“Neftçi” klubunun və Moskva “Dinamo”sunun (Rusiya) birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş “Bakı Kuboku” beynəlxalq turniri keçirilib. 2015-ci ilədək təvəllüdlü futbolçular arasında “Palms Sports” Futbol Mərkəzində təşkil olunan turnirin sonuncu günündə həlledici oyunlar baş tutub.
7-ci yer uğrunda matçda “Neftçi” Türkiyənin “Göztepe” komandasına 4:1 hesabı ilə qalib gəlib. Türkiyənin digər təmsilçisi “Beşiktaş” 5-ci yer uğrunda görüşdə “Ulduz”u eyni hesabla məğlub edib. “Qarabağ”a 3:1 hesabı ilə qalib gələn Voronej “Dinamo”su (Rusiya) 3-cü yeri tutub, Qazaxıstanın “Kayrat” kollektivini 1:0 hesabı ilə məğlub edən Moskva “Dinamo”su isə yarışın qalibi olub.
Final matçının ardından mükafatlandırma mərasimi keçirilib. Voronej “Dinamo”suna bürünc, Almatı “Kayrat”ına gümüş, Moskva “Dinamo”suna isə kubok və qızıl medallar təqdim edilib.