az en
Təqvim Cədvəl Əsasnamə
2025/2026-cı illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən oğlan futbolçular arasında keçirilən Azərbaycan çempionatı - AFFA Gənclər Liqasının
Əsasnaməsi
 
1. Əsas müddəalar
1.1. Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
 
2.1. AFFA Gənclər Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
• Turnirin qalibini müəyyən etmək;
• Yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi;
• Yeniyetmə futbolçuların peşəkarlığının yüksəldilməsi;
• Yeniyetmə fubolçuların klublarda hazırlanması və milli komandalara cəlb olunması;
• Komandaların mövsümün yekununda tutduqları yerlərin müəyyən edilməsi;
 
3. Yarışlara rəhbərlik
 
3.1. AFFA Gənclər Liqasının təşkilini və ona nəzarəti AFFA həyata keçirir.
3.2. AFFA-nın Liqaların təşkili şöbəsinin nümayəndəsi oyunlarda AFFA nümayəndəsi qismində iştirak edə bilər.
 
4. İştirakçıların müəyyən olunması
 
4.1. Gənclər Liqasında klublara və komandalara iştirak hüququnu AFFA verir.
4.2. AFFA Gənclər Liqasında bir klub bir ad altında və bir komanda ilə təmsil oluna bilər.
4.3. AFFA Gənclər Liqasında Premyer Liqa, I Liqa və II Liqada iştirak edən və ötən mövsümdə AFFA U-17 Liqada iştirak edən komandalar çıxış edə bilər. Premyer Liqada iştirak edən klubların müvafiq yaş qrupundan ibarət komandasının AFFA Gənclər Liqasının cari mövsümündə iştirakı mütləqdir.
 
5. Futbolçuların təvəllüdləri və liqalardakı iştirakı
 
5.1. AFFA Gənclər Liqasında 01.01.2008-ci il təvəllüddən etibarən futbolçular iştirak edə bilər.
5.2. Oyun zamanı meydanda 2007-ci il təvəllüdlü maksimum 5 (beş) futbolçu iştirak edə bilər (təvəllüdü 01.01.2007-ci ildən başlayanlar).
5.3. 2025/2026-cı illər mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun tərkibində cəlb olunmuş futbolçu mövcud lisenziyanı təqdim etdikdə, digər liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
5.4. Futbolçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunmur.
5.5. Gənclər Liqasında hər komanda oyun zamanı meydanda Azərbaycan vətəndaşı olmayan maksimum 2 futbolçu ilə çıxış edə bilər. (Əvəzetmə zamanı qeyd olunan limit pozulmamalıdır)
5.6. Hər futbolçu mövsüm ərzində ən çox iki klubda iştirak edə bilər.
5.7. Sifariş vərəqəsində göstərilməyən və müvafiq lisenziya almayan komanda üzvləri oyunlar keçirilən zaman texniki zonaya buraxılmır.
 
6. Klublar və ya komandalar üçün qeydiyyat qaydaları
 
6.1. AFFA-nın rəsmi internet səhifəsində (www.affa.az) olan “Futbola Qoşul” onlayn qeydiyyat sistemində futbolçu və digər iştirakçıların qeydiyyat qaydaları təqdim edilib.
6.2. Qeydiyyat qaydalarında tələb olunan sənədlərə bilərəkdən həqiqi olmayan məlumatı vermək məqsədilə edilən dəyişikliklər sənəd saxtalaşdırılması kimi qəbul edilir və müvafiq olaraq məsuliyyət yaradır.
6.3. Yuxarıda göstərilən hallar aşkarlanarsa, İntizam Komitəsi tərəfindən müvafiq cəzalar tətbiq olunacaq.
 
