UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futzal turnirinə yekun vurulub.
Universitetin müxtəlif fakültələrini təmsil edən tələbə komandaları arasında keçirilən turnir universitetdaxili idman həyatının canlandırılması, tələbələr arasında sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb. Yarışın həlledici oyunları Azərbaycan Texniki Universitetinin idman zalının futzal meydançasında baş tutub.
Üçüncü yer uğrunda görüşdə Nəqliyyat və Logistika fakültəsinin komandası İTT fakültəsinin komandasını 2:0 hesabı ilə məğlub edərək turnirin bürünc mükafatçısı olub. Final qarşılaşmasında isə İqtisadiyyat fakültəsinin komandası ilə Maşınqayırma və Metallurgiya fakültəsinin komandası ilə üz-üzə gəliblər. Əlavə vaxtda rəqibini 2:0 hesabı ilə üstələyən Maşınqayırma və Metallurgiya fakültəsinin komandası turnirin qalibi olub.
Yekunda qalib komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutan kollektivlər isə müvafiq medallarla mükafatlandırılıblar. Bununla yanaşı, turnirdə fərqlənən oyunçular müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlara layiq görülüblər.
Mükafatlandırma mərasimində veteran futbolçu Vəli Qasımov, Azərbaycan Texniki Universitetinin Kommunikasiya Şöbəsinin müdiri Səfa Bağırov və digər rəsmi şəxslər iştirak ediblər. Onlar qalib və mükafatçı komandaları təbrik edib, kubok və mükafatlar veriblər.
Qeyd edək ki, bu cür turnirlərin təşkili gənclər arasında futbola marağın artırılması, kütləvi futbolun inkişafı və tələbələrin asudə vaxtının səmərəli təşkili baxımından xüsusi əhəmiyyət kəsb edir.
AFFA və AzTU gələcəkdə də bu istiqamətdə birgə layihələrin həyata keçirilməsini planlaşdırır.