AFFA tərəfindən Premyer Liqa və I Liqada çıxış edən klubların nümayəndələri ilə Transfer Uyğunlaşdırma Sistemi (TMS) və Daxili Transfer Uyğunlaşdırma Sistemi (DTMS) ilə bağlı onlayn görüş keçirilib.
Görüşdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli, Klubların Lisenziyalaşdırma Şöbəsinin rəhbəri Seyran Kərimli və Lisenziya və Qeydiyyat Departamentinin TMS meneceri Zaur Əliyev iştirak ediblər.
Görüş zamanı TMS və DTMS sistemlərinin fəaliyyəti, klubların sistemlərdən istifadəsi, beynəlxalq və daxili transferlərin elektron şəkildə rəsmiləşdirilməsi və müvafiq prosedurlar barədə məlumat verilib. Beynəlxalq transferlər üzrə TMS-də həyata keçirilən proseslər, həmçinin ölkə daxilində futbolçuların transferlərinin rəsmiləşdirilməsi və izlənilməsi məqsədilə istifadə olunan DTMS-in tətbiqi ilə bağlı əsas məsələlər diqqətə çatdırılıb.
Klub nümayəndələrinə sistemlərdən istifadə zamanı nəzərə alınmalı məqamlar və praktiki prosedurlar izah edilib, onların sualları cavablandırılıb. Görüşün sonunda iştirakçıların təklifləri dinlənilib, əməkdaşlığın və məlumat mübadiləsinin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.