7. İştirakçı komandanın öhdəlikləri
 
7.1. İştirakçı klublar və ya komandalar bu Əsasnamənin hər bir bəndinə riayət etməlidirlər.
7.2. İştirakçı klublar və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
7.3. Klublar onu təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər, valideynlər və s.) davranışlarına görə məsuliyyət daşıyır.
7.4. Ev sahibi komanda oyun zamanı stadionda təhlükəsizlik üçün məsuliyyət daşıyır. Komanda oyuna ən azı 15 dəqiqə qalmış meydanın ərazisini polislə təmin etməlidir. (Polis olmadan baş hakim oyunu başlaya bilməz)
7.5. Ev sahibi komanda qonaq komandaya AFFA tərəfindən verilmiş lisenziyanı (operator) təqdim etdiyi təqdirdə foto və video çəkiliş etmək üçün müvafiq şərait yaratmalıdır.
7.6. Ev sahibi komanda region komandası (Bakı şəhərindən kənar rayondan gələn komanda) üçün oyun vaxtı təyin edərkən saat 13:00-17:00 radələrini seçməlidir. Komandalar qarşılıqlı razılıq əldə edərsə oyun qeyd olunan vaxtdan fərqli saata təyin edilə bilər.
7.7. Ev sahibi komanda oyunu 6 (altı) ədəd №5 top ilə təchiz etməlidir.
7.8. Ev sahibi komanda hakimlər və rəqib komandanı soyunub-geyinmə otağı ilə təmin etməlidir.
7.9. Təcili Tibbi Yardım avtomobili və ya həkim briqadası oyuna 15 dəqiqə qalmış stadionun ərazisində olmalıdır (Təcili Tibbi Yardım avtomobili və ya həkim briqadası olmadan baş hakim oyunu başlaya bilməz). Ev sahibi komanda Təcili Tibbi Yardım avtomobili və ya həkim briqadasının vaxtında meydanda olmasına görə məsuliyyət daşıyır. Oyunun başlama saatından 30 dəqiqə ərzində polis və Təcili Tibbi Yardım avtomobili və ya həkim briqadası ev sahibi komanda tərəfindən təmin edilmədikdə hakim oyunun protokolunu bağlaya bilər.
7.10. Ev sahibi komanda bir gün öncə qonaq komanda tərəfindən müraciət olunduğu halda məşq üçün meydanı təmin etməlidir. Komandalar arasında qarşılıqlı razılaşma olmadığı halda qonaq komanda məşq üçün meydanı bir saatdan artıq müddətə tələb edə bilməz.
7.11. Hər klub və ya komanda əlaqələndirici şəxsi təyin etməli, onun əlaqə telefonunu, elektron poçt ünvanını (e-mail) Liqaların təşkili şöbəsinə təqdim etməlidir.
 
Oyun forması ilə bağlı qaydalar:
 
7.12. Forma seçimində üstünlük ev sahibi komandaya verilir. Komandalar öncədən oyun forması ilə bağlı razılığa gəlməlidirlər.
7.13. Futbolçunun oyun formasının kürəyində və şortunda nömrəsi olmalıdır. Futbolçunun şortunun önündə köynəkdəki nömrəsi ilə eyni nömrə yazılmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında qoruyucular (şitki) olmalıdır.
7.14. İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol formasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən AFFA-nın Liqaların təşkili şöbəsinə məlumat verməlidir.
 
8. Transfer, icarə və sifariş məsələləri
 
8.1. Hər bir futbolçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
8.2. Cari il ərzində heç bir komandada cəlb edilməyən oyunçu istənilən zaman komandaya cəlb oluna bilər. 07.01.2026-cı il tarixindən – 06.02.2026-cı il tarixinədək qış transfer pəncərəsi açıq elan edilir.
8.3. Qış transfer pəncərəsi başa çatdıqdan sonra baş tutacaq oyunların protokulunda adı qeyd edilməyən və oyuna daxil olmayan oyunçu digər komandaya cəlb oluna bilər.
8.4. Futbolçuların statusu və transferi ilə əlaqədar yaranan mübahisələrə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində baxılır.
8.5. Yalnız transfer pəncərəsi dövründə edilən müraciətlərin qərarı cari mövsüm ərzində icra oluna bilər. Transfer pəncərsindən əvvəl və ya sonra edilən məsələlərlə bağlı qərar növbəti mövsümə şamil edilir.
8.6. AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarından bu qərar alındığı gündən 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verilə bilər. Apellyasiya Arbitraj Tribunalının qərarı yekun qərardır.
8.7. Təqdim olunan bütün sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
 
