2026/2027-ci illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 14 yaşadək (U-14) qızlardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
Əsasnaməsi
Əsas müddəalar
- Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
2. Məqsəd və vəzifələr
- AFFA U-14 Qızlar Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
- Qadınlar arasında futbolun təbliği və kütləviliyi;
- Qadın oyunçuların ustalıq səviyyəsinin yüksəldilməsi;
- Qadın oyunçuların klublarda hazırlanması və yığma komandalara cəlb olunması;
- Komandaların mövsümün yekununda tutduqları yerin müəyyən edilməsi.
- İştirakçıların müəyyən olunması
3.1 AFFA U-14 Qızlar Liqasında klublara və komandalara iştirak hüququnu AFFA verir.
3.2 AFFA U-14 Qızlar Liqasında bir klub bir ad altında, bir komanda ilə təmsil oluna bilər.
4. Oyunçuların təvəllüdləri və liqalardakı iştirakı
4.1 AFFA U-14 Qızlar Liqasında 2013, 2014 və 2015-ci il təvəllüdlü oyunçular iştirak edə bilər.
4.2 AFFA U-14 Qızlar Liqasında 4 nəfər 2015-ci il təvəllüdlü oyunçu qeydiyyatdan keçirilə, onlardan yalnız 2 nəfəri eyni anda meydanda ola bilər.
4.3 Sifariş vərəqəsində göstərilməyən və müvafiq lisenziya almayan komanda üzvləri oyunlar keçirilən zaman texniki zonaya buraxılmır.
4.4 Eyni klubun AFFA U-12 Liqasında çıxış edən 2015-ci il təvəllüdlü istənilən iki oyunçusu U-14 Liqasında iştirak edə bilər.
5. Qeydiyyat qaydaları, transfer, icarə və sifariş məsələləri
5.1 AFFA-nın rəsmi internet səhifəsində (www.affa.az) “Futbola Qoşul” onlayn qeydiyyat sistemində oyunçu və digər iştirakçıların qeydiyyat qaydaları təqdim edilib.
5.2 Oyunçuların klub tərkibində oynaması üçün onların qeydiyyatı, icarəsi və transferi FCMS sistemi üzərindən sifariş verilməlidir. FCMS üzərindən edilmiş sifarişlər cari liqanın koordinatoru tərəfindən təsdiq edilməlidir.
5.3 Hər bir oyunçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
5.4 Oyunçuların statusu və transferi ilə bağlı olan mübahisələrə AFFA-nın Oyunçuların Statusu və Transferi haqqında Əsasnaməsinə müvafiq olaraq AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin Prosedur Qaydalarında göstərildiyi qaydada baxılır.
5.5 AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarından şikayət vermə qaydası Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinə uyğun olaraq müəyyən olunur.
5.6 Hər oyunçu mövsüm ərzində, müxtəlif vaxtlarda olmaqla, ən çox iki klubda qeydiyyatda ola və həmin klubların heyətində çıxış edə bilər.
5.7 Oyunçuların mövsüm ərzində əlavə sifarişi və transferləri aşağıda göstərilən qaydalar üzrə həyata keçirilməlidir:
a) Klubun əlavə sifariş etmək hüququna məhdudiyyət yoxdur.
b) Transfer pəncərəsi dövründə transferlərin sayına məhdudiyyət yoxdur. Lakin bu, bir oyunçunun transfer edilməsinə məhdudiyyətin qoyulmaması mənasına gəlmir. Transfer müddəti Qadın Futbolu Departamentinin Liqaların təşkili şöbəsi tərəfindən əvvəlcədən rəsmi elan olunur. (Liqada çıxış edən bütün komandalar üçün transfer müddəti eynidir.)
5.8 “Transfer pəncərəsi” dövründə edilən müraciətlərin qərarı cari mövsüm ərzində icra oluna bilər. “Transfer pəncərəsi”ndən əvvəl və ya sonra edilən məsələlərlə bağlı qərar növbəti transfer pəncərəsinə şamil edilir.
