2026-cı il 22–30 oktyabr tarixlərində ölkəmizin ev sahibliyi edəcəyi ilk FIFA U-15 Dünya Çempionatı və Festivalını (FIFA U-15 World Cup & Festival) işıqlandıracaq media nümayəndələri üçün akkreditasiya prosesi açıq elan edilib.
Akkreditasiya prosesi yeganə rəsmi mənbə olan
akkreditasiya portalı vasitəsilə 2 oktyabr tarixindən etibarən fəaliyyət göstərir, son qeydiyyat tarixi isə 9 oktyabr, saat 23:00 (GMT+4) olaraq təyin edilib.
Bütün media nümayəndələri akkreditasiya üçün müraciətlərini yalnız bu qeydiyyat platforması vasitəsilə təqdim etməlidirlər.
Müraciət təsdiqləndikdən sonra media nümayəndəsinə
FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün media akkreditasiyasının təsdiq edildiyini bildirən rəsmi məktub göndəriləcək.
Media akkreditasiyası ilə bağlı sualları olan media nümayəndələri [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
Qeyd edək ki, idman tarixində ilk dəfə keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı dünyanın müxtəlif ölkələrindən FIFA-ya üzv assosiasiyaları təmsil edən gənc futbolçuları bir araya gətirəcək və bu əlamətdar turnir beynəlxalq gənclər futbolunda yeni mərhələnin başlanğıcı olacaq.
FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 innovativ 8x8 formatında keçiriləcək və oyunlar hər biri 20 dəqiqədən ibarət iki hissə üzrə oynanılacaq. Turnir çərçivəsində 1 000-ə yaxın qarşılaşmanın keçirilməsi nəzərdə tutulur. Oyunların böyük əksəriyyəti Hövsan Yarış Kompleksində, mərhələlərin ilk qarşılaşması və final qarşılaşmaları isə Bakı Kristal Zalında baş tutacaq.