az en
News / U-15 Dünya Çempionatına hazırlıq prosesi davam edir

U-15 Dünya Çempionatına hazırlıq prosesi davam edir

U-15 Dərc olundu: 25.09.2026 Çap
Bu ilin oktyabrında Azərbaycan futbol tarixində ilk dəfə FIFA U-15 Dünya Çempionatına ev sahibliyi edəcək. FIFA tərəfindən yeni formatda təşkil olunan yarışda dünyanın müxtəlif ölkələrini təmsil edən 15 yaşadək futbolçulardan ibarət milli komandalar iştirak edəcək.
U-15 Dünya Çempionatına hazırlıq prosesi davam edir
Turnir Bakıda keçiriləcək və oyunlar 8x8 formatında təşkil olunacaq.
Azərbaycan millisinin yarışda iştirakı ilə əlaqədar AFFA tərəfindən genişmiqyaslı seleksiya prosesi həyata keçirilib. İlkin mərhələdə 200-ə yaxın futbolçu seçimlərə cəlb olunub.
İlk mərhələdə ötən mövsüm U-15 yarışlarında yüksək nəticə göstərmiş komandaların futbolçuları “Dalğa Arena”da təşkil olunan seçimlərdə iştirak ediblər. Növbəti mərhələdə isə seleksiyanın əhatə dairəsi genişləndirilib və regionları, eləcə də digər klubları təmsil edən perspektivli futbolçular seçimlərə cəlb olunublar.
İlk iki mərhələnin nəticələrinə əsasən, 96 futbolçu növbəti seçim mərhələsində iştirak etmək hüququ qazanıb. Daha sonra məşqçilər heyəti tərəfindən futbolçuların texniki və taktiki keyfiyyətləri, oyun düşüncəsi, fiziki göstəriciləri və komanda daxilində fəaliyyəti qiymətləndirilib. Seçimlərin nəticəsində namizədlərin sayı 33 futbolçuya endirilib.
33 futbolçu milli komandanın təlim-məşq toplanışlarına cəlb olunub. İndiyədək keçirilən üç toplanışın nəticələrinə əsasən, 20 futbolçu hazırlıq prosesini davam etdirir.
Sentyabr ayında daha bir təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulub. Hazırlıq prosesinin əsas mərhələlərindən biri isə oktyabrın 2-dən 11-dək davam edəcək.
Növbəti mərhələlərdə 20 futbolçu arasında seçim davam etdiriləcək. Sonda Azərbaycanı FIFA U-15 Dünya Çempionatında təmsil edəcək 14 futbolçunun adı müəyyənləşdirilərək FIFA-ya təqdim olunacaq.
Seleksiya prosesinin əsas məqsədi ölkə üzrə perspektivli futbolçuları vahid seçim mexanizmi əsasında nəzərdən keçirmək və Azərbaycanı ilk FIFA U-15 Dünya Çempionatında təmsil edəcək heyəti formalaşdırmaqdır.
 
Baş Sponsor