9. Yarışın keçirilmə sistemi
 
9.1. AFFA Gənclər Liqasında 12 komanda iştirak edir.
9.2. AFFA Gənclər Liqası 2 mərhələdən ibarətdir. Birinci mərhələ 2 dövrədən ibarət dairəvi sistemlə keçirilir. Birinci mərhələdə toplanmış xallar ikinci mərhələdə sıfırlanır. İkinci mərhələdə 1-6-cı yeri tutan komandalar A qrupunda, 7-12-ci yeri tutan komandalar isə B qrupunda 2 dövrədən ibarət olmaqla mübarizə aparacaqlar.
9.3. Ölkə çempionu A qrupunun qalibi olan komanda olacaq.
9.4. Mövsümün təqvimi püşkatma yolu ilə tərtib olunur.
9.5. Qaliblərin müəyyən olunması:
Komandaların turnir cədvəlində tutduğu yerlər toplanmış xallara görə müəyyən olunur;
Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir, məğlubiyyətə görə isə xal verilmir.
Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama ardıcıllığı aşağıdakı göstəricilərə görə müəyyən olunur:
- Komandaların öz aralarında keçirdikləri oyunların nəticələri (toplanan xallar);
- Ümumi qazanılan qələbələrin sayı;
- Bütün oyunlarda vurulan və buraxılan topların fərqi;
- Bütün oyunlarda vurulan qolların ümumi sayı;
- Komandaların öz aralarında keçirdikləri oyunlarda top fərqi (səfər qolu nəzərə alınmır);
- Ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı vərəqələr). Burada sarı vərəqə 1 xal, 2 sarı vərəqəyə görə qırmızı vərəqə 2 xal, birbaşa qırmızı vərəqə 3 xal olaraq qiymətləndirilir. Komandaların mövsüm ərzində həm futbolçularının, həm də rəsmi şəxslərinin aldıqları vərəqələr hesablanır. Yekun xalı daha aşağı olan komanda üstünlük qazanır.
9.6. AFFA Gənclər Liqasının oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. İstisna hal kimi digər günlər AFFA-nın Liqaların təşkili şöbəsi tərəfindən təyin oluna bilər. Eyni zamanda hər ay üçün Liqaların təşkili şöbəsi tərəfindən oyunların keçirilməsi üçün ehtiyat gün təyin olunacaq.
9.7. Hər bir klub və ya komandanın əlaqələndirici şəxsi ay ərzində hər hansı turun ilk oyununun başlanmasından ən azı 4 gün öncə oyunun keçirilmə yeri və saat dəyişikliyi ilə bağlı müraciət edə bilər. Müraciətlər yalnız yazılı şəkildə və səbəbi göstərilmək şərti ilə qəbul olunacaq.
Misal: əgər turun ilk oyunu həftənin cümə gününə təyin olunubsa, klub və ya komanda həmin həftənin bazar ertəsindən gec olmayaraq müraciət etməlidir.
9.8. Həftəlik təqvim üzrə keçirilməsi planlaşdırılan görüşlərdən hansısa biri müəyyən səbəblərə görə təxirə düşərsə, həmin görüşlərin keçirilməsi üçün öncədən hər ay bir gün təyin edilir və təxirə salınmış oyunlar mütləq həmin gün keçirilməlidir.
9.9. AFFA Gənclər Liqasında iştirak edən komandalar xarici ölkələrə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqanın təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl AFFA-ya bu barədə yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə AFFA Gənclər Liqasının təqvim oyunları üst-üstə düşdüyü halda oyunların təxirə salınıb-salınmaması ilə bağlı son qərarı AFFA verir.
9.10. Turun ilk oyununun başlamasından 4 gün öncə oyunun keçirilmə yeri və ya saat dəyişikliyi ilə bağlı müraciət AFFA-nın Liqaların təşkili şöbəsinə daxil olmadığı halda aylıq təqvim planında göstərilən tarix, yer və saat dəyişilməz olaraq qalacaq və oyuna 3 gün qalmış rəsmi məktub klub və ya komandanın əlaqələndirici şəxsinin elektron poçtuna (e-mail) göndəriləcək. Oyunun günü və yeri dəyişilməz qaldığı təqdirdə saat dəyişikliyi ilə bağlı müraciət oyuna ən gec 2 gün qalmış edilməlidir.
 
