Tədbirdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, AFFA rəsmiləri, futzal və futbol ictimaiyyətinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Tədbirin əvvəlində çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev komandalara yeni mövsümdə uğurlar arzulayıb. O, AFFA-nın nəzdində Futzal və Çimərlik Futbolu Departamentinin yaradıldığını diqqətə çatdırıb, departamentin kollektivinə fəaliyyətində uğurlar diləyib.
Cahangir Fərəcullayev futzal üzrə Azərbaycan milli komandasının bundan sonra da yalnız yerli oyunçulardan formalaşdırılacağını bildirib.
Tədbir zamanı “Xırdalan 0.0” brendinin futzal üzrə Azərbaycan milli komandasının sponsoru olacağı da açıqlanıb. Müqavilə AFFA-nın baş katibi Cahangir Fərəcullayev və “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Krasimir Lazarov tərəfindən təqdim edilib.
Daha sonra AFFA-nın Futzal və Çimərlik Futbolu Departamentinin rəhbəri Fərid Babayev Yüksək Liqanın və Birinci Liqanın reqlamentləri barədə məlumat verib. O, U-19 Futzal Liqasının yaradıldığını və bu yaş kateqoriyasında 6 komandanın iştirakı ilə çempionat keçiriləcəyini qeyd edib.
Reqlamentə əsasən, Yüksək Liqanın birinci mərhələsinin yekununda ilk 6 yeri tutan komandalar Çempionlar qrupunda, 7-10-cu yerləri tutan kollektivlər isə Prestij qrupunda mübarizəni davam etdirəcəklər. Çempionlar qrupunun qalibi mövsümün çempionu olacaq. Prestij qrupunu sonuncu pillədə başa vuran komanda Birinci Liqaya düşəcək, 9-cu yeri tutan kollektiv isə Birinci Liqanın ikincisi ilə pley-off qarşılaşmasında üz-üzə gələcək.
Ardınca hər iki liqanın püşkü atılıb. Hər iki liqada I turun oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
Yüksək Liqa | I tur
Marafon İK – Şuşa MFC
İmişli – Xankəndi
Baku Fire – Atidel Ordubad PFK
Yasamal Bakı – Araz Naxçıvan
Rəvan FK – Neftçi İK
Birinci Liqa | I tur
Ulduz Bakı – Baku Fire-1
MC Finans – Metropoliten Bakı
Star Kargo – Neftçala PFK
Bakı MFK – İçəri Şəhər Bakı
Xəzər Futzal Klubu – Xan Lənkəran MFK
"Timsport" komandası Birinci Liqanın I turunu buraxacaq.