az en
News / Rui Jorje: “Keyfiyyətli oyun göstərmək istəyirik”

Rui Jorje: “Keyfiyyətli oyun göstərmək istəyirik”

U-20 Dərc olundu: 02.10.2026 Çap
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rui Jorje Qəbələdə keçirilən təlim-məşq toplanışını dəyərləndirib.
Mütəxəssis komandanın mətbuat xidmətinə açıqlamasında hazırlıq prosesi və oyunçuların hazırkı durumu ilə bağlı fikirlərini bildirib: 
Rui Jorje: “Keyfiyyətli oyun göstərmək istəyirik”
“Qəbələdə yüksək səviyyədə təlim-məşq toplanışı keçirik. Futbolçular məşqlərdə həvəslə iştirak edirlər. Onlar həm bir-birlərini, həm də məşqçiləri daha yaxşı başa düşürlər. Oyun üslubu baxımından nə tələb etdiyimizi bilirlər. Futbolçuların bütün bunlara reaksiyası məni razı salır. Yolumuzun hələ əvvəlindəyik. Qatılacağımız dünya çempionatı səviyyəsində komanda formalaşdırmaq üçün daha da inkişaf etməliyik. Futbolçularımız keyfiyyətli və istəkli oyun nümayiş etdirməyə çalışırlar”.
Baş məşqçi millinin oktyabrın 3-də Moldovanın U-20 yığmasına qarşı keçiriləcəyi yoldaşlıq görüşünə hazır olduğunu deyib: “Moldova yığması intensiv oyun göstərən komandadır. Futbolçuları fiziki cəhətdən çox güclüdürlər, rəqibə yüksək səviyyədə pressinq tətbiq edirlər. Bu qarşılaşma bizim üçün çox yaxşı sınaq olacaq. Keyfiyyətli oyun ortaya qoymaq istəyirik. Əlbəttə ki, pressinqə üstünlük verən rəqibə qarşı oynamaq çətin olacaq. Amma biz buna hazırıq”.
Qeyd edək ki, oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan – Moldova matçı saat 18:00-da başlanacaq. Qarşılaşma “CBC Sport”un YouTube kanalı vasitəsilə canlı yayımlanacaq.
Baş Sponsor