az en
Əsasnamə Təqvim Cədvəl
2024/2025-ci illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən  16 yaşadək  (U-16) oğlan futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
 
Əsasnaməsi
 
1. Əsas müddəalar
1.1. Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
2.1. AFFA U-16 Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
•Turnirin qalibini müəyyən etmək;
•Uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi;
•Uşaq və yeniyetmə futbolçuların ustalığının yüksəldilməsi;
•Uşaq və yeniyetmə fubolçuların klublarda hazırlanması və milli komandalara cəlb olunması;
•Komandaların mövsümün yekununda tutduqları yerlərin müəyyən edilməsi;
 
3. Yarışlara rəhbərlik
3.1. AFFA U-16 Liqasının keçirilməsini və nəzarəti AFFA həyata keçirir.
3.2. Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin (UGYTŞ) nümayəndəsi oyunlarda AFFA nümayəndəsi qismində iştirak edə bilər.
 
4. İştirakçıların müəyyən olunması
4.1. AFFA U-16 Liqasında klublara və komandalara iştirak hüququnu AFFA verir.
4.2. AFFA U-16 Liqasında bir klub yalnız bir ad altında və bir komanda ilə təmsil oluna bilər.
4.3. AFFA U-16 Liqasında cari mövsümdə Premyer Liqada iştirak edən klubların müvafiq yaş qrupundan ibarət komandasının iştirakı mütləqdir.
4.4. Premyer Liqa, I Liqa, II Liqa və Region Liqasında iştirak edən klubların müvafiq yaş qrupundan ibarət komandalar AFFA U-16 Liqasında iştirakla bağlı müraciət edə bilər. Aşağı yaş qrupları üzrə liqalarda (U-9  – U-14 olmaq şərti ilə) son 2 mövsüm ardıcıl iştirak etmiş digər komandalar U-16 liqasında iştirakla bağlı müraciət edə bilər.
 
5. Futbolçuların təvəllüdləri və liqalardakı iştirakı
5.1. Liqada yaşı 16-dək olan futbolçular iştirak edə bilər (doğum tarixi 01.01.2009-cu ildən başlayanlar).
5.2. 2024/2025-ci illər mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun və ya komandanın tərkibində sifariş olunmuş futbolçu mövcud lisenziyanı təqdim etdikdə, digər liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
5.3. Futbolçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunmur.
5.4. AFFA U-16 Liqasında hər komanda oyun zamanı meydanda Azərbaycan vətəndaşı olmayan maksimum 2 futbolçu ilə çıxış edə bilər (Əvəzetmə zamanı limit pozulmamalıdır).
5.5. Hər futbolçu mövsüm ərzində ən çox iki klubda çıxış edə bilər.
5.6. Sifariş vərəqəsində göstərilməyən və müvafiq lisenziya almayan komanda üzvləri oyunlar keçirilən zaman texniki zonaya buraxılmır.
 
6. Klublar və ya komandalar üçün qeydiyyat qaydaları
6.1 AFFA-nın rəsmi veb-saytında (www.affa.az) “Futbola Qoşul” onlayn qeydiyyat sistemində futbolçu və digər iştirakçıların qeydiyyat qaydaları təqdim edilib.
6.2 Qeydiyyat qaydalarında tələb olunan sənədlərə bilərəkdən həqiqi olmayan məlumatı daxil etmək qadağandır və müvafiq sanksiyaların tətbiqinə səbəb ola bilər..
6.3 Yuxarıda göstərilən hallar aşkarlanarsa, İntizam Komitəsi tərəfindən cəzalar tətbiq olunacaqdır.
 