10. Meydan
 
10.1. Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanlarda keçirilir. Klublar ev oyunlarını keçirəcəkləri meydan ilə bağlı təminat məktubunu AFFA-nın Liqaların təşkili şöbəsinə təqdim etməlidirlər. Liqaların təşkili şöbəsi meydanı yoxlamağa ehtiyac gördükdə meydanda inspeksiya aparmaq hüququna malikdir. AFFA icazə verdikdən sonra komanda rəqiblərini həmin meydanda qəbul edə bilər.
10.2. Fors-major hallarda komanda meydanı dəyişmək üçün AFFA-ya müraciət edə bilər.
10.3. Meydanda standartlara uyğun iki qapı olmalıdır.
 
11. Oyunun təşkili
 
11.1. Oyunun təşkili ev sahibi komanda tərəfindən həyata keçirilir. Ev sahibi komanda tərəfindən hakimlər və komandalar üçün isti suyu olan duş, tualet olan otaqlar təmin edilməlidir.
11.2. Təqvimə uyğun olaraq adı birinci yerdə olan komanda ev sahibi hesab edilir.
11.3. Komandalar oyunun başlamasından 60 dəqiqə öncə oyun keçirilən meydana gəlməlidirlər. (Fors – major hallarına rast gəlinərsə, komanda bu haqda təcili AFFA-nın Liqaların təşkili şöbəsinə məlumat verməli və Liqaların təşkili şöbəsi bu halları araşdırıb müvafiq qərar verməlidir.) Təyin olunan vaxtdan sonrakı 30 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə, qarşılaşmanın baş hakimi tərəfindən oyunun protokolu bağlanılır.
11.4. Yalnız 6 rəsmi şəxs və 10 futbolçunun ehtiyat skamyalarında əyləşməsinə icazə verilir.
11.5. Texniki zonada hər hansı tütün məmulatlarından və ya elektron siqaretdən istifadə etmək qəti qadağandır.
11.6. Oyun günü ev sahibi komanda AFFA bayrağının stadionda asılmasını təmin etməlidir.
 
12. Oyun qaydaları
 
12.1. Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir.
• Oyunlar iki hissədən ibarətdir. Hər hissə 45 (qırx beş) dəqiqədir.
• Hissələrarası fasilə isə 15 (on beş) dəqiqədir.
 
13. Oyun zamanı futbolçuların əvəzlənməsi
 
13.1. Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Oyun ərzində hər komanda 5 əvəzetmədən istifadə edə bilər. Əvəzetmə üçün oyun 3 dəfə dayandırıla bilər (hissələrarası fasilədə edilən əvəzetmə bu saya daxil deyil) və əvəzetmə zamanı ehtiyat hakim meydanı tərk edən və meydana daxil olan futbolçuların nömrələrini tabloda göstərməlidir.
13.2. Yalnız ehtiyat futbolçu kimi göstərilən 10 nəfər oyun zamanı meydana daxil ola bilər. Oyun zamanı əvəzlənmiş futbolçu meydana bir daha qayıda bilməz.
13.3. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 10 futbolçu eyni anda edə bilər.
Qeyd: Stadionun vəziyyətindən asılı olaraq, oyunun baş hakimi eyni vaxtda isinmə hərəkətləri edəcək oyunçuların sayını müəyyən etmək hüququna malikdir.
 