5.9 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
6. Klub və ya komanda tərəfindən təqdim olunmuş oyunçuların saxta sənədləri
6.1 Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan aşağıdakı sənədlər saxta olarsa:
Doğum haqqında şəhadətnamə;
Şəxsiyyət vəsiqəsi;
Ümumvətəndaş pasportu;
Tibbi arayış;
Elektron formatda təqdim olunan 3x4 ölçüdə fotoşəkil;
Müqavilə və s.
b) Bir oyunçunun digər oyunçuya məxsus olan elektron lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılması cəhdi və ya iştirakı;
c) Lisenziyasız oyunçunun oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılması cəhdi və ya iştirakı.
Qeyd: Saxtakarlıq edən klub və ya komanda İntizam Komitəsinin müvafiq qərarı ilə cəzalandırılır.
7. İştirakçı komandanın öhdəlikləri
7.1 İştirakçı klublar və ya komandalar bu Əsasnamənin hər bir bəndinə riayət etməlidirlər.
7.2 İştirakçı klublar və ya komandalar FIFA tərəfindən tərtib olunmuş “Fair Play” prinsiplərinə riayət etməlidirlər.
7.3 Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (oyunçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışına görə məsuliyyət daşıyırlar.
7.4 Hər klub və ya komanda əlaqələndirici şəxsi təyin etməlidir və onu tələb olunan qaydada qeydiyyatdan keçirməlidir. Klub anketində əlaqə telefonu, elektron poçtun ünvanı (e-mail) və s. göstərilməlidir.
7.5 Bir klubun məşqçisi digər klubun rəsmi heyətinə daxil edilə bilməz və texniki zonada oyunlarda iştirak edə bilməz. Bu qayda pozularsa, klub müvafiq qaydada cəzalandırılacaq.
7.6 AFFA U-14 Liqasında iştirak edən komandalar ölkə xaricinə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Milli yığma komandanın təlim-məşq toplanışı ilə AFFA U-14 Liqasının təqvim oyunları üst-üstə düşdüyü halda, liqanın oyunları həmin liqada sifariş olunmuş oyunçulardan ən azı 4 nəfəri yığma komandalara ezam olunarsa, təxirə salına bilər.
7.7 Oyunlar AFFA tərəfindən №4 toplar ilə təchiz edilir.
7.8 Regionlarda oyun zamanı stadionun mühafizəsi və həkim briqadası stadion tərəfindən təmin edilir.
Oyun forması ilə bağlı qaydalar
(“FIFA Equipment regulations”-a uyğun olaraq)
7.9 AFFA U-14 Qızlar Liqasının komandalarının formalarının üzərində həmin liqanın şevronu əks oluna bilər.
7.10 AFFA U-14 Qızlar Liqasında iştirak edən yeni komandaların idman geyimləri AFFA tərəfindən verilir (Qeyd: Peşəkar klublara şamil edilmir).
7.11 Forma seçimində üstünlük ev sahibi komandaya verilir. Komandalar öncədən oyun forması ilə bağlı razılığa gəlməlidirlər.
7.12 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
7.13 Oyunçunun oyun formasının kürəyində müvafiq ölçüdə nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında qoruyucular (şitki) olmalıdır.
Qeyd: Oyunçunun oyun formasının kürəyində nömrəsi olmadığı təqdirdə komanda və ya klub ilk halda nəzərdə tutulan yol xərcinin 50%-i miqdarında ödəniş almaq hüququnu itirir. Bu hal təkrarlanacağı təqdirdə ödənişdən imtina 100%-i miqdarına çatdırılır.
7.14 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən Qadın Futbolu Departamentinin Liqaların Təşkili şöbəsinə məlumat verməlidir.
8. Yarışın keçirilmə sistemi
8.1 Yarış seçmə mərhələ və final mərhələsindən ibarətdir.
Seçmə mərhələ
- AFFA U-14 Qızlar Liqasında ümumilikdə 33 komanda iştirak edir. AFFA U-14 Qızlar Liqası 4 regiondan – Paytaxt, Qərb, Mərkəz və Şimal-Qərb regionlarından ibarətdir. İlk mərhələdə bütün regionlarda komandalar öz aralarında 2 dövrədən ibarət olmaqla yarışacaqlar. Hər regiondan ilk 2 yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.
- Komandaların birinci dövrədə topladığı xallar ikinci dövrədə qüvvədə qalır.
