az en
News / FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 başa çatıb və İspaniya dünya çempionu olub

FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 başa çatıb və İspaniya dünya çempionu olub

FİFA Dərc olundu: 30.10.2026 Çap
Oktyabrın 30-da Bakı Kristal Zalında FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın final oyunları keçirilib. Gün ərzində A, B, C, D, E və F səviyyələri üzrə həlledici qarşılaşmalar baş tutub və qalib komandalar müəyyənləşib.
FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 başa çatıb və İspaniya dünya çempionu olub
F səviyyəsinin finalında Yeni Zelandiya Efiopiya yığması üzərində 2:1 hesablı qələbə qazanıb. E səviyyəsinin finalında Mərkəzi Afrika Respublikası Banqladeş yığmasına 4:1 hesabı ilə qalib gəlib. D səviyyəsinin finalında Kanada və Tacikistan arasında keçirilən qarşılaşma Tacikistanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. C səviyyəsinin finalında Belarus Tunis yığmasını 3:0 hesabı ilə məğlub edib. B səviyyəsinin finalında isə Zambiya Portuqaliya yığması üzərində 5:2 hesablı qələbə qazanıb.
Günün və turnirin həlledici qarşılaşmasında A səviyyəsində Çexiya və İspaniya yığmaları üz-üzə gəlib. Final qarşılaşması İspaniya millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə İspaniya ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının çempionu olaraq Dünya Kubokunun sahibi olub.
Final matçının ardından qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final mərhələsində müxtəlif səviyyələr üzrə qalib gələn komandaların futbolçularını təbrik edərək onlara medallar təqdim ediblər.
Mükafatlandırma mərasimində həmçinin turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf iştirak ediblər.
Mərasimin sonunda FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın Dünya Kuboku turnirin ilk çempionu İspaniya yığmasına təqdim olunub.
Final gününün proqramı Bakı Kristal Zalında təşkil olunan möhtəşəm bağlanış mərasiminin bədii hissəsi ilə də yadda qalıb.
Beləliklə, 189 FIFA üzv assosiasiyasını Bakıda bir araya gətirən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 başa çatıb.

 
 
Baş Sponsor