14. Oyunun protokolu
 
14.1. 2025/2026-cı illər mövsümündə AFFA Gənclər Liqasında “FCMS - Yarışların İdarəetmə Sistemi” tətbiq olunacaq.
14.2. Oyunun protokoluna 21 (iyirmi bir) futbolçunun (11 əsas, 10 ehtiyat) adı və soyadı yazılır.
14.3. Komandalar oyundan 75 dəqiqə öncə protokol doldurulub FCMS-ə yerləşdirməlidir.
14.4. İlk 11-lik kimi protokolda göstərilən futbolçular oyuna başlayır. Digər 10 futbolçu ehtiyat skamyasında əyləşir. Futbolçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir.
14.5. Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyalarını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
• Lisenziyanın nömrəsi;
• Komandanın adı;
• Şəxsin adı, soyadı, atasının adı;
• Fotoşəkil;
• Təvəllüdü;
14.6. Əgər oyunun protokolu tələb olunan vaxtda FCMS-də yerləşdirilməzsə, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaq.
 
15. Oyun protokolunda futbolçuların adlarının yerdəyişməsi
 
15.1. Hər iki komanda tərəfindən oyun protokolu FCMS-də yerləşdirildikdən sonra futbolçuların məlumatlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
• Əgər ilk 11-likdə göstərilən hər hansı futbolçunun oyundan öncə fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman 10 ehtiyat futbolçudan biri ilk 11-liyə daxil oluna bilər. Bu halda oyun ərzində komandanın 10 əvəzetmə ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır;
• Əgər oyun protokolunda göstərilən 10 ehtiyat futbolçudan hər hansı birinin fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda göstərilməyən, lakin lisenziyası olan komandanın digər bir futbolçusu ilə əvəzlənə bilər;
 
16. Oyunlarda iştirakdan imtina
 
16.1. Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə, AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
16.2. Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə, turnirdən kənarlaşdırılır.
16.3. Liqadan kənarlaşdırılan komanda növbəti mövsüm liqaya buraxılmaya bilər.
 
17. Oyunların təxirə salınması
 
Qonaq komanda və hakimlər səfərə çıxmazdan öncə oyunun təxirə salınması
17.1. Əgər ev sahibi komanda meydanın oyuna yararsız vəziyyətdə olduğunu müəyyən edərsə, hakimlər və qonaq komanda səfərə çıxmadan öncə dərhal AFFA-nın Liqaların təşkili şöbəsini bu barədə məlumatlandırmalıdır.
Bu halda:
• AFFA meydanın vəziyyətini yoxlamaq üçün öz nümayəndəsini göndərə bilər;
• AFFA meydanın vəziyyətini əks etdirən fotoşəkillərin elektron poçt (e-mail) vasitəsilə təqdim olunmasını tələb edə bilər;
Qonaq komanda və hakimlər səfərə çıxdıqdan sonra oyunun təxirə salınması
17.2. Qonaq komanda və hakimlər səfərə çıxdıqdan sonra oyunun təxirə salınması halında oyunun təxirə salınıb-salınmayacağı ilə bağlı qərarı hakimlər müəyyənləşdirəcəklər.
17.3. Əgər baş hakim oyunun keçirilməsi üçün meydançanın yararsız olması ilə bağlı qərar çıxararsa, bu halda 24 saat ərzində AFFA-nın Liqaların təşkili şöbəsi komandalarla razılaşdırdıqdan sonra, oyunun yeni keçirilmə tarixini, saatını və yerini təyin edir. Bu qərar son olaraq dəyişilməz qalır.
17.4. Əgər oyun başladıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, AFFA-nın Liqaların təşkili şöbəsi klublarla və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər. Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcək.
17.5. Təxirə salınmış oyunun yenidən keçirilməsi üçün hər bir komandaya tələb olunan xərclər öz üzərinə düşür. Təxirə düşmüş oyunun yenidən keçirilməsi ilə bağlı günün və məkanın seçilməsində üstünlük ev sahibi komandaya verilir. Əgər komandalar təxirə düşmüş oyunun gününün və məkanının seçilməsi ilə bağlı 7 gün ərzində razılığa gələ bilmirlərsə, Liqaların təşkili şöbəsi tərəfindən bu barədə yekun qərar verilir. Oyunun təyini təxirə düşdüyü gündən etibarən 20 gün ərzində təyin olunur. (İstisna hallar Liqaların təşkili şöbəsi tərəfindən tətbiq oluna bilər.)
17.6. Meydançanın yararsız vəziyyəti ilə bağlı ardıcıl olaraq 2 oyunu təxirə salan komanda 3-cü oyun üçün mütləq meydanı yararlı durumda təmin etməlidir.
 
