Yoldaşlıq oyunu çərçivəsində iyunun 5-də Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək Azərbaycan – Malta oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov və komandamızın qapıçısı Emil Balayevin səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
Ayxan Abbasov: “Bu, Millətlər Liqasından əvvəlki son toplanışımızdır. Ağır mövsümün ardından futbolçuların belə istəkli, inamlı olmaları bizi sevindirdi. Burada iki yoldaşlıq görüşü keçirəcəyik. Bütün futbolçuları iş başında görmək niyyətindəyik. Qarşıdakı görüşlərdə həm yaxşı oyun, həm də uğurlu nəticə görmək istəyirik. Həm Bakıdakı, həm də buradakı məşqlər bu baxımdan bizə inam verdi. Yoldaşlıq görüşü olsa da, hər iki qarşılaşmada qalib gəlməyə çalışacağıq. İnanıram ki, sabah maraqlı və sürətli oyun olacaq”.
Emil Balayev: “Uzun müddətdən sonra yenidən millidə olduğum üçün çox sevinirəm. Mənə etimad göstərdikləri üçün məşqçilərimizə təşəkkürümü bildirirəm. Bizi sabah maraqlı oyun gözləyir. Komandada çox yaxşı ab-hava var. Üç gün Bakıda məşq etdik və artıq dörd gündür Avstriyadayıq. Kollektivdə əsl ailə atmosferi var”.