UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 13-də “Reynpark” stadionunda keçiriləcək Lixtenşteyn – Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov və müdafiəçi Toral Bayramov fikirlərini bölüşüblər.
Ayxan Abbasov: “Qrup mərhələsində son oyunumuzdur. Bundan sonra bir yoldaşlıq görüşümüz qalır və bununla da milli komandamızın builki oyunları başa çatacaq. Qarşıdakı matç bizim üçün çox vacibdir, çünki qrup lideri olmaq üçün qələbə qazanmalıyıq. Bakıda bərabərə qalmışdıq. Rəqibi tanıyırıq, öz meydanında inamlı çıxış edir. Buna baxmayaraq, komandamız oyuna hazırdır. Futbolçularımız ilk məşqdən yüksək əhval-ruhiyyədədirlər. Çempionatın ən qızğın dövrüdür və futbolçularımız yaxşı formadadırlar. İnanıram ki, sabah qələbə qazanaraq qrup lideri olacağıq”.
Toral Bayramov: “Bakıdakı oyun 0:0 hesabı ilə başa çatmışdı. Bu dəfə məqsədimiz daha yaxşı oyun göstərərək qələbə qazanmaqdır. Komandamıza inanıram, yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, hazırlığımızı meydanda nümayiş etdirərək qələbə qazanacaq və xalqımızı sevindirəcəyik”.