Yoldaşlıq oyunu çərçivəsində iyunun 9-da Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək Azərbaycan – San Marino oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov və komandamızın müdafiəçisi Cəlal Hüseynovun səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
Ayxan Abbasov: “Təlim-məşq toplanışı planlı şəkildə gedir. Bizim üçün nəticədən də vacibi futbolçuları iş başında görmək idi. Qarşıdan gələn Millətlər Liqası öncəsi bu çox önəmlidir. Bundan yaxşı fürsət ola bilməz. Malta ilə matçı əsasən hücumda keçirsək də, bu bizi qane etmir. Hücumları məntiqi sonluğa çatdırmaq lazımdır. Bəzi futbolçuların oyun praktikasının azlığını qeyd etməliyəm. İstək çox olsa da, oyun təcrübəsi az idi. Millətlər Liqasında uğurlu nəticə qazanmaq istəyiriksə, orada hər epizoddan yararlanmalıyıq. San Marino ilə görüşdə tam fərqli heyətlə çıxış edəcəyik. Sabah qalib gələcəyimizə inanırıq”.
Cəlal Hüseynov: “Mövsümün ardından toplanış keçmək futbolçular üçün bir az çətin olur. Buna baxmayaraq, düşərgədə yaxşı atmosfer var. Məqsədimiz Millətlər Liqasına uğurlu hazırlaşmaqdır. Məşqlərdə göstərdiyimiz performans da yaxşıdır. Sabah keçirəcəyimiz oyunda qalib gəlmək istəyirik. Sona qədər əlimizdən gələnin ən yaxşısını edəcəyik”.