- AFFA U-14 Qızlar Liqasında hər bölgə üzrə iştirak edəcək komandaların sayı, oyunların təşkili üçün seçilmiş mərkəz şəhərlər və oyunların keçirilmə sistemi aşağıda göstərilmişdir:
|
Region
|
Keçirilmə yeri
|
Seçmə mərhələ
|
Final mərhələsinə çıxan komandaların sayı
|
|
1-ci
dövrədə
iştirakçıların
sayı
|
2-ci
dövrədə
iştirakçıların
sayı
|
|
Paytaxt regionu
|
Bakı
|
10
|
10
|
2
|
|
Qərb regionu
|
Göygöl
|
8
|
8
|
2
|
|
Mərkəz regionu
|
İsmayıllı
|
7
|
7
|
2
|
|
Şimal-Qərb regionu
|
Zaqatala
|
8
|
8
|
2
|
- Yarışın təqvimi Qadın Futbolu Departamentinin Liqaların təşkili şöbəsi tərəfindən tərtib olunur.
Qaliblərin müəyyən olunması
- Dövrələrdə qaliblərin müəyyən olunması aşağıdakı kimidir:
a) Komandaların turnir cədvəlində tutduğu yerlər toplanmış xallara görə müəyyən olunur.
b) Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir.
c) c. Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama ardıcıllığı aşağıdakı göstəricilərə görə müəyyən olunur:
- Komandaların öz aralarında keçirdikləri oyunların nəticələri (toplanan xallar);
- Ümumi qazanılan qələbələrin sayı;
- Bütün oyunlarda vurulan və buraxılan topların fərqi;
- Bütün oyunlarda vurulan qolların ümumi sayı;
- Komandaların öz aralarında keçirdikləri oyunlarda top fərqi (səfər qolu nəzərə alınmır);
- Ən az rəsmi xəbərdarlıq alan komanda daha üstün hesab edilir. (Sarı və qırmızı vərəqələr), burada sarı vərəqə 1 xal, iki sarı vərəqəyə görə qırmızı vərəqə 2 xal, birbaşa qırmızı vərəqə 3 xal olaraq qiymətləndirilir. Komandaların mövsüm ərzində həm futbolçularının, həm də rəsmi şəxslərinin aldıqları vərəqələr hesablanır. Yekun xalı daha aşağı olan komanda üstünlük əldə edir.
-Əgər yuxarıdakı meyarlardan sonra yenə də komandalar bərabərlikdə davam edərsə, Qadın Futbolu Departamentinin qərarı ilə qalibin müəyyən edilməsi üçün bir oyundan ibarət neytral meydanda iki komanda arasında oyun təşkil edilir.
Final mərhələsi
- Final mərhələsində 8 komanda iştirak edir.
- Final mərhələsi 1/4, 1/2 mərhələlərindən, III yer uğrunda oyundan və final oyunundan ibarətdir.
- Final mərhələsinin 1/4 final cütlükləri püşkatma yolu ilə müəyyən olunur.
- 1/2 final mərhələsində məğlub olan komandalar üçüncü yer uğrunda, qaliblər isə çempionluq uğrunda mübarizə aparır.
- 1/4 və 1/2 mərhələlərindəki oyunlarda ev, səfər sistemi tətbiq olunacaq, III yer və final oyunu isə tək oyundan ibarət olacaqdır. Oyunlar Qadın Futbolu Departamentinin Liqaların təşkili şöbəsinin müəyyənləşdirdiyi mərkəzləşdirilmiş meydanlarda keçiriləcək. Oyunların nəticəsinə əsasən qalib müəyyənləşməzsə, birbaşa penaltilər seriyasında müəyyən edilir. Hər komanda ilkin olaraq 5 zərbə vurmaq hüququna malikdir. Əgər 5 zərbədən sonra qalib müəyyənləşməzsə, penalti zərbələri qalib müəyyənləşənə qədər davam etdirilir.
- Meydan
9.1 Oyun meydanları AFFA-nın müvafiq departamenti tərəfindən baxış keçirildikdən sonra
hazırlanmış hesabat əsasında təsdiq olunmalıdır.