7. İştirakçı komandanın öhdəlikləri
7.1. İştirakçı klublar və ya komandalar bu əsasnamənin hər bir bəndinə riayət etməlidirlər.
7.2. İştirakçı klublar və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
7.3. İştirakçı klublar və komandalar oyuna gələn zaman lisenziyaları rəngli çap edib oyuna gətirməlidirlər (A4 formatında).
7.4. Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər, valideynlər və s.) davranışlarına görə məsuliyyət daşıyırlar.
7.5. Ev sahibi komanda oyun zamanı stadionda təhlükəsizliyə məsuliyyət daşıyır.
7.6 Ev sahibi komanda qonaq komandanı oyun zamanı video və foto çəkiliş apara bilməsi üçün lazımi şərait yaratmalıdır.
7.7 Ev sahibi komanda region komandası (Bakı şəhərindən kənar rayondan gələn komanda) üçün oyun vaxtı təyin edərkən saat 13:00-17:00 radələrini seçməlidir. Komandalar qarşılıqlı razılıq əldə edərsə oyun fərqli saatda təyin edilə bilər.
7.8. Ev sahibi komanda oyunu 6 (altı) ədəd №5  top ilə təhciz etməlidir.
7.9. Ev sahibi komanda hakimlər və rəqib komandanı soyunub-geyinmə otağı ilə təmin etməlidir.
7.10. Təcili Tibbi Yardım avtomobili və ya həkim briqadası oyuna 15 dəqiqə qalmış meydançanın ərazisində olmalıdır (Təcili Tibbi Yardım avtomobili və ya həkim briqadası olmadan baş hakim oyunu başlaya bilməz).
7.11. Ev sahibi komanda bir neçə gün öncə digər şəhərdən gələn qonaq komanda tərəfindən müraciət olunduğu halda məşq üçün meydançanı təmin etməlidir. Komandalar arasında qarşılıqlı razılıq olmadığı halda qonaq komanda gündəlik bir saatdan artıq məşq üçün meydança tələb edə bilməz.
7.12. Hər klub və ya komanda əlaqələndirici şəxsi təyin etməlidir, əlaqə telefonu, elektron poçtun ünvanı (e-mail) UGYTŞ-yə təqdim etməlidir.
 
Oyun forması ilə bağlı qaydalar:
7.13. Forma seçimində üstünlük ev sahibi komandaya verilir. Komandalar öncədən oyun forması ilə bağlı razılığa gəlməlidirlər.
7.14. Futbolçunun idman köynəyində və şortunda nömrəsi olmalıdır. Futbolçunun  şortunun önündə köynəkdəki nömrəsi ilə eyni nömrə yazılmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında qoruyucular (şitki) olmalıdır.
7.15. İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol formasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən UGYTŞ-yə məlumat verməlidir.
 
8. Transfer, icarə və sifariş məsələləri
8.1 Hər bir futbolçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
8.2 Cari il ərzində heç bir komandada sifariş edilməyən oyunçu istənilən zaman komandaya cəlb oluna bilər. 06.01.2025-ci il tarixindən – 31.01.2025-ci il tarixinədək qış transfer pəncərəsi açıq elan edilir.
8.3 Qış transfer pəncərəsi başa çatdıqdan sonra oyun protokulunda adı qeyd edilməyən oyunçu digər komandaya cəlb oluna bilər.
8.4 Bütün təqdim olunan sənədlərə görə klub və  (və ya) baş məşqçi məsuliyyət daşıyır.
8.5 Futbolçuların statusu və transferi ilə əlaqədar yaranan mübahisələrə AFFA Oyunçuların Statusu və Transferi Komitəsində baxılır.
8.6 Yalnız transfer pəncərəsi dövründə və transfer pəncərəsindən əvvəl edilən müraciətlərin qərarı cari mövsüm ərzində icra oluna bilər. Transfer pəncərsindən əvvəl və ya sonra edilən məsələlərə bağlı qərar növbəti mövsümə şamil edilir.
8.7 AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarından bu qərar alındığı gündən 15 (on beş) gün ərzində AFFA Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verilə bilər. Apellyasiya Arbitraj Tribunalının qərarı yekun qərardır.
 