18. Hakimlik və İnspeksiya
 
18.1. AFFA Gənclər Liqasının oyunlarına AFFA-nın nümayəndəsi və hakim-inspektor nəzarət edir. Nümayəndənin səlahiyyətinə oyunun keçirilməsi və ona nəzarət, hakim-inspektorun səlahiyyətinə isə oyunun hakimlər briqadasının işinə qiymət vermək daxildir.
18.2. Oyunları Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər briqadası idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi AFFA Gənclər Liqasının oyunlarına 4 nəfərdən ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi, 1 ehtiyat hakim).
18.3. Hakimlərin işinə nəzarəti AFFA-nın hakim-inspektorları həyata keçirir.
18.4. Zərurət olduqda hakim-inspektorlar eyni zamanda AFFA nümayəndəsi vəzifəsini yerinə yetirə bilər.
18.5. Hakimlər briqadası oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdır.
18.6. Oyunun baş hakimi oyunun keçirilməsinə cavabdeh olan şəxslərdən tələb etməlidir ki, onlar meydan ilə bağlı olan nöqsanları oyunun başlanmasına kimi aradan qaldırsınlar.
18.7. Protokol oyundan sonra tərtib edilməli və növbəti gün saat 12:00-a kimi FCMS-də öz əksini tapmalıdır.
18.8. Baş hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna cəlb edilmiş futbolçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
18.9. Komandalar tərəfindən nümayəndənin, hakim-inspektorun və hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
19. AFFA intizam qərarları
 
19.1. Bütün qırmızı vərəqələrə İntizam Komitəsi tərəfindən baxılır. Futbolçular barəsində İntizam Komitəsinin qərarları əsasında müvafiq hüquqi tədbirlər görülür. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir. İntizam Komitəsinin qərarları AFFA-nın rəsmi internet səhifəsində (www.affa.az) dərc edilir və cəzalı oyunçuların meydanda olub-olmamasına görə məsuliyyəti komanda daşıyır.
Sarı və qırmızı vərəqələr
19.2. Ötən mövsüm ərzində qırmızı vərəqə almış oyunçunun cəzası növbəti mövsümə şamil olunmur.
İK-in qərarına əsasən aşağıda qeyd olunan istisna hallara görə cəza növbəti mövsümə şamil oluna bilər:
• Ciddi dava-dalaşa görə verilən cəzalar.
• Oyun epizodundan kənarda baş verən xüsusi münaqişələr zamanı verilən cəzalar.
19.3. Bütün sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə məsuliyyəti komanda daşıyır).
19.4. Oyunçu qırmızı vərəqə alıbsa və oyunçu haqqında AFFA-nın İntizam Komitəsində qərar çıxarılmayıbsa, həmin oyunçu növbəti oyunda iştirak etmir.
19.5. Qırmızı vərəqə alan futbolçu AFFA-nın İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxacaq.
19.6. Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan futbolçu növbəti turda iştirak etməyəcəkdir.
19.7. Mərhələdən asılı olmayaraq sarı və qırmızı vərəqələr öz qüvvəsində qalır.
19.8. Baş tutmayan oyundan sonra AFFA İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan futbolçularının cəzaları qüvvədə qalır.
19.9. Baş tutmayan oyundan sonra AFFA İntizam Komitəsi tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan futbolçuları cəza çəkmiş hesab olunur.
 