9.2 Oyun meydanının uzunluğu 60-65 metr, eni isə 45-50 metr olan mini meydança seçilməlidir. Penalti nöqtəsindən qapı xəttinə olan məsafə 9 metr təşkil edir. Cərimə meydançası qapı xəttindən 13 metr məsafədə olan paralel olmalıdır. Əgər mini meydança mövcud deyilsə, hər hansı bir stadionun yuxarıda qeyd olunan ölçülərdə və seçilə bilən rənglə (ağ, sarı və s.) oyun meydanı hazırlanmalıdır. Oyun meydanının ölçüləri aşağıdakı cədvəldə əks olunmuşdur.
9.2.1 Oyun meydanında 2 (iki) ədəd 5x2 ölçüdə qapı olmalıdır. Əlavə olaraq qapı torları standartlara uyğun olaraq quraşdırılmalı və torun rəngi ağ olmalıdır. Qapı, qapı torları və No. 4 toplar AFFA tərəfindən təmin edilir.
9.3 Oyun meydanının yaxınlığında minimum 2 ədəd komandalar üçün hər biri 18 nəfərlik paltardəyişmə otağı mövcud olmalıdır.
9.4 Oyun meydanının yaxınlığında hakimlər üçün minimum 1 ədəd paltardəyişmə otağı mövcud olmalıdır.
9.5 Texniki zonada tütün məmulatlarından və elektron siqaretdən istifadə etmək qadağandır.
- Oyunun təşkili
10.1 AFFA U-14 Qızlar Liqasının oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. İstisna hal kimi digər günlər Qadın Futbolu Departamentinin Liqaların Təşkili şöbəsi tərəfindən təyin oluna bilər.
10.2 Liqaların təşkili şöbəsi hər turdan öncə oyunların vaxtı ilə əlaqədar regional nümayəndəliyə və ya komandadakı əlaqələndirici şəxsə məlumat verir. Təqvimə uyğun olaraq adı birinci yerdə olan komanda ev sahibi hesab edilir.
10.3 Hər bir klub və ya komandanın əlaqələndirici şəxsi ay ərzində hər hansı turun ilk oyununun başlanmasından ən azı 4 gün öncə oyunun keçirilmə yeri və saat dəyişikliyi ilə bağlı müraciət edə bilər. Müraciətlər yalnız yazılı şəkildə və səbəbi göstərilmək şərti ilə qəbul olunacaqdır.
10.4 Komandalar oyunun başlanmasından 60 dəqiqə öncə oyun keçirilən meydana gəlməlidirlər. Oyun başlayan vaxta klub və ya komanda meydanda olmazsa, aldığı yol xərcinin 50%-i miqdarında ödənişdən imtina edilir. Təyin olunan vaxtdan sonrakı 30 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə ödənişdən imtina 100%-ə çatdırılır və oyunun protokolu bağlanılır. (Fors-major hallarına rast gəlinərsə, komanda bu haqda təcili Liqaların təşkili şöbəsinə məlumat verməli və Liqaların təşkili şöbəsi bu halları araşdırıb müvafiq qərar verməlidir.)
10.5 Elektron lisenziyalar komandalar tərəfindən çap olunub hakimə təqdim olunmalıdır. Oyundan əvvəl lisenziyalar oyunun hakiminə təqdim edilmədiyi halda hakim oyunu başlamamalıdır.
10.6 AFFA U-14 Qızlar Liqasında peşəkar klublar və Bakı regionu klubları istisna olmaqla bütün komandalar AFFA tərəfindən nəqliyyat xərcləri ilə təmin olunur.
10.7 AFFA U-14 Qızlar Liqasında stadionlar AFFA tərəfindən təyin edilir.
10.8 Təcili tibbi yardım maşını və ya həkim briqadası ev sahibliyi edən stadion tərəfindən təyin edilir və oyundan 15 dəqiqə əvvəl meydançanın ərazisində olmalıdır. Təcili tibbi yardım və ya həkim briqadası olmadan baş hakim oyunu başlaya bilməz.
10.9 Oyunlara ev sahibliyi edən stadion oyun zamanı təhlükəsizliyə görə məsuliyyət daşıyır. Oyuna ən azı 15 dəqiqə qalmış meydanın ərazisini mühafizə ilə təmin etməlidir (Qeyd: Paytaxt zonasında oyunlara ev sahibliyi edən stadionu mühafizə ilə AFFA təmin edir). Mühafizə olmadan baş hakim oyunu başlaya bilməz.