9. Yarışın keçirilmə sistemi
9.1. AFFA U-16 Liqasında 15 (on beş) komanda çıxış edir. Komandalar A qrupu (15 komanda) və Naxçıvan Muxtar Respublikası üzrə B qrupu olmaqla iki qrupa bölünür.
9.2 Birinci mərhələ A qrupu 2 (iki) və B qrupu 2 (iki) dövrədən ibarət olmaqla dairəvi sistemlə keçirilir.
9.3 B qrupu üzrə komandaların bölgüsü Naxçıvan Muxtar Respublikası üzrə iştirak edən komandalardan formalaşdırılır.
9.4 A qrupu üzrə ilk 7 yeri tutan komandalar və B qrupu üzrə 1-ci yerin sahibi final mərhələsində pley-off (ev-səfər) sistemi ilə yenidən qarşılaşır. 1-4 yerləri tutan komandalar püşkatmada 1-ci səbətdə, 5-7-ci yerlər və B qrupunun qalibi 2-ci səbətdə yer alacaq.
9.5. Mövsümün təqvimi püşkatma yolu ilə tərtib olunur.
9.3. Qaliblərin müəyyən olunması:
• Komandaların turnir cədvəlində tutduğu yerlər toplanmış xallara görə
müəyyən olunur;
• Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə
görə isə xal verilmir;
Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı
göstəricilərə görə müəyyən olunur:
• Komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə əsasən;
• Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış
qolların sayına əsasən;
• Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;
• Bütün oyunlarda vurulmuş qolların sayına əsasən;
• Komandaların qələbə saylarına əsasən;
• Ən az qırmızı və sarı vərəqələrə görə toplanmış xalların fərqinə əsasən (sarı vərəqə 1 xal, qırmızı vərəqə 3 xal);
9.4. AFFA U-16 Liqasının oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. İstisna hal kimi digər günlər UGYTŞ tərəfindən təyin oluna bilər.
9.5. Hər bir klub və ya komandanın əlaqələndirici şəxsi ay ərzində hər hansı turun ilk oyununun başlanmasından ən azı 4 gün öncə oyunun keçirilmə yeri və saat dəyişikliyi ilə bağlı müraciət edə bilər. Müraciətlər yalnız yazılı şəkildə və səbəbi göstərilmək şərti ilə qəbul olunacaqdır.
Misal: əgər turun ilk oyunu həftənin cümə gününə təyin olunubsa, klub və ya komanda həmin həftənin bazar ertəsindən gec olmayaraq müraciət etməlidir.
9.6. AFFA U-16 Liqasında iştirak edən komandalar xarici ölkələrə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqanın təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə AFFA U-16 Liqasının təqvim oyunları üst-üstə düşdüyü halda oyunların təxirə salınıb-salınmaması ilə bağlı son qərarı AFFA verir.
9.7. Turun ilk oyununun başlamasından 4 gün öncə oyunun keçirilmə yeri və ya saat dəyişikliyi ilə bağlı müraciət UGYTŞ-yə daxil olmadığı halda aylıq təqvim planında göstərilən tarix, yer və saat dəyişilməz olaraq qalacaqdır və oyuna 3 gün qalmış rəsmi məktub klub və ya komandanın əlaqələndirici şəxsinin elektron poçtuna (e-mail) göndəriləcəkdir. Oyunun günü və yeri dəyişilməz qaldığı təqdirdə saat dəyişikliyi ilə bağlı müraciət oyuna ən gec 2 gün qalmış edilməlidir.
 
10. Meydan
10.1. Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanlarda keçirilir. Klublar ev oyunlarını keçirəcəkləri meydan ilə bağlı təminat məktubunu UGYTŞ-yə təqdim etməlidirlər. UGYTŞ meydanı yoxlamağa ehtiyac gördükdə meydanda inspeksiya aparmaq hüququna malikdir. AFFA icazə verdikdən sonra komanda rəqiblərini həmin meydanda qəbul edə bilər. Bir meydandan maksimum 3 komandanın istifadə etmək hüququ var. Meydan ilə müqaviləni təqdim edən ilk 3 komandanın meydandan istifadəsinə icazə veriləcəkdir. 4-cü komandanın sənədləri qəbul olunmayacaqdır.
10.2. Fors-major hallarda komanda meydanı dəyişmək üçün AFFA-ya müraciət edə bilər.
10.3. Meydanda standartlara uyğun iki qapı olmalıdır.
 
