Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov noyabrın 16-da Enkam şəhərində Andorra yığmasına qarşı keçirilən yoldaşlıq oyunundan sonra mətbuat konfransında iştirak edib.
“İlk növbədə, qələbə qazanmaq istəyirdik. Yoldaşlıq oyunu olsa da, bu matç Emin üçün milli komandada son oyun idi. İstəyirdik ki, Emin son oyununda yaxşı çıxış etsin, milli komandadakı karyerasını qələbə ilə başa vursun və onu layiqincə yola salaq. Sevindirici məqamlar çox oldu. Xüsusilə gənc futbolçuların çıxışına görə çox sevindim. Onlar milli komandada özlərini yaxşı tərəfdən göstərə bildilər.
Bu gün üç qol vurduq, qol ola biləcək yaxşı epizodlarımız da oldu. Dediyim kimi, oyundan-oyuna istədiyimiz futbola daha da yaxınlaşırıq. Bununla belə, daha yaxşı çıxış edə bilərik. Bu ili ümumiləşdirsək, cəmi bir məğlubiyyətimizin olması müsbət məqamdır. Qrup mərhələsində isə yalnız bir qol buraxmışdıq ki, o da penaltidən idi. Komanda olaraq bu məqamlar üzərində işləməliyik ki, gələcəkdə daha güclü rəqiblərlə qarşılaşanda hazır olaq.
Ümumiyyətlə, hər kəsə təşəkkürümü bildirdim. Oyunun sonlarında Xaybullayev zədələndi və əvəzetmə limitimiz bitdiyindən meydanda 10 nəfərlə qalmaq ehtimalımız var idi. Buna baxmayaraq, o, israrla oyuna davam etmək istədi. Belə məqamlar məni sevindirir. Komandamızda xarakterli futbolçuların sayı getdikcə artır”.