11. Oyun qaydaları
11.1 Bütün oyunlar FIFA oyun qaydalarına əsasən keçirilir:
- Oyunlar iki hissədən ibarətdir. Hər hissə 30 (otuz) dəqiqədir.
- Hissələrarası fasilə isə 10 (on) dəqiqədir.
11.2 Cari liqada oyundankənar vəziyyət (ofsayd) tətbiq edilir.
12. Oyun zamanı oyunçuların əvəzlənməsi
12.1 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş oyunçularla həyata keçirilir. Hər komanda oyun zamanı 5 dəfə saxlamaq şərtilə (hissələrarası fasilədə olan əvəzetmə 5 dəfə saxlanmaya daxil deyil) 9 əvəzetmədən istifadə edə bilər.
12.2 Meydana daxil olmağa hazırlaşan oyunçu baş hakimə lisenziya ilə yaxınlaşmalıdır. Əvəzetmə zamanı baş hakim meydanı tərk edən və meydana daxil olan oyunçuların lisenziyalarını yoxlamalıdır.
12.3 Oyun ərzində ehtiyat oyunçular isinmə hərəkətləri etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 5 oyunçu eyni anda edə bilər.
Qeyd: Stadionun vəziyyətindən asılı olaraq oyunun baş hakimi eyni vaxtda isinmə hərəkətləri edəcək oyunçuların sayını müəyyən etmək hüququna malikdir.
12.4 Oyun zamanı əvəzlənmiş oyunçu meydana bir daha qayıda bilməz.
13. Oyunun protokolu
13.1 2026-27-ci il mövsümündə AFFA U-14 Qızlar Liqasında elektron “FCMS – Yarışların İdarəetmə Sistemi” tətbiq olunacaq.
13.2 Oyun protokoluna 18 oyunçunun (9 əsas, 9 ehtiyat) adı və soyadı yazılır.
13.3 Oyunun başlamasına ən gec 75 dəqiqə qalmış “FCMS – Yarışların İdarəetmə Sistemi”ndə oyunun protokoluna nömrələri göstərilməklə oyunçuların adları, soyadları yazılmalıdır. Protokolda hər hansı bir dəyişiklik olduğu halda, oyunun hakiminə oyun başlayana kimi çap olunmuş protokol oyunçuların elektron lisenziyaları ilə birlikdə təqdim edilməlidir. Komandalar oyunun başlanmasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydana gəlməlidirlər. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir.
13.4 Protokolda oyunçunun adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyasında oturan rəsmi şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır. Elektron protokolun çap olunmuş forması hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır.
13.5 İlk 9-luq kimi protokolda göstərilən oyunçular oyuna başlayır. Oyunçuların futbol formalarında göstərilən nömrələr protokoldakı nömrələrlə uyğun gəlməlidir.
13.6 Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyalarını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
- Ad;
- Soyad;
- Ata adı;
- Təvəllüdü;
- Klubu;
- Fotoşəkil;
- İdman;
- Rol;
- Mövsüm;
- AFFA ID (lisenziyanın nömrəsi).
13.7 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa, bu məsələyə AFFA-nın müvafiq mövsüm üçün təsdiq edilmiş İntizam Məcəlləsi və bu Əsasnaməyə müvafiq olaraq baxılacaqdır.
13.8 Oyunun başlaması üçün hər komandanın əsas heyətində 9 nəfər oyunçu olmalıdır. Əks halda oyun baş tutmamış sayılır, komanda üçün nəzərdə tutulan nəqliyyat xərcinin 100%-i miqdarında ödəniş almaq hüququnu itirir və oyunun protokolu bağlanılır.
13.9 Oyun zamanı zədələnmə və s. kimi hallar baş verərsə, oyunçu dəyişikliyi üçün ehtiyat oyunçu olmazsa, komanda 7 nəfər ilə (2 nəfər azlıqda) oyuna davam edə bilər. 6 nəfər oyunçu ilə oyuna davam edilə bilməz.