20. Protestlər
 
20.1. Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməli və və həmin protestin surətini baş hakimə təqdim etməlidir . Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi, yan xətt hakimləri və ya inspektor AFFA-nın Liqaların təşkili şöbəsinə öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 48 saat ərzində AFFA-nın Liqaların təşkili şöbəsinə çatdırılmalıdır.
20.2. Protestlərə aşağıdakı hallarda baxılmır:
• 11 metrlik cərimə zərbələrinin təyin olunması;
• 11 metrlik cərimə zərbələrinin təyin olunmaması;
• Oyundankənar (offside) vəziyyətin müəyyən edilməsi barədə;
• Topun qapı xəttini keçib-keçməməsi barədə.
20.3. İntizam Komitəsinin qərarlarından qərar alındığı gündən 15 (on beş) gün ərzində AFFA Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verilə bilər. Apellyasiya Arbitraj Tribunalının qərarı yekun qərardır.
 
21. Mükafatlandırma
 
21.1. Liqada ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallar və AFFA-nın diplomları ilə təltif olunur.
21.2. Mövsümün sonunda liqanın ən məhsuldar və ən yaxşı futbolçusu seçilir. Onlar da dəyərli hədiyyələrlə mükafatlandırılır.
 
22. Mətbuat
 
22.1. Oyunun işıqlandırılması (video və foto çəkilişin aparılması) üçün mətbuat nümayəndələrinə ev sahibi komanda tərəfindən müvafiq şərait yaradılmalıdır.
22.2. Oyundan sonra müraciət olunduqda hər hansı futbolçu, məşqçi və klub rəsmisindən mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
23. Reklam lövhələri və aksiyaları (promotion)
 
23.1. Meydanda reklam lövhələrinin (3 ədəd) yerləşdirilməsi aşağıdakı sxemdə göstərildiyi kimi olmalıdır. Reklam lövhələrinə cavabdehliyi ev sahibi komanda daşıyır.
23.2. Bannerlər tələb olunan qaydada quraşdırılmadığı halda, ev sahibi klub və ya komanda oyun üçün meydanı təmin etməmiş kimi qəbul olunur və İntizam Komitəsi tərəfindən bu məsələ ilə bağlı müvafiq qərar çıxarılır.
 
 
24. Xüsusi bənd
 
24.1 Azərbaycan Respublikası ərazisində hansısa fors-major halla bağlı xüsusi rejimlər tətbiq olunarsa, bu zaman futboldakı qaydalar da buna uyğunlaşdırılacaq və qaydaların yeni versiyası müvafiq qurumlara, eləcə də AFFA-nın işçi qrupuna rəsmi tənzimləmələr şəklində göndəriləcək.
24.2 Bu Əsasnamə AFFA Gənclər Liqasının 2025/2026 mövsümünü əhatə edir.
24.3 Bu Əsasnamə 1 sentyabr 2025-ci il tarixdən etibarən qüvvəyə minir və 15 iyun 2026-cı il tarixədək qüvvədədir.
24.4 Mövsüm ərzində Əsasnaməyə dəyişikliklər və əlavələr bu Əsasnaməyə əlavə mətnin təsdiqlənməsi yolu ilə aparıla bilər. Dəyişikliklər barədə komanda nümayəndələrinə rəsmi məlumat verilməlidir.
Baş Sponsor