11. Oyunun təşkili
11.1. Oyunun təşkili ev sahibi komanda tərəfindən həyata keçirilir. Ev sahibi komanda tərəfindən hakimlər və komandalar üçün isti suyu olan duş, tualet olan otaqlar təmin edilməlidir.
11.2. Təqvimə uyğun olaraq adı birinci yerdə olan komanda ev sahibi hesab edilir.
11.3. Komandalar oyunun başlamasından 60 dəqiqə öncə oyun keçirilən meydana gəlməlidirlər. (Fors – major hallarına rast gəlinərsə, komanda bu haqda dərhal UGYTŞ-yə məlumat verməli və UGYTŞ bu halları araşdırıb müvafiq qərar verməlidir. Təyin olunan vaxtdan sonrakı 30 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə, qarşılaşmanın baş hakimi tərəfindən oyunun protokolu bağlanılır.
11.4. Ev sahibi komandanın 6 rəsmi şəxsindən biri mütləq həkim olmalıdır.
11.5. Texniki zonada tütün məmulatlarından və elektron siqaretdən istifadə etmək qadağandır.
11.7. Komandalar oyunun başlanmasından 75 dəqiqə öncə protokola nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı və futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar hakimlərə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır.
11.8. Oyun günü ev sahibi komanda AFFA bayrağının stadionda asılmasını təmin etməlidir.
 
12. Oyun qaydaları
12.1. Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir.
• Oyunlar iki hissədən ibarətdir. Hər hissə 45 (qırx beş) dəqiqədir.
• Hissələrarası fasilə isə 15 (on beş) dəqiqədir.
 
13. Oyun zamanı futbolçuların əvəzlənməsi
13.1. Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Oyun ərzində hər komanda 7 əvəzetmədən istifadə edə bilər.
13.2. Yalnız ehtiyat futbolçu kimi göstərilən 10 nəfərdən oyun zamanı meydana daxil ola bilər. Oyun zamanı əvəzlənmiş futbolçu meydana bir daha qayıda bilməz.
13.3. Meydana daxil olmağa hazırlaşan futbolçu birinci yan xətt hakiminə lisenziya ilə yaxınlaşmalıdır.
13.4. Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətləri etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 10 futbolçu eyni anda edə bilər.
Qeyd: Stadionun vəziyyətindən asılı olaraq oyunun baş hakimi eyni vaxtda isinmə hərəkətləri edəcək oyunçuların sayını müəyyən etmək hüququna malikdir.
 
14. Oyunun protokolu
14.1. 2024/2025-ci illər mövsümündə AFFA U-16 Liqasında “FCMS - Yarışların İdarəetmə Sistemi” tətbiq olunacaq.
14.2. Oyunun protokoluna 21 (iyirmi bir) futbolçunun (11 əsas, 10 ehtiyat) adı və soyadı yazılır.
14.3. Komandalar oyundan 75 dəqiqə öncə protokol doldurulub FCMS-ə yerləşdirməlidir.
14.4. FCMS-da baş verə biləcək problemlərin olması ehtimalını nəzərə alaraq, klublar  hər oyun protokolun kağız versiyasını stadiona gətirməlidir.
14.5. Protokoldakı futbolçunun adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır.
14.6. İlk 11-lik kimi protokolda göstərilən futbolçular oyuna başlayır. Digər 10 futbolçu ehtiyat skamyasında əyləşir. Futbolçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir.
14.7. Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyalarını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
• Lisenziyanın nömrəsi;
• Komandanın adı;
• Şəxsin adı, soyadı, atasının adı;
• Fotoşəkil;
• Təvəllüdü;
14.9. Əgər oyunun protokolu tələb olunan vaxtda FCMS-da yerləşdirilməzsə, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
 