14. Oyun protokolunda oyunçu adlarının yer dəyişməsi
14.1 Hər iki komanda tərəfindən oyun protokolu FCMS-də yerləşdirildikdən sonra oyunçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
- Əgər ilk 9-luqda göstərilən hər hansı oyunçunun oyundan öncə fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman 9 ehtiyat oyunçudan biri ilk 9-luğa daxil oluna bilər. Bu halda oyun ərzində komandanın 9 əvəzetmə ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır.
- Əgər oyun protokolunda göstərilən 9 ehtiyat oyunçudan hər hansı birinin fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda göstərilməyən, lakin lisenziyası olan digər bir oyunçu ilə əvəzlənə bilər.
15. Oyunlarda iştirakdan imtina və oyunların dayandırılması
15.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə, AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilə bilər. Bu hal 3 dəfə təkrarlanarsa, komanda İntizam Komitəsinin qərarına əsasən turnirdən kənarlaşdırılır.
15.2 Səbəbindən asılı olmayaraq (yaş limitinin pozulması; yetərsay olmadığı halda; oyuna gəlmədiyi halda və s.) çempionat ərzində 3 texniki məğlubiyyət alan komanda avtomatik turnirdən kənarlaşdırılır.
15.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm liqaya buraxılmaya bilər.
15.4 Əgər oyun başlandıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, Liqaların təşkili şöbəsi klub və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər. Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
16. Hakimlik və inspeksiya
16.1 AFFA U-14 Qızlar Liqasının oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FIFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi AFFA U-14 Qızlar Liqasının oyunlarına 1 nəfərdən ibarət hakim təyin edir.
16.2 Hakim oyunun başlanmasından 60 dəqiqə öncə gəlib meydanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdır.
16.3 Hakim oyunun keçirilməsinə cavabdeh olan şəxslərdən tələb etməlidir ki, onlar meydança ilə bağlı olan nöqsanları oyunun başlanmasına kimi həll etsinlər.
16.4 Protokollar oyun bitdikdən sonra növbəti günü saat 11:00-a qədər FCMS sistemində oyunun baş hakimi tərəfindən işlənməlidir (və yaxud AFFA-nın Liqaların təşkili şöbəsinə elektron poçt vasitəsilə göndərilməlidir).
16.5 Baş hakim oyunun elektron protokoluna adı daxil edilmiş oyunçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş oyunçuların və iştirakçıların çap olunmuş elektron lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
16.6 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
17. AFFA-nın İntizam Komitəsinin qərarları
17.1 Bütün qırmızı vərəqələrə İntizam Komitəsi tərəfindən baxılır. Oyunçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir. İntizam Komitəsinin qərarları affa.az saytında dərc edilir və cəzalı oyunçuların meydanda olub-olmamasına görə məsuliyyəti komanda daşıyır.
17.2. İntizam Komitəsi tərəfindən sanksiyalar AFFA-nın müvafiq mövsüm üçün təsdiq edilmiş İntizam Məcəlləsində və ya bu Əsasnamədə göstərildiyi təqdirdə tətbiq olunur.
Sarı və qırmızı vərəqələr
17.3 Sarı və qırmızı vərəqələrə görə məsuliyyəti komanda və ya klub daşıyır.
17.4 Qırmızı vərəqə alan oyunçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxır.
17.5 Sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
17.6 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan oyunçu növbəti turu buraxmalıdır.
17.7 Liqanın hər hansı mərhələsində alınmış qırmızı vərəqələr öz qüvvəsində qalır.
17.8 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan oyunçularının cəzaları qüvvədə qalır.
17.9 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan oyunçuları cəza çəkmiş hesab olunur.
17.10 Oyunçu qırmızı vərəqə alıbsa və İntizam Komitəsi növbəti oyuna qədər bu barədə qərar çıxarmayıbsa, həmin oyunçu növbəti oyunda iştirak etmir.
17.11 Alınan bütün sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə, məsuliyyəti komanda daşıyır).
17.12 Oyunçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunmur.
18. Protestlər
18.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi AFFA-nın Liqaların təşkili şöbəsinə izahat göndərməlidir. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-nın Liqaların təşkili şöbəsinə çatdırılmalıdır.
