Maarifləndirmə fəaliyyətinin genişləndirilməsi çərçivəsində cari mövsümdən etibarən "B" kateqoriyalı məşqçi lisenziyasını yeniləmək istəyən şəxslər üçün də danışılmış oyunlara qarşı mübarizə mövzusunda təlimlərə başlanılıb.
Təlim zamanı AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin aparıcı mütəxəssisi Murad Məmmədli məşqçilərə danışılmış oyun anlayışı, manipulyasiya üsulları, mümkün risklər və idman mərclərinin bu prosesdə rolu barədə məlumat verib. Məşqçilərin futbolun dürüstlük prinsiplərinin qorunmasında məsuliyyəti, kənar təsir və təzyiqlərə qarşı davranış qaydaları, şübhəli təklif və yaxınlaşmalar barədə vaxtında məlumat verməyin vacibliyi xüsusi vurğulanıb.
Həmçinin sosial media üzərindən edilən manipulyasiya cəhdləri, məşqçilərin etik öhdəlikləri və məlumatın gizlədilməsinin nəticələri müzakirə olunub. Sessiya çərçivəsində AFFA-nın 2025-ci ildə yenilənmiş İntizam Məcəlləsinin müvafiq müddəaları və yerli, eləcə də beynəlxalq təcrübədən nümunələr iştirakçıların diqqətinə çatdırılıb.
Təlimin praktiki hissəsində iştirakçılar qruplara bölünərək məşqçilik fəaliyyəti zamanı qarşılaşa biləcəkləri müxtəlif situasiyaları əks etdirən kazusları müzakirə edib, belə hallarda düzgün davranış və müvafiq addımlar barədə öz yanaşmalarını bölüşüblər.