çıxıb, inklüzivlik və bərabər imkanların təşviqi mesajını çatdırıblar.
Tədbirin davamı olaraq “Araz-Naxçıvan”, “Sabah”, PFL və ÜST tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Hədiyyələrin təqdimatı zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Cəvahir Süleymanova və qurumun digər nümayəndələri çıxış edərək bu cür təşəbbüslərin əhəmiyyətini qeyd ediblər. C. Süleymanova sağlamlığın qorunmasının vacibliyini və cəmiyyətin bu mövzuda maarifləndirilməsinin önəmini vurğulayıb. O, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətdəki rolunun önəmini qeyd edib və belə insanlara dəstək göstərən proqramların bu işin vacib komponentlərindən biri olduğunu bildirdi.
Layihənin əsas məqsədi sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması və futbolun birləşdirici gücündən istifadə edərək inklüzivlik ideyalarına töhfə verməkdir.