- Protestlərə aşağıdakı hallarda baxılmır:
- 9 metrlik cərimə zərbələrinin təyin olunması;
- 9 metrlik cərimə zərbələrinin təyin olunmaması;
- Oyundankənar (ofsayd) vəziyyətin müəyyən edilməsi barədə;
- Topun qapı xəttini keçib-keçməməsi barədə.
18.3 İntizam Komitəsinin qərarlarından şikayət vermə qaydası Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinə uyğun olaraq müəyyən olunur.
19. Mükafatlandırma
19.1 Liqada ilk 3 yeri tutan komandaların oyunçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunur.
19.2 Mövsümün sonunda liqanın ən yaxşı oyunçusu, bombardiri (ən məhsuldar oyunçusu) və ən yaxşı qapıçısı seçilir və mükafatlandırılır.
20. Mətbuat
20.1 Oyundan sonra müraciət olunduqda hər hansı oyunçudan, məşqçidən və klub rəsmisindən mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
21. Stadion və iştirakçı komandaların təminatı
21.1 Mövsüm ərzində AFFA tərəfindən stadionlar aşağıdakı bəndlər üzrə təmin olunur:
- Top №4 (təsdiq edilmiş sayda);
- Qapı toru;
- Oyun gödəkçələri (jilet).
- 21.2 Mövsüm ərzində AFFA tərəfindən müəyyən olunmuş komandalar aşağıdakı bəndlər üzrə təmin olunur (Qeyd: Peşəkar klublara şamil edilmir):
- Top №4 (təsdiq edilmiş sayda);
b. Oyun formaları.
22. Reklam lövhələri və aksiyaları
22.1 Meydanda tələb olunarsa, reklam lövhələri yerləşdirilməlidir.
23. Tutulmalar
23.1 AFFA tərəfindən komandalara oyunlar üçün nəqliyyat vasitələri və ya nəqliyyat xərcləri və komanda məşqçiləri üçün xidmət haqqı təyin olunur (peşəkar komandalar istisna olmaq şərtilə). Komandaların oyuna gəlməməsi, yaş limitinin pozulması, yetərsayın olmaması və bir sıra digər səbəblərdən oyunlar baş tutmadığı təqdirdə nəqliyyat xərcləri ilə bağlı ödənişdən tam və ya qismən imtina oluna bilər.
- Səbəbindən asılı olmayaraq (yaş limitinin pozulması; yetərsay olmadığı halda; oyuna gəlmədiyi halda və s.) texniki məğlubiyyət alan komanda nəqliyyat xərcinin 100%-i miqdarında ödəniş almaq hüququnu itirir;
- Oyuna gecikmə halı baş verərsə (təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə və ya ev sahibi komanda oyunun vaxtında başlamasına şərait yarada bilməzsə və s.), komanda nəqliyyat xərcinin 100%-i miqdarında ödəniş almaq hüququnu itirir;
- Oyunçunun oyun forması qaydasında olmadığı təqdirdə (formasının kürəyində nömrəsinin olmaması; futbol corablarının altında qoruyucuların (şitki) olmaması və s. hallarda) komanda məşqçisinin nəqliyyat xərcinin ilk halda 30%-nin, bu hal ikinci dəfə təkrarlanarsa, 50%-nin ödənilməsindən imtina ediləcək. Bu hal 3-cü dəfə təkrarlandığı təqdirdə həmin qaydaları pozan komanda çempionatdan kənarlaşdırılacaq.
24. Yekun müddəalar
24.1. Bu Əsasnamə FIFA, UEFA və AFFA-nın nizamnamələrinə və digər sənədlərinə uyğun şəkildə hazırlanmışdır.
24.2. Bu Əsasnamə imzalandığı tarixdən qüvvəyə minir və 2026/2027-ci il mövsümü üzrə qüvvədə olacaqdır.
24.3. Əsasnaməyə dəyişikliklər və əlavələr yalnız AFFA-nın baş katibi tərəfindən edilə bilər.
24.4. Bu Əsasnamə ilə FIFA, UEFA-nın müvafiq oyun qaydaları, tövsiyələri və bununla bağlı digər sənədlər arasında əhəmiyyətli ziddiyyət olduqda FIFA və UEFA tərəfindən qəbul edilmiş sənədlər üstün qüvvəyə malikdir.