15. Oyun protokolunda futbolçuların adlarının yerdəyişməsi
15.1. Hər iki komanda tərəfindən oyun protokolu FCMS-da yerləşdirildikdən sonra  futbolçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
• Əgər ilk 11-likdə göstərilən hər hansı futbolçunun oyundan öncə fiziki
durumu ilə bağlı problem aşkarlanarsa, o zaman 10 ehtiyat futbolçudan biri
ilk 11-liyə daxil edilə bilər. Bu halda oyun ərzində komandanın 10 əvəzetmə
ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır;
• Əgər oyun protokolunda göstərilən 10 ehtiyat futbolçudan hər hansı birinin
fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda
göstərilməyən, lakin lisenziyası olan digər bir futbolçu ilə əvəzlənə bilər;
 
16. Oyunlarda iştirakdan imtina
16.1. Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə, məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən hüquqi qiymət verilir.
16.2. Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə, AFFA tərəfindən müvafiq qaydada turnirdən kənarlaşdırılır.
16.3. Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm liqaya buraxılmaya bilər.
 
17. Oyunların təxirə salınması
Qonaq komanda və hakimlər səfərə çıxmazdan öncə oyunun təxirə salınması
17.1. Əgər ev sahibi komanda meydanın oyuna yararsız vəziyyətdə olduğunu müəyyən edərsə, hakimlər və qonaq komanda səfərə çıxmadan öncə dərhal UGYTŞ-ni  məlumatlandırmalıdır.
Bu halda:
• AFFA meydanın vəziyyətini yoxlamaq üçün öz nümayəndəsini göndərə bilər;
• AFFA meydanın vəziyyətini əks etdirən fotoşəkillərin elektron poçt (e-mail) vasitəsilə təqdim olunmasını tələb edə bilər;
Qonaq komanda və hakimlər səfərə çıxdıqdan sonra oyunun təxirə salınması
17.2. Bu halda oyunun təxirə salınıb-salınmayacağı ilə bağlı qərarı hakimlər müəyyənləşdirəcəklər.
17.3. Əgər baş hakim oyunun keçirilməsi üçün meydançanın yararsız olması ilə bağlı qərar çıxararsa, bu halda 24 saat ərzində UGYTŞ komandalarla razılaşdırdıqdan sonra, oyunun yeni keçirilmə tarixini, saatını və yerini təyin edir. Bu qərar son olaraq dəyişilməz qalır.
17.4. Əgər oyun başladıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, UGYTŞ klublarla və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər. Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
17.5. Təxirə salınmış oyunun yenidən keçirilməsi üçün hər bir komandaya tələb olunan xərclər öz üzərinə düşür. Təxirə düşmüş oyunun yenidən keçirilməsi ilə bağlı günün və məkanın seçilməsində üstünlük ev sahibi komandaya verilir. Əgər komandalar arasında 7 gün ərzində təxirə düşmüş oyunun gününün və məkanının seçilməsi ilə bağlı razılığa gələ bilmirlərsə UGYTŞ tərəfindən bu barədə yekun qərar verilə bilər. Oyunun təyini təxirə düşdüyü gündən etibarən 20 gün ərzində təyin olunur. (İstisna hallar UGYTŞ tərəfindən tətbiq oluna bilər.)
17.6. Meydançanın yararsız vəziyyəti ilə bağlı ardıcıl olaraq 2 oyunu təxirə salan komanda 3-cü oyun üçün mütləq meydanı təmin etməlidir.
17.7. Aşağıda göstərilən hallarda klub və ya komanda oyunun təxirə salınması ilə bağlı müraciət edə bilər:
• Meydan yararsız vəziyyətdə olduğu halda;
• Həmin liqada sifariş olunmuş futbolçulardan ən azı 5 nəfəri milli komandalara ezam olunduğu halda.
 
18. Hakimlik və İnspeksiya
18.1. AFFA U-16 Liqasının oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FİFA və İFAB qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi AFFA U-15 Liqanın oyunlarına 3 nəfərdən ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi) .
18.2. AFFA  U-16 Liqasında hakimlər eyni zamanda AFFA nümayəndəsi vəzifəsini yerinə yetirirlər.
18.3. Hakimlər briqadası oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydançanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdırlar.
18.4. Hakim oyunun keçirilməsinə cavabdeh olan şəxslərdən tələb etməlidir ki, onlar meydança ilə bağlı olan nöqsanları oyunun başlamasına kimi həll etsin.
18.5. Protokollar oyundan sonra tərtib edilməli və növbəti gün saat 12:00-a qədər FCMS-da yerləşdirilməlidir.
18.6. Baş hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş futbolçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
18.7. Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
19. AFFA intizam qərarları
19.1 Bütün intizam məsələlərinə səlahiyyətinə aid olduğu təqdirdə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılır. Futbolçular, futbolçular və digər şəxslər İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi (səlahiyyətinə aid olduğu təqdirdə) qəbul edir. İntizam Komitəsinin qərarları AFFA-nın rəsmi veb-saytında (www.affa.az) dərc edilir və cəzalı oyunçuların meydanda olub-olmamasına görə məsuliyyəti komanda daşıyır.
Sarı və qırmızı vərəqələr;
19.2. Ötən mövsüm ərzində qırmızı vərəqə almış oyunçunun cəzası növbəti mövsümə şamil olunmur, ciddi intizam pozuntularına görə verilən cəzalar istisna təşkil edir. Bu halda intizam pozuntusunun ciddilik dərəcəsi AFFA-nın İntizam Komitəsi tərəfindən müəyyən edilir.
19.3. Bütün sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə məsuliyyəti komanda daşıyır).
19.4. Oyunçu qırmızı vərəqə alıbsa və oyunçu haqqında İntizam Komitəsində qərar çıxarılmayıbsa, həmin oyunçu növbəti oyunu buraxır.
19.5. Qırmızı vərəqə alan futbolçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxacaqdır.
19.6. Cari mövsüm ərzində mərhələdən və bu halın ardıcıl baş verib-verməməsindən asılı olmayaraq dörd sarı vərəqə alan futbolçu növbəti turu buraxmalıdır.
19.7. Sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
19.8. Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət və ya texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan futbolçuları cəzalarını həmin oyuna münasibətdə çəkmiş ödəmiş hesab olunur.
 
20. Protestlər
20.1. Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi və ya yan xətt hakimləri AFFA-nın UGYTŞ-yə öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 48 saat ərzində AFFA-nın UGYTŞ-yə çatdırılmalıdır.
20.2. Protestlərə aşağıdakı hallarda baxılmır:
• 11 metrlik cərimə zərbələrinin təyin olunması;
• 11 metrlik cərimə zərbələrinin təyin olunmaması;
• Oyundankənar (offside) vəziyyətin müəyyən edilməsi barədə;
• Topun qapıdan keçib-keçməməsi barədə;
 
21. Mükafatlandırma
21.1. Liqada ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunacaq.
21.2. Mövsümün sonunda liqanın bombardiri (ən məhsuldar oyunçusu) və ən yaxşı futbolçusu seçiləcək və onlar da dəyərli hədiyyələrlə mükafatlandırılacaq.
 
22. Mətbuat
22.1. Oyunun mətbuatda işıqlandırılması (video və foto çəkilişin aparılması) üçün mətbuat nümayəndələrinə ev sahibi komanda tərəfindən müvafiq şərait yaradılmalıdır.
22.2. Oyundan sonra müraciət olunduqda hər hansı futbolçu, məşqçi və klub rəsmisindən  mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
23. Reklam lövhələri və aksiyaları (promotion)
23.1 Meydanda reklam lövhələrinin (6 ədəd) yerləşdirilməsi aşağıdakı sxemdə göstərildiyi kimi olmalıdır. Reklam lövhələrinə cavabdehliyi ev sahibi komanda daşıyır.
23.2 Banerlər tələb olunan qaydada quraşdırılmadığı halda, klub və ya komanda oyun üçün meydanı təmin etməmiş kimi qəbul olunur və İntizam Komitəsi tərəfindən müvafiq qərar çıxarılır.
